Rəşid Hacılı: «Avropa Şurası Nazirlər Komitəsinin bu qərarı hakimiyyətin üzərinə əlavə məsuliyyət qoyur»
Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarının Azərbaycanda icrasının durumu ilə bağlı qətnamə qəbul edib. Bu barədə Media Hüququ Institutu məlumat yayıb. Məlumata görə, Nazirlər Komitəsinin toplantısında jurnalist Yaşar Ağazadə ilə Eynulla Fətullayevin Azərbaycana qarşı işləri üzrə Avropa Məhkəməsinin qərarlarının icrası istiqamətində hökumətin həyata keçirməli olduğu ümumi xarakterli tədbirlər müzakirə edilib. Müzakirələrdə Media Hüququ Institutunun təqdim etdiyi bilgilərə istinad olunub.
Avropa Şurası Nazirlər Komitəsinin 199 saylı qətnaməsində Azərbaycan hökumətinin bu sahədəki fəaliyyətindən narahatlıq ifadə olunur. Vurğulanır ki, Azərbaycan məhkəmələrində yerli qanunvericiliyin tətbiqi ilə ədalətli məhkəmə araşdırması, təqsirsizlik prezumpsiyasına hörmət hüququnun pozuntularıyla bağlı Azərbaycan hökuməti qarşısında dəfələrlə məsələ qaldırılsa da, hökumət bununla bağlı heç bir dolğun informasiya təqdim etməyib.
Komitə Azərbaycan hökumətindən tələb edir ki, təxirə salınmadan difamasiyaya aid müvafiq milli qanunvericiliyin Avropa Insan Haqları Konvensiyasının tələblərinə, Avropa Məhkəməsinin presedent hüququna uyğunlaşdırılması istiqamətində bütün tədbirləri görsün.
Komitə hökuməti milli məhkəmələrin qərarlarının yerli qanunvericiliyə uyğunluğunu təmin etməyə, insanların təqsirsizlik prezumpsiyası hüququnun, ədalətli məhkəmə araşdırması hüququnun təmin olunmasına qarantiya verməyə çağırır.
Media Hüququ Institutunun rəhbəri Rəşid Hacılı bildirdi ki, Avropa Şurası Nazirlər Komitəsinin bu qətnaməsi Azərbaycanda qanunvericilik, məhkəmə praktikası ilə bağlı islahatlar tələb edir. Hökumətin Avropa Məhkəməsinin son qərarları ilə bağlı fəaliyyət planı təqdim etməli olduğunu söyləyən R.Hacılı vurğuladı ki, hökumətdən pozuntuları aradan qaldırması istiqamətində hansı addımları atdığı hesabat formasında tələb edilir: “Hökumət Difamasiya haqqında qanun qəbul edəcəyinə söz verib. Amma bu reallaşdırılmayıb. Əksinə, difamasiyaya aid Cinayət Məcəlləsindəki maddələr sərtləşdirilib. Üstəlik də Difamasiya ilə bağlı qanun qəbul edilməyib. Avropa Şurası Nazirlər Komitəsinin qətnaməsinin bir hissəsi məhz bu məqamla bağlıdır”.
Azərbaycan məhkəmələrinin Avropa Məhkəməsinin qəbul etdiyi digər qərarlarla da bağlı oxşar mövqe sərgilədiyini deyən R.Hacılı vurğuladı ki, Avropa Şurası Nazirlər Komitəsi ikinci məqam olaraq qətnamədə vurğulayır ki, Azərbaycan hakimiyyətinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, rəsmi Bakı qanunların özbaşına tətbiqi və ədalətli mühakimə hüququ ilə bağlı heç bir hesabat verməyib. Avropa Şurası Nazirlər Komitəsinin bu qərarının hakimiyyətin üzərinə əlavə məsuliyyət qoyduğunu söyləyən R.Hacılı qeyd etdi ki, hakimiyyətdən tələb olunan istiqamətlərdə daha ciddi islahatlar aparması istəniləcək.
Xəyal