“Azərbaycan ədalətli seçki həsrətindədir”

Karnegi Fondunun saytında ölkəmizdəki seçkilərlə bağlı təhlil dərc olunub

«Azərbaycan müxalifəti gələcək üçün yaxşı baza hazırladı; onun beynəlxalq ictimaiyyətdən əsas istəyi seçki prosesinə dürüst qiymət verilməsidir»

ABŞ-ın Karnegi Fondunun saytında Azərbaycanda seçkiqabağı vəziyyətdən bəhs edən məqalə dərc olunub. Ölkədəki vəziyyəti təhlil edən isə Vaşinqtonda yerləşən Demokratiyaya Milli Dəstək təşkilatının Rusiya və Avrasiya üzrə proqramlar direktoru Miriam Lanskoydur. Onun hazırladığı “Repressiyalara baxmayaraq, Azərbaycan müxalifəti birləşdi” sərlövhəli məqaləni təqdim edirik:

İlham Əliyevin “cib parlamenti”

Azərbaycanda oktyabrın 9-da Ilham Əliyev üçüncü müddətə prezidentlik uğrunda mübarizə aparacaq. 2009-cu ildə onun “cib parlamenti”nin də iştirakı ilə Konstitusiyaya dəyişiklik referendum yolu ilə həll olundu. Nəticədə eyni şəxsin arcıdıl iki dəfədən artıq prezidentliyinə olan qadağa aradan qaldırıldı.

Bu seçkidə Ilham Əliyevə qarşı müxalifətin vahid namizədi Cəmil Həsənli mübarizə aparır. Əlamətdar haldır ki, Azərbaycan müxalifəti gələcək üçün yaxşı baza hazırladı. Bəs seçki üçün bu nə vəd edir?

Ilham Əliyevin on illik hakimiyyəti dövründə ölkədə azadlıqlar daim məhdudlaşdırılıb. Vətəndaş cəmiyyəti və müxalif siyasi fəallara qarşı repressiyalar 2013-cü ildə xüsusən kəskinləşib. Bu ilin yanvarından bəri iyirmidən artıq adam siyasi motivlərlə həbs olunub ki, onların arasında müxalifət yetkililəri Tofiq Yaqublu, Ilqar Məmmədov, həmçinin “Nida” Vətəndaş Hərəkatının 7 üzvü də var.

Dəyərlər müxalifəti birləşdirdi

Azərbaycan müxalifətinin hakimiyyət tərəfindən artan təzyiqlə üzləşən müxtəlif qrupları vahid məqsədlər və dəyərlər uğrunda birləşdilər. Ölkədə demokratik islahatlar həyata keçirmək məqsədilə may ayında Milli Şura formalaşdırıldı. Bu qurumun üzvü olan 129 nəfər əsas müxalifət partiyalarının, demokratik QHT-lərin təmsilçiləri, həmçinin tanınmış ziyalılar, gənc bloggerlərdir. Onların arasında hətta vaxtilə hakimiyyətdə təmsil olunmuş məmurlar da var. Milli Şuranın proqramında Konstitusiya islahatları, o cümlədən prezidentin səlahiyyətlərinin azaldılması, hakimiyyətin qolları arasında səlahiyyət balansı yaradılması, fundamental azadlıqların bərqərar olunması kimi məsələlər öz əksini tapıb.

Müxalif qüvvələrin vahid namizədi olan Cəmil Həsənli 60 yaşlı tarix professorudur. O, açıq şəkildə hakimiyyəti tənqid edir, ölkədəki korrupsiyaya və sosial ədalətsizliyə qarşı etirazını bildirir. Teledebatlar zamanı Cəmil Həsənli hakim ailəni korrupsiyada ittiham etdi. Teledebatlarda iştirak müxalifət namizədinin telekanal vasitəsilə insanlarla yeganə ünsiyyət imkanıdır. Əliyevə qarşı belə açıq çıxış nadir hadisədir.

Azərbaycan seçicisi azad, ədalətli seçki həsrətində…

Azərbaycanda təbliğat-təşviqat dövrü 20 günə qədər məhdudlaşdırılıb. Mitinqlərin keçirilməsinə çox ciddi məhdudiyyətlər yaradılıb. Təqib və təzyiqlərə, həbslərə, fəallara, o cümlədən müxalifət liderlərinin övladlarına qarşı fiziki zorakılıqlara baxmayaraq, ötən həftə Bakıda 10 min adam toplaşdı. “Adam” sosioloji sorğu mərkəzinin keçirdiyi sorğunun nəticəsindən məlum olur ki, respondentlərin 53 faizi Milli Şuranın namizədini dəstəkləyir və 43 faiz ölkədə dəyişikliyin tərəfdarıdır.

Çox məhdud imkanlar şəraitində demokratik idealları həyata keçirmək üçün müxalif qüvvələr birləşdilər. Bu birləşmə heç vaxt azad, ədalətli seçki görməyən Azərbaycan seçicisindəki apatiyanı aradan qaldıra biləcəkmi? Əgər müxalifət səs toplasa, ikinci tura getmək istəməyən hökuməti buna vadar edə biləcəkmi? Əliyevin əlindəki resurslarla müxalifətin imkanları arasındakı nəhəng fərqi nəzərə alaraq demokratik fəallar beynəlxalq ictimaiyyətin dəstəyinə ümid edir. Seçkiyə cəmi bir neçə gün qalıb, müxalifətin beynəlxalq ictimaiyyətdən ən böyük gözləntisi seçki prosesinə dürüst qiymət verilməsidir.

Informasiya şöbəsi