1 nəfər arasında seçim etmək

Seçkiyə sayılı günlər qalır və xalq arasında sayılmayanlar  özlərini haqlı sayırlar. Fürsətdən istifadə edib prezidentliyə namizədlər Hafiz Hacıyevi, Araz Əlizadəni, Qüdrət Həsənquliyevi, Ilham Əliyevi və YAP-ın namizədi olan digərlərini təbrik edirəm. Azərbaycan müxalifətinin 20 ildə xalqa çatdıra bilmədiyi həqiqətləri bu namizədlər mənzil başına çatdırdı. Xalq canlı yayımla izlədi ki, 20 illik hakimiyyətin istehsal etdiyi “məhsul” bunlardı.

Məsələn, insanlar gördü ki, bu hakimiyyətin özünə təhlükə bildiyi, rəqib gördüyü yeganə qurum Milli Şuradır. Xalq gördü ki, Qüdrət Həsənquliyevin öz həyatında fəxr duyacağı mərhələ 10-cu sinifə qədər olan dövrdü. Xalq gördü ki, Araz Əlizadənin siyasətdə yarışacağı şəxs Hafiz Hacıyevdir. Xalq onu da gördü ki, hakimiyyət üçün intellekt, klassik söyüşlərin müasirliklə sintez edilməsidir. Xalqın görüdükləri haqda çox faktlar sadalamaq olar. Ancaq bir neçə faktla kifayətlənirik.

YAP-ın hüquqşünası Siyavuş Novruzov saytlara açıqlamasında bildirib ki, debatlarda ən çox təhqirə yol verən Milli Şuranın namizədidir.

Bəlkə də Siyavuş Novruzovu haqlı saymaq olar. Çünki hakimiyyət 20 illik idarəetməsi ilə bizə yeni “əxlaq” modeli gətirib və bu modelə görə təhqirin əhatə dairəsi müəyyənləşib. Belə ki, Cəmil Həsənlinin azad seçkidən,  müəllimlərin, həkimlərin əmək haqlarının artırılmasından, korrupsiyaya son qoyulmasından, Ilham Əliyevin gəlirləri haqda məlumat verməsindən, Qarabağ probleminin həllindən və digər mətləblərdən danışması, hakimiyyət üçün təhqirdi. 

Çünki hakim komandanın təfəkkürünə görə prezident xalqa hesabat verməz, prezident 2 dəfə seçilib, sonra kürsüsünü boş qoymaz, müəllimin, həkimin yaşayış səviyyəsi məmurla eyniləşdirilməz, 20 faiz torpağa görə silaha əl atılmaz və s.

Biz bu rejimin sayəsində özünüifşanın müxtəlif növlərini gördük.

Məsələn, AXCP Gənclər Komitəsinin üzvü, 2-ci qrup əlil, astma xəstəsi Daşqın Məlikov narkotika ittihamı ilə şərlənərək, 2 il 6 ay həbs cəzasına məhkum edildi. Bir neçə ay sonra, seçkiyə sayılı günlər qalmış bu 20 yaşlı gəncin xəstəliyindən siyasi məqsədlər üçün istifadə edib, üzvü olduğu partiya sıralarından çıxması üçün dilindən kağız aldılar. Hətta bu gəncin Ilham Əliyevi dəstəklədiyini də ictimailəşdirdilər. Bu addımla hakimiyyət 2 yerdə özünü ifşa etdi. Birinci, etiraf etdilər ki, Daşqın Məlikovun həbsi siyasidir. 2-ci isə narkoman adlandırdıqları şəxsin dilindən Ilham Əliyevə dəstək aldılar. Deməli, Ilham Əliyevə ən yaxşı halda narkomanlar dəstək verir. Biz Daşqın Məlikova Allahdan şəfa diləyirik və uğurlar arzulayırıq.

Biz bu hakimiyyətdən yalnız bunlarımı gördük?

Xeyr. Nitsşe deyirdi ki, insanların ağızları asanlıqla yalan danışır, amma bu zaman onların qıc olmuş sifətləri yenə də həqiqəti deyir. Cəlaləddin Rumi isə “üzümüz ürəyimizin casusudur” deyirdi. 

Biz, ITV-dəki teledebatlarda gördük ki, yalan hər zaman, hər şəraitdə ayaq tuta bilmir. Gördük ki, canlı təmasda YALAN sifətə ilişib qalır. Biz Cəmil Həsənlinin ittihamların “namizəd”lərin sifətindəki yalanlarla təsdiq edirdik. Bu rejim üzünə çırpılan yalandan qızarmadı, ancaq üzünə hopan həqiqətləri də təmizliyə bilmədi. Həqiqət elə bir ləkədir ki, ləyaqətli adamlar ona bulaşmaq istəyir, ləyaqətsizlər isə ona bulaşmamaq üçün yalanla yaşmaqlanır.

9 oktyabr seçkilərində seçim etmək ona görə asan deyil ki, bu seçkidə real namizəd Cəmil Həsənlidir, ona görə asandır ki, bu dəfə seçkilərdə 1 nəfər əsl namizəd iştirak edir. 1 nəfərlə seçim etmək isə tərəddüd yaratmır. 1 nəfərin 9 hissəsinə səs verməkdənsə, 9 milyonun 1 hissəsinə səs verin.