AXCP sədrinin müavini, Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyevin partiyada və Milli Şurada tutduğu vəzifəsindən istefasından sonra AXCP rəhbərliyindən bu cür istefaların davam edə biləcəyi barədə sosial şəbəkələrdə, mətbuatda bəzi məlumatlar yayılmaqdadır. AXCP-dən növbəti istefa verə biləcək şəxs kimi isə sədrin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı göstərilir.
F.Qəhrəmanlı qəzetimizə açıqlamasında barəsində yayılan məlumatların həqiqətdən uzaq olduğunu bildirdi: «Mənim AXCP-dən istefa vermək kimi niyyətim yoxdur. Mən orta məktəbin yuxarı siniflərindən Xalq Cəbhəsinin üzvüyəm. Bu günə qədər çox çətin sınaqlardan keçmişəm. Həyatımda çoxsaylı məhrumiyyətlər olub. Heç zaman tutduğum yolda, apardığım mübarizədə tərəddüd etməmişəm. Birmənalı olaraq mənsub olduğum partiyaya, onun siyasi kursuna, lider kimi qəbul etdiyim Əli Kərimliyə həmişə səmimi və sədaqət mövqeyindən çıxış etmişəm. Bundan sonra da mənimlə bağlı hər hansı yanlış rəy formalaşdırmağa çalışanlara ən yaxşı cavabım Əli bəylə birgə olduğumu və partiyadakı fəaliyyətimi davam etdirmək niyyətimi açıqlamağım ola bilər. Bu cür fikirlərin hər hansı əsası yoxdur. Biz əqidəmizə, seçdiyimiz prinsiplərə sona qədər sadiqiq. Bizim üçün siyasət bir peşə fəaliyyəti deyil, həm də həyata baxışımızdır».
Xəyal