İki güclü adamın xüsusi rolu ilə…
Bütün ölkənin diqqətini özünə toplayan seçki debatları bitdi. Amma Cəmil Həsənli elə böyük iş gördü ki, nəticə seçki təbliğatını da aşır! Cəmil müəllim rejimin uzun illər ərzində böyük repressiyalar və xərclər hesabına qurduğu tərif və monoloq mühitini 6 dəqiqəlik çıxışlarla bitirmiş oldu. Onun çıxışlarının hamısı cəmi bir saat etdimi, bilmirəm, nəticə isə möhtəşəmdir!
Dünən həmin debatlar bitdisə də, lakin hakimiyyətin ölkədə yaratdığı monoloq inhisarı elə sındırıldı və ölkə bu hakimiyyət haqda elə şeylər eşitdi ki, bundan sonra xalqın debatı başlayacaq. Xalq ilk dəfə Əli Əhmədovu məğlub və özünə yaltaqlanan gördü. Xalq Siyavuş Novruzovun dilinin necə dolaşdığının şahidi oldu. Xalq həm də onu gördü ki, onun xısın-xısın danışdıqlarını TV-dən tam çılpaqlığı ilə deyən bir kişi var.
Əgər bu hakimiyyət 9 oktyabrda da seçkini saxtalaşdırıb, üçüncü dəfə Ilham Əliyevin prezidentliyini saxlasa, vəziyyət onların gözlədiyindən də pis olacaq. Bundan sonra hər əzilən deyəcək: Düz deyirdi o kişi, siz elə busunuz! Bundan sonra haqqı tapdanan, əzilən, dolana bilməyən, məhkəmədə və polisdə qanunsuzluq görən, xəstəxanada üzülən, məktəbdən məyus olan hər kəs Cəmil Həsənli kimi yapışacaq bunların xirtdəyindən. Hamısı da “o kişi düz deyirdi” söyləyəcək!
Cəmil müəllim həm qorxunu sındırdı, həm də psixoloji üstünlüyü xalqa tərəf keçirdi. Həm hakimiyyətin mənəvi maskasını yırtdı, həm də silah gücündə olan sitatlar verdi xalqa. Sərt, aydın və həm də təhkiyə gücü olan sitatlar.
Bundan sonra narazı qalan hər kəs deyəcək: üçüncü dəfə prezidentliyi tutmaqla, xalqa bunlarımı edir Ilham Əliyev?!
Bundan sonra hər kəs deyəcək: Hafiz kimisini efirdən danışdırmaqla deyil, siz gerçək əməlinizdən danışın!
Bundan sonra xalq Cəmil müəllimin dediklərini hayqırıb, “utanın” deyəcək!
Əgər seçki saxtalaşdırılacaqsa, hakimiyyət qəsb ediləcəksə belə, xalqın debatı davam edəcək! Çünki haqların pozulması, korrupsiya, ağalıq, talan və yalan davam edəcək. Bu halda da həmişə Cəmil Həsənli və onun dedikləri yada düşəcək və səslənəcək! Üstəlik, demokratik qüvvələrin güclənən mübarizəsi bu prosesi daha da dinamik edəcək.
Bunu çox böyük və itirilməyən uğur saymaq olar. Təbii ki, burada Cəmil müəllimin əvəzsiz xidməti ilə yanaşı, başqa bir adamın əvəzsiz xidmətini də yada salmaya bilmirəm. O, araşdırmaçı jurnalist Xədicə Ismayıldır. Məhz onun vaxtilə başladığı araşdırmalar yalançını mənzildə, oğrunu iş başında tutmağa imkan verdi. Çıxışları əsaslarla və mənəvi üstünlüklə qurmağa imkan verdi.
Hər iki güclü adamın rolunu deyərkən, təbii ki, mən başqa siyasətçilərin, partiyaların, sadə mübariz insanların, gənclərin, internet istifadəçilərinin, çox sayda möhtəşəm jurnalistlərin rolunu kiçiltmirəm. Bu iki adamın danılmaz xüsusi rolunu deyərkən də, yalnız bir məqsədim var. Hər kəs bilməlidir ki, çəkilən zəhmətlər və fədakarlıqlar hədər getmir. Getmədi də!
Bəli, bu hakimiyyət və Ilham Əliyev xirtdəyəcən korrupsiya içindədir. Amma təkcə korrupsiya ilə məşğul olmayıblar bu illərdə. Xalqın səsi boğuldu, danışanlar qorxuduldu, paralel olaraq, mətbuat azadlığı qəsb edildi. Bütün TV-lər ələ keçirildi, hətta Ictimai Televiziya bu hakimiyyətin yaltaq tribunasına çevrildi. Indi ITV-dən “Sizə ayrılmış vaxt bitdi” kəlməsini eşidəndə, düşünməli olursan, efiri də neft və qızıl yataqları kimi özlərinə götürüblər. Bunlar xalqa vaxt ayırırlar indi!
Amma indi xalq danışmalı və vaxta sahib olmalıdır.