«Baş verənlər tamamilə cəngəllik davranışı idi»
Nurəddin Məmmədli: «Lənkəran Naxçıvandan sonra Azərbaycanın cəhənnəminə çevrilib»
Oktyabrın 3-də Cəmil Həsənlinin vəkili Nurəddin Məmmədlinin Lənkəranda sakinlərlə görüşü zamanı yaranan qalmaqalla bağlı Daxili Işlər Nazirliyi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə “Trend”ə açıqlamasında N.Məmmədlini böhtan xarakterli məlumatlar yaymaqda ittiham edib və Lənkəranda iczazəsiz görüş keçirmək istədiyini deyib. O.Mansurzadə görüşün keçirilməli olduğu çayxananın icarədarının etirazına baxmayaraq N.Məmmədlinin pəncərədən içəri girdiyini, həmçinin tədbirə 10-12 insanın pul vermək vədi ilə gətirildiyini bildirib.
Xatırladaq ki, bir qrup Lənkəran sakini Cəmil Həsənlinin platforması ilə tanış olmaq üçün seçki qərargahına müraciət edib. Bu müraciət əsasında Cəmil Həsənlinin vəkili, AXCP sədrinin müavini Nurəddin Məmmədli oktyabrın 3-də Lənkərana gedib. Lakin sakinlərlə görüşdən əvvəl Nurəddin Məmmədliyə rayondan çıxmaq üçün təzyiq göstərilib. Buna baxmayaraq N.Məmmədli Cəmil Həsənlinin Lənkərandakı səlahiyyətli nümayəndəsinin mənzilində sakinlərlə görüş keçirib. Bir müddətdən sonra polislər mənzilə basqın edib.
DIN-nin yaydığı açıqlamaya münasibət bildirən AXCP sədrinin müavini Nurəddin Məmmədli Lənkəranda baş verən hadisənin Azərbaycanda özbaşınalığın ən bariz nümunəsi kimi qiymətləndirdi. Çünki görüş keçirilən yer özəlləşmiş xüsusi mülkiyyətdir. Ora heç kimin girməyə haqqı yoxdur: “Mülkiyyətin sahibi qapını açarla açıb və biz ora bir neçə nəfərlə daxil olmuşuq. Özümlə ora heç kimi aparmamışam, həmin mülkiyyətin sahibi ilə maşınla getmişəm. Ömrüm boyu heç kimin pəncərəsindən içəri girməmişəm, heç vaxt da bunu təsəvvürümə gətirməmişəm. Orda bir nəfəri özlərinin öyrətdiyi adamlardan hesab etdim. Dedilər ki, bunu xəstəxanadan gətiriblər. Soruşdum ki, xəstəxanada olan adamın bəyəm səsvermə hüququ yoxdur? Lənkəranda bu hüquq ləğv olunub? Xəstə gəlib namizədin vəkilindən onun platforması barədə nəsə soruşa bilməz? Bundan sonra bu söhbəti dayandırdılar. Bu görüşü təşkil edən adam da namizədin səlahiyyətli nümayəndəsidir. Onu polisə aparanda bildirdim ki, bunun toxunulmazlıq hüququ var, heç kim onu heç yana apara bilməz. Buna məhəl qoymadılar”.
N.Məmmədlinin sözlərinə görə, Lənkəranda baş verənlər tamamilə cəngəllik davranışı idi: “Orda məni linç etməklə qorxutmağa çalışdılar. Polis deyir, burda icazəsiz görüş keçirirsən. Dedim ki, Lənkəranda vətəndaşlar öz şəxsi mülkiyyətində, evində kiminləsə görüşmək üçün polisdən icazə alır? Kütləvi tədbir keçirməmişəm, mitinq olmayıb. 25-30 adamlar öz təşəbbüsü ilə vətəndaşın mülkündə mənimlə görüşmək istəyir. Bu, əslində bizim partiya nümayəndələrinə qonaq getdiyi zaman olan hücumun, insanların təhqir olunmasının, onlara ciddi xəsarətlərin yetirilməsi prosesinin davamıdır. Bunlar ölkədə baş verən proseslərdən çox narahatdılar. Bu narahatlığı zorakılıqla, qanun pozuntuları ilə ört-basdır etməyə çalışırlar. Lənkəranda hər bir dövlət məmurunun ayaması, ləqəbi var. Çox utanc gətirən adlarla adlandırırlar bu adamları. Lənkəran Naxçıvandan sonra Azərbaycanın cəhənnəminə çevrilib. Bu cəhənnəm oyunları ilə insanları qorxudub çəkindirməyə çalışırlar. Həmişə qanuna hörmət edən adam olmuşam. Yapçılardan fərqli olaraq hərəkətlərimə görə məsuliyyət daşımağı bacaran adamam. Heç bir təzyiq məni nə pəncərədən girməyə, nə də çıxmağa məcbur edə bilməz”.
N.Məmmədli Lənkəranda baş verənlərə görə bir neçə cinayət işi qaldırılıb ciddi şəkildə cəzalandırılmağa layiq adamların olduğunu deyir. Çünki Seçki Məcəlləsi kobud şəkildə pozulub. Səlahiyyətli nümayəndə polisə aparılaraq ona təzyiq edilib. Şəxsi mülkiyyətin toxunulmazlıq hüququ pozulub. Ümumiyyətlə, baş verənlər seçki prosesinə müdaxilədir: “Daxili Işlər Nazirliyi doğrudan da ölkədə qanunçuluğun təmin olunmasına bilavasitə cavabdeh bir strukturdusa, onda bu dediym məsələlərlə bağlı araşdırma aparıb günahkarları, cinayətkarları cəzalandırmalıdır”.
Fizzə