Qalmaqallı tikinti ilə bağlı rəsmi rəy açıqlandı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi: “Tikinti qanunsuz aparılır, bizim bu haqda heç bir rəyimiz yoxdur”

Hacıbala Abutalıbov: “Mən həmin əraziyə yenə də mütəxəssislər göndərmişəm”

Bakının Xətai rayonu ərazisində, Ukrayna dairəsi yaxınlığında (Məhəmməd Hadi küçəsi) aparılan özül qazıntısı zamanı baş verən qəza haqda ötən saylarımızda yazılıb. Bir neçə yazıdan sonra ərazidə tikinti aparan sahibkar Heydərov Natiq Heydər oğlunun köməkçisi Məmməd Rzayev redaksiyamızla telefon əlaqə saxlayaraq ərazidə  aparılan tikintinin qanunsuz olmadığını bildirmişdi.

İki gün öncə redaksiyamıza gələn M.Rzayev sahibkarın ərizəsini və tikintiyə icazə verən sənədlərin surətlərini təqdim etdi. Ötən sayımızda həmin sənədi sizlərə olduğu kimi təqdim etdik. Sözügedən sənəddə layihənin sahibi Heydərov Natiq qəzetimizi məhkəmə ilə də təhdid etmişdi. Təqdim etdiyi sənəddə o da göstərilirdi ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/3255 saylı, 22.09.2011-ci il tarixli razılaşdırılmış eskiz layihəsinə, Xətai Rayon İcra Hakimiyyəti başçısının 25.10.2011-ci il tarixli, 345 saylı sərəncamdan çıxarışına uyğun olaraq obyektin tikintisinə icazə verilib. Bu məsələyə məsul kəslərlə əlaqə saxlayaraq, obyekt barədə yeni informasiyalar əldə etdik. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq. Komitənin Şəhərsalma nəzarət şöbəsinin müdiri Dilxoş Nuriyev bizi şöbənin böyük məsləhətçisi Rəhilə Cəfərova ilə əlaqələndirdi. Artıq həmin ərazidə tikintiyə baxış keçirdiyini bildirən R.Cəfərova tikinti ilə bağlı maraqlı məqamları açıqladı: “Sənədlərdə həmin ərazi yaşıllıq zonası kimi qeydə alınıb. Biz əraziyə baxış keçirən zaman tikinti işləri gedirdi. İlkin sənədləri görüb, layihənin rəhbəri ilə danışmaq istəsək də buna müvəffəq olmadıq. Onu da qeyd edim ki, bizə tikintinin sahibinin Natiq Heydərov deyil Məmmədov N. adlı bir şəxs olduğunu bildirdilər. Nə tikinti aparan şəxs orda idi, nə də sənədləri bizə təqdim etmədilər.

Nəzərinizə çatdırım ki, həmin layihə üçün bizim komitənin rəyi olmalıdır. Bu da yoxdur. Nədə tikintinin müfəssəl planı mövcud deyil. Heç bir əsaslandırma olmayıb. Bu isə o deməkdir ki, tikinti qanunsuzdur. Hazırda 3 ciddi səbəbə görə o tikinti dayandırılmalıdır. Həmdə ki, qanunla da bu tənzimlənir ki, tikintilər zamanı yerli sakinlərin rəyi nəzərə alınmalıdır”. R.Cəfərova dedi ki, baxış keçirən zaman onlara layihəni “Cahan” firmasının işlədiyini deyiblər.

Müsahibimiz daha sonra bunları  bildirdi: “Sənəddə göstərilən Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi isə Xətai Rayonu İcra Hakimiyyətində yerləşir. Bizim komitənin rəyi yoxdursa o idarənin icazəsi əsassız sayılır”. Nəzərinizə çatdıraq ki, şöbənin müdiri D.Nuriyev də tikinti zamanı sakinlərin rəyinin vacib olduğunu bildirdi. Tikintinin də qanunsuz şəkildə,  özbaşına formada aparıldığını söylədi. Mövzu ilə bağlı  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla da danışdıq. H.Abutalıbov bildirdi ki, o, bu gün yenə həmin özül qazılan əraziyə mütəxəssisləri göndərib: “Mən ora adam yollamışam, bir daha obyektə baxış keçiriləcək, nəticələr barədə siz mütləq məlumat veriləcək”. 

musavat.com