Iş materialları ilə tanış olan vəkillər istintaqa vəsatətlər təqdim edəcəklər
Siyasi baxışlarına görə bir neçə aydır ki, qanunsuz olaraq, həbsdə saxlanılan NIDA-çı gənclərin istintaq prosesi yekunlaşıb. Vəkillər iş materialları ilə tanış olduqdan sonra istintaq qrupunun rəhbərinə vəsatət verəcəklərini deyiblər. Onu da qeyd edək ki, bu bir neçə ay ərzində istintaq prosesində heç bir hərəkətlilik olmayıb.
NIDA-çı gənc Məhəmməd Əzizovun vəkili Fariz Namazlı “musavat.com”a açıqlamasında bildirib ki, iş materialları ilə tanış olduqdan sonra bir neçə vəsatət verəcək: “Müstəntiqə bir neçə vəsatət təqdim edəcəm. Vəsatətlər Məhəmməd Əzizovla digər NIDA-çı gənclər Rəşad Həsənov və Şahin Novruzovun üzləşdirilməsi ilə bağlı olacaq. Çünki müvəkkilim ilk növbədə təzyiqlə gənclərin əleyhinə ifadə vermişdi, sonra həmin ifadədən imtina edib. Bunun üçün istər-istəməz təzad yaranır. Bu üzdən üzləşdirmə olacaq. Sonrakı vəsatət Məhəmməd Əzizova MTN-də verilən işgəncələrlə bağlı olacaq. Səbail Rayon Məhkəməsi bizim verdiyimiz şikayəti təmin etməyərək, cinayət işinin başlanması ilə bağlı qərarı qüvvədə saxlamışdı. Bununla bağlı bazar ertəsi Bakı Apelyasiya Məhkəməsində vəsatətə baxılacaq”.
Rəşad Həsənovun vəkili Əsabəli Mustafayev istintaqın və iş materialları ilə tanış olma mərhələsinin başa çatdığını, bazar ertəsi istintaq qrupunun rəhbərinə vəsatət verəcəyini bildirib.
“NIDA” Vətəndaş Hərəkatı Idarə Heyətinin üzvü Zaur Qurbanlının vəkili Xalid Bağırov da istintaqın başa çatdığını, iş materialları ilə tanış olduqdan sonra müstəntiqə vəsatət verəcəklərini deyib.
“NIDA”nın Idarə Heyətinin həbsdəki digər üzvü Üzeyir Məmmədlinin vəkili Yalçın Imanov iş materialları ilə tanış olma mərhələsinin bitdiyini və vəsatət verəcəyini qeyd edib: “Iş materialları ilə tanış olduqdan sonra vəsatət verəcəyik. Vəsatət işə xitamÿverilməsi ilə bağlıdır. Təbii ki, bilirik ki, vəsatət təmin olunmayacaq. Daha sonra isə iş məhkəməyə göndəriləcək”.