«Cəmil Həsənli hakimiyyət namizədini böyük səs çoxluğu ilə arxada qoyacaq»
«Əyalətdəki insanlar bütün sədləri yararaq Cəmil Həsənli ilə görüşə can atırdılar»
Gözəl Bayramlı: «Qanunlar çərçivəsində sona qədər mübarizə aparacağıq»
Bu gün Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçicilərlə növbəti görüşü keçiriləcək. Milli şuradan verilən məlumata görə, həftənin gərgin keçməsinə baxmayaraq təşkilat Bakıdakı kütləvi aksiyasına tam hazırdır. AXCP sədrinin müavini, C.Həsənlinin Seçki Qərargahının üzvü Gözəl Bayramlı hesab edir ki, bugünkü aksiya Milli Şuranın keçirdiyi digər aksiyaları arxada qoyaraq, izdihamlılığı ilə yadda qalacaq.
– Milli Şuranın oktyabrın 5-nə planlaşdırdığı aksiya Cəmil Həsənlinin seçicilərlə görüşü olsa da, mən bütün Azərbaycan vətəndaşlarına müraciət edirəm. Hakimiyyətin zülmündən əziyyət çəkən, evləri başına uçurdulan, övladlarını ağır sosial vəziyyətdə yaşadıqlarına görə saxlaya bilməyənlərə, inanclı kəsimə səslənirəm ki, gəlib aksiyada iştirak etsinlər. Çünki Milli Şuranın namizədi Azərbaycan xalqının bütün problemlərini dilə gətirən namizəddir. Cəmil Həsənli dövlət başçısı olcağı təqdirdə milləti narahat edən problemləri necə həll edəcəyini açıq formada göstərir. Ona görə mən Azərbaycan xalqını 5 oktyabr aksiyasında fəal olmağa çağırıram. Bu xalqın mitinqidir. Xalq öz gələcəyinə sahib çıxmalıdır. Ona görə çoxlu sayda insanların bu aksiyada iştirakını vacib sayıram. Aksiya bir daha göstərəcək ki, Cəmil Həsənli xalqın namizədidir.
– Mitinqə hazırlıq necə gedib?
– Seçki qarargahının təmsilçisi kimi bəyan edə bilərəm ki, aksiyaya yüksək səviyyədə hazırlıq görülüb. Milli Şuranın bütün strukturları, təşkilata daxil olan partiyalar aksiyaya ciddi hazırlaşıb. Aksiya ilə bağlı xeyli çağırış vərəqələri paylamışıq. Əhalinin toplaşdığı yerlərdə aksiya ilə bağlı xəbərlər yayılıb, sosial şəbəkələrdə aksiya ilə bağlı təbliğat aparılır. Ona görə budəfəki aksiyanın daha izdihamlı olacağını və dəyişikliklər istəyən təbəqənin aksiyada fəal iştirak edəcəyini düşünürəm.
“Cəmil Həsənliyə xalqın marağı çox yüksəkdir”
– Artıq seçki kampaniyasının sonlarına yaxınlaşırıq. Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin təbliğatı istiqamətində xeyli sayda buklet, təşviqat materilları, xüsusi buraxılışlar paylanılıb. Bundan başqa, Cəmil Həsənlinin uğurlu teledebatları olub. Aparılan kampaniyanın müqabilində seçicilərdən hansı faiz səs gözləyirsiniz?
– Seçki kampaniyasının gedişində insanların bizim namizədə qarşı xoş münasibətinin olduğunu, namizədimizlə ciddi maraqlandıqlarını müşahidə etdik. Təşviqat kampaniyasında xeyli buklet çap olunub. Həmin bukletlərin paylanması zamanı bizdən buklet alan vətəndaşlar öz qohumları üçün də təbliğat materialı istəyirdilər. Bu onu göstərir ki, Cəmil Həsənliyə xalqın marağı çox yüksəkdir. Aparılan seçki kampaniyası insanlarda yüksək əhval-ruhiyyə yarada bilib. Cəmil Həsənlinin plaforması ilə hamı maraqlanır. Seçki kampaniyası zamanı yeganə namizədlərdən biridir ki, seçicilərə platforma çatdırıldı. Həmin platformada seçicilərə verilən vədlərlə yanaşı, həmin vədlərin hansı yol ilə yerinə yetirilməsi də göstərilib. Təşviqat kampaniyası zamanı insanlarla təmaslarımız onu göstərir ki, Milli Şuranın namizədi seçkilərdə uğur qazanmağa iddialıdır və məhz Cəmil Həsənli ən şanslı namizədlərdəndir. Xalqın ən böyük dəstəyi məhz Cəmil Həsənliyədir. Seçicilər Cəmil Həsənliyə inanır. Cəmil Həsənli, hakimiyyət namizədi də daxil olmaqla, digər namizədləri böyük səs çoxluğu ilə arxada qoyacaq.
– Cəmil Həsənli teledebatlarda təkcə hakimiyyət namizədinə qarşı deyil. Yeddi digər namizədə qarşıda mübarizə aparır. Həmin namizədlər hakimiyyətin mövqeyindən çıxış edirlər. Əhali ilə görüşləriniz zamanı bu cür çirkin kampaniyanı necə dəyərləndirilir. Insanlar hakimiyyətin atdığı bu cür addımların mahiyyətini anlayırmı?
– Azərbaycan cəmiyyəti Cəmil Həsənliyə qarşı bu cür münasibəti qətiyyətlə pisləyir. Azərbaycan xalqı çox ədalətli xalqdır. Əhalinin bütün təbəqələri bəyan edirlər ki, həmin o yeddi namizəd teledebatlarda namizəd kimi yox, Ilham Əliyevin vəkili kimi çıxış edirlər. Hətta onlara vəkil belə demək olmaz. Vəkillər əxlaqi normalara, qanunun tələblərinə hörmət edirlər. Amma bu adamlar qanunun tələblərini tapdalayaraq, adi davranış norması belə sərgiləmirlər. Seçki kampaniyası zamanı debatlar onu göstərdi ki, hakimiyyəti müdafiə edən namizədlər nəinki qoruduqları şəxsə əlavə reytinq gətirdilər, əksinə, bütün bu təbliğat hakimiyyətin əleyhinə çevrilir. Son teledebatdakı aqressiya da onu göstərir ki, hakimiyyət yürütdüyü seçki kampaniyasının onun əleyhinə çevrildiyinin fərqindədir. Rayonlardakı görüşlərdə hakimiyyətin bütün güc strukturlarının yardımına, icra hakimiyyətlərinin göstərişlərinə rəğmən insanlar bütün sədləri yararaq Cəmil Həsənli ilə görüşə can atdılar. Hakimiyyətin namizədi Ilham Əliyev, ümumiyyətlə, seçki kampaniyasında iştirak etmir. Nəticədə hakimiyyət məktəbliləri təbliğata aparır. Aksiyanın keçirildiyi yer dövrəyə alınır və insanların mitinqdən uzaqlaşması məhdudlaşdırılır. Bütün bunlar onu göstərir ki, hakimiyyət mitinqinə seçiciləri zor gücü ilə gətirir. Xalq hakimiyyətə dəstək vermək, onun təşkil etdiyi aksiyalarda iştirak etmək istəmir. Bu seçki kampaniyası göstərdi ki, xalqın hakimiyyətə münasibəti necədir.
“Azərbaycan xalqının nifrət obyekti olan 3 hakimiyyət vəkili”
– Hakimiyyət budəfəki seçkilərdə namizədi Ilham Əliyevə səlahiyyətli vəkil təyin etmədi. Ilham Əliyev keçirilən teledebatlara qatılmadı. Əvəzində onu teledebatda partiyanın üç sədr müavini təmsil etdi. Sizcə, onlar Ilham Əliyevi necə təmsil edə bildilər?
– Bu üç müavin Ilham Əliyevi onun adına layiq təmsil etdilər. Bu şəxslər Azərbaycan cəmiyyətində nifrət obyektinə çevriliblər, onların heç bir hörməti yoxdur. Onların addımları hər zaman xalqın qəzəbinə səbəb olub. Bu şəxslərin Ilham Əliyevin təbliğat kampaniyasının əsas simaları olması bir daha onu göstərir ki, dövlət başçısının bu üç nəfərdən başqa cəmiyyətə təqdim edəcəyi adam yoxdur. Ümumiyyətlə, hakimiyyətdə hansı nazir televiziyaya çıxaraq təbliğat aparmağa çalışsa, nəticə eyni olacaq. Ilham Əliyev öz komandasından bu üç nəfəri seçmişdi. Bu üç nəfər isə Azərbaycan xalqının nifrət obyektidir. Çünki onların hamısı saxta mandatla parlamentdə iştirak edib və bütün fəaliyyətləri boyu saxtakarlığa yol veriblər. Bu şəxslər cəmiyyətdə yalnız nifrət hissini qazanıblar. Bu şəxslərin heç bir sözünə cəmiyyət inanmır. Çünki bu şəxslər hakimiyyətdən yalnız yalan öyrəniblər.
– Sosial şəbəkələrdə keçirilən sorğularda, əhali arasında aparılan səsvermədə, mediadakı reytinqinə görə Cəmil Həsənli öndədir. Amma hakimiyyət də seçkiləri saxtalaşdırmaq niyyətini açıq şəkildə ortaya qoyub. Belə olan halda Milli Şura baş verə biləcək saxtalaşdırmaya qarşı necə mübarizə aparmaq niyyətindədir?
– Hakimiyyət bütün resurslarını seçkini saxtalaşdırmağa yönəldib. Bu gün seçki kampaniyasının gedişi göstərdi ki, hakimiyyət xalqdan dəstək almayacaq. Hakimiyyət də xalqdan dəstək almayacağının fərqindədir. Ona görə də əvvəlki illərdə olduğu kimi hakimiyyət yenə də seçkini saxtalaşdırmaq niyyətini ortaya qoyub. Bu məqsədlə onbaşı, yüzbaşı və minbaşılardan bir saxtakarlıq komandası formalaşdırıblar. Eyni zamanda bütün inzibati resurslar seçkilərin saxtalaşdırılmasına yönəlib. Milli Şuranın seçki qərargahı olaraq saxtalaşdırmanın qarşısını almaq üçün bizim də öz taktikamız var. Bütün seçki məntəqələrində, seçki dairələrində Milli Şuranın ciddi müşahidə korpusu fəaliyyət göstərəcək. Hər məntəqədə ən azı 3-5 müşahidəçilərimiz, eyni zamanda məşvərətçi səs hüquqlu üzvümüz olacaq. Hakimiyyətin saxtakarlığına qarşı ölkə boyu mübarizə aparmaq əzmindəyik. Saxtalaşdırmanı yerindəcə aktlaşdırıb, əldə etdiyimiz faktları dünya ictimaiyyətinə çatdırmaq niyyətindəyik. Seçki kampaniyasının gedişində və seçki günü rastlaşdığımız bütün qanun pozuntuları beynəlxalq aləmə təqdim olunacaq. Demokratik qüvvələrin rayonlarda keçirdiyi görüşlər zamanı hakimiyyətin yaratdığı təxribatlar, seçicilərin görüş yerinə gəlməməsi üçün yaradılan maneələr barədə də geniş məlumat veriləcək. Milli Şura seçki kampaniyası baş verən bütün saxtakarlıq faktları ilə bağlı hesabatla çıxış etməyi düşünür. Əminik ki, demokratik seçki keçirilsə, Cəmil Həsənli qalib olacaq. Bunu cəmiyyətdəki əhval-ruhiyyə də göstərir. Biz səslərimizin oğurlanmasına imkan verməyəcəyik və qanunlar çərçivəsində sona qədər mübarizə aparacağıq.
“Seçki saxtalaşdırılsa, beynəlxalq aləm nəticəni tanımayacaq”
– Hakimiyyətdə belə narahatlıq var ki, budəfəki seçki saxtalaşdırmasını beynəlxalq aləmə tanıtdırmaq çətin olacaq. Bu dəfə beynəlxalq aləmin seçki saxtalaşdırmasına necə reaksiya verəcəyini düşünürsünüz?
– Bir qayda olaraq beynəlxalq aləmin Azərbaycanda baş verənlərə münasibəti bir o qədər də adekvat olmayıb. Bir neçə sərt bəyanatla çıxış etsələr də, sonda sanki seçki saxtakarlığı ilə barışıblar. Amma bu dəfə mən eyni mövqeyin sərgilənəcəyini gözləmirəm. Indiyə qədər baş verənlər, Ilham Əliyevin qanunları kobud şəkildə pozaraq 3-cü dəfə namizədliyini irəli sürməsi beynəlxalq strukturları da hərəkətə gətirməlidir. Indiyə qədər bir neçə sərt hesabatlar olub. Düşünürəm ki, bu dəfə də seçki saxtakarlığı olacağı təqdirdə beynəlxalq strukturlar seçkilərin nəticələrinin tanınmamasına qədər addım ata bilər. Çünki indiyə kimi hər seçkini demokratiyaya doğru bir addım sayan təşkilatlar artıq Azərbaycan xalqının iradəsi ilə hesablaşmaq zorundadır. Əks təqdirdə Azərbaycan xalqının düzgün iradları ilə qarşılaşacaqlar. Ona görə bizim beynəlxalq strukturlardan bir tələbimiz var; xalqın iradəsinə, seçicinin səsinə hörmət qoyulsun. Ölkədə baş verən hadisələrlə bağlı real hesabatlar ortaya qoyulsun. Biz əminik ki, xalq onun üçün çalışan namizədə səs verəcək.
– Daşqın Məlikov və digər müxalifətçi gənclərə qarşı 37-ci ilin repressiv addımlardan istifadə olunur. Bu nəyin görsənişidir?
– Görün bu hakimiyyət hansı vəziyyətdədir ki, ağır astma xəstəliyindən əziyyət çəkən, şərlənərək həbsxanaya atılan Daşqın Məlikov kimi bir gəncin səsinin ümidinə qalıblar. Ilham Əliyev girovluqda saxladığı Daşqın Məlikovun ümidinə qalıbsa, Azərbaycan cəmiyyətinə hər şey aydındır. Xəstə bir gəncə qarşı bu cür davranış qəbulolunmazdır. Daşqın Məlikov saxlandığı yerdə nəfəs ala bilmir. Bu, hakimiyyətdəki mənəvi aşınmadan xəbər verir.
– Debatlar zamanı hakimiyyətin müxtəlif cinayətlərinə dair faktlar səsləndi, dövlət başçısının adıyla bağlı korrupsiya ittihamları dilə gətirildi. Bu müzakirələrin fonunda Milli Məclisdə dövlət başçısının şərəf və ləyaqətinin qorunması barəsində ayrıca bir qanun işlənir?
– Bu qanunun adı dövlət başçısının şərəf və ləyaqətinin qorunmasına dair olsa da, bu, Ilham Əliyevin ələ keçirdiyi pulların qanuniləşdirilməsi üçün bir vasitədir. Azəbaycanın sərvətini oğurlayaraq öz adına keçirən şəxs gərək öncə şərəf və ləyaqət barədə düşünsün. Bu, Ilham Əliyevin oğurladığı pulların legitimləşdirilməsi məqsədi daşıyır.
Xəyal