Ah, bu uzun seçki yolu…
Söhbət seçkidən gedir. Dünyanın demokratik və total seçkilərini qoyaq bir tərəfə. Azərbaycan Qəbələsində seçki nədir? Qutulardan, protokollardan hələ danışmıram. Sadəcə insanlıq cəhətindən bərbad bir şeydir.
Ölkədə 1990-cı ilin ilk demokratik seçkilərində adı hökumətin demokratiya siyahısında olmayan Ramiz Bilalov adlı bir nəfər o vaxtlar “ərazi” adlanan dairədə onun nümayəndəsi olmağımı xahiş etdi. Yerli qəzetin gəncəcik müxbiri olaraq bu, mənim seçkiyə qatılmağımın başlanğıcı oldu. Təbii ki, dişli rəqiblər bizi yedilər, amma rahathulqum kimi deyil.
1995-ci ilin parlament seçkilərində həmin dairənin deputatlığa namizədləri siyahısında bir-iki gün qeydiyyatda qala bildim. Fəttah Heydərovun həmin il ilk dəfə Qəbələdən deputat edilməsi münasibətilə bizi – müstəqil namizədləri yağmalayıb siyahıdan sildilər.
…O zaman gecənin bir aləmi hərəmizi bir tərəfdən qəfil yığıb bizi polis şöbəsinə gətirmişdilər. Təbii ki, namizədlikdən “optovoy” imtina ərizəsi yazdırmaq üçün. Flora Kərimovanın qardaşı Akif müəllimi üzünü qırxdığı yerdən lap nağıllardakı kimi alayarımçıq götürmüşdülər. Darısqal dəhlizdə əməliyyatın davamını gözləyirdik. Birdən yaşlı bir polis qapıdan bizə mənalı-mənalı baxıb, “Baho, deputatların hamısı burdadı ki, Nofəli də gətirin, (Dairə komissiyasının sədrini nəzərdə tuturdu) seçkiyə başlayaq”, dedi. Neçə kitablıq o seçkidən ən çox yadımda qalan həmin epizoddu.
1998-ci ilin prezident seçkilərində Nofəl Süleymanovla bir də qarşılaşdıq – o sədr kimi, mən də müxalifətdən komissiya üzvü olaraq. Heydərovların Qəbələni özəlləşdirdikləri ilk illərə düşən həmin seçki Hofəl Süleymanovun karyerasının sonu oldu. Onda Qəbələ Heydər Əliyevin cüzi fərqlə seçildiyi dairələrdən biri olmuşdu. Iqtidar bu səhvi təbii ki, Nofələ bağışlamadı. Həmin seçki mənim xatirəmdə Nofəl Süleymanovun iki hissin arasında çırpınmasyla qalıb. Neçə illər sonra qəfil ölümüylə çox adamı çaşdırıb kövrəldən Nofəlin… Allah rəhmət eləsin.
2000-ci ilin növbəti parlament seçkilərini icra hakimiyyəti məmuru Oktay Hacıyevə həvalə etdilər. Fəttah Heydərovun ikinci deputatlığının əmələ gəlmə saatlarında “dəhşətli” xətaya yol verildi. Belə ki, Heydərov üçün hazırlanmış faizlər MSK-ya cəbhəçi Rövşən Qocayevin xeyrinə dəyişik ötürüldü. Məntəqələrdə qəribə ab-hava yarandı və Qocayevin halal səslərinin sayı daha da artmağa başladı. Xarici müşahidəçilər hətta xüsusiləşmiş əyalət rayonunda necə obyektiv bir seçkiyə rast gəldiklərini maraq və təəccüblə müzakirə edirdilər.
Təbii ki, paytaxtdan gələn qəzəbli nidalar Qocayevin birinciliyinə son qoydu. Efirdə getmiş məlumatı dərhal yığışdırıb təyin edilmiş qələbəsini Heydərova qaytardılar. Fövqəladə vəziyyətə səbəb olmuş Oktay Hacıyev isə seçkidən sonra infarkt keçirdi. Hazırda daha rahat bir işin qulpundan yapışaraq Qəbələ rayon təhsilinə müdirlik etməklə məşğuldur.
2003-cü ildə Ilham Əliyevin ilk prezident seçkisini aparmaq üçün dairəyə müvəqqəti işsiz Adil Vəlibəyovu qoydular. Indiki prezidentə Qəbələdə ölkənin rekord faizlərdən biri yazıldı. Amma nədənsə etimadı can-başla doğruldan sədaqətli məmurun əməyi Qəbələyə yeni başçının gəlməsiylə boşa çıxdı. Ona möhtəşəm seçki xidmətlərinin əvəzində heç nə verilmədi. Uzun illər vəzifədə işləmiş adam başladığı yerə – sıravi müəllimliyə qayıtdı. Sapsağlam Adil müəllimin ürəyi bir müddət keçəndən sonra qəfil dayandı. Allah rəhmət eləsin.
2005-ci ildə Fəttah Heydərova üçüncü dəfə mandat vermək üçün Vəlibəyovun yerinə (onda hələ mərhum deyildi) komissiyada əvvəl onun katibi olmuş Ramiz Əsədov sədr təyin edildi və Fəttah Heydərov üçqat Qəbələ deputatı oldu. Nəticədən nəticə çıxartmağı bacaran növbəti sədr dairədə təzə cığırlar kəşf edərək işinin əsil ustasına çevrildi. Amma o da bu ağır rejimə dözə bilməyib ötən illərdə ağır infarkt keçirtdi. Allah qorusun!
2003-cü ilin prezident seçkilərindən 2009-cu ilə qədər Oğuz-Qəbələ seçki dairəsinə ürəyinin yağını yeyə-yeyə sədrlik edən Aydın Mustafayev referendum seçkisi ərəfəsində qəfil yatağa düşüb dünyasını dəyişdi. Allah rəhmət eləsin.
2010-cu ilin parlament seçkilərində Fəttah Heydərov dördüncü dəfə Ramiz Əsədovun sədr olduğu Qəbələ dairəsindən deputat siyahısına düşdü. Sükanı hələ ki, möhkəm saxlayan Əsədov iqtidarın əvəzsiz kadrlarındandır. Üstəlik, bəzi şəxsi keyfiyyətlərinə görə ona Qəbələdə rəğbət bəsləyənlər də az deyil.
2013-cü ilin prezident seçkiləri artıq qapıdadır. Hər kəsə xeyirlisi, inşallah…