“Azərbaycan saatı”nın Bakıdan vurulduğu təsdiqləndi

“Qüds TV” ortaqlarından Üzeyir Yiğit: “Bakıdan gələn siqnallar başqa kanallara da ziyan verirdi”

Seymur Həzi: “Azadlıq” qəzetinin saytından yayımlanacağıq”

Uzun müddətdir müzakirələri gedən, azad fikirli insanların səbirsizliklə gözlədiyi “Azərbaycan saatı” verilişi efirə qayıtmışdı. Türkiyənin “Qüds TV” kanalı vasitəsilə yayımlanan verilişlə bağlı problemlər isə özünü gözlətmədi.

Başda verilişin rəhbəri Qənimət Zahid olmaqla, yaradıcı heyətin nümayəndələri Azərbaycan tərəfdən göndərilən siqnallarla verilişin yayımına əngəl törədildiyini bildirdi. 

Verilişin yaradıcı heyətindən olan Aydın Taşın son statusu da bununla bağlıdır: “Azərbaycanda müxalifətin yayını yenə ”Türksat” peykinin qərb paketində yayımlanan 18 televiziya ilə birlikdə siqnalları Azərbaycan dövlətini idarə edən rejim tərəfindən əngəllənib. Daha öncə “CNN Türk”ün də içində yer aldığı “Doğan” qrupunun qərb dalğaları may ayında əngəllənmişdi. Bu nə ilk, nə də son. Türkiyə dövlətini idarə edənlər buna daha nə qədər səssiz qalacaq? Öz siqnalını, kütləvi informasiya vasitəsinin əngəlləndiyini görməzdən gələcək? “Azərbaycan saatı” Programı hazırda “6. Televizyon” kanalında siqnalı kəsilərək əngəllənib. 1 oktyabr 2013-cü il tarixində, yəni bu gün Türkiyə saatı ilə 19:00-da başlayan proqram 19:25 etibari ilə yenə əngəllənib. Bu əngəlləmə Azərbaycan içindən jammer tipli bir cihazla edilib”. 

Biz də bu məsələnin təfərrüatlarını və verilişin gələcək taleyini öyrənmək üçün öncə “Qüds TV”nin ortaqlarından olan Üzeyir Yiğitlə virtual söhbət etdik. Müsahibimiz dedi ki, onlar üzərlərinə düşəni edərək, yayını veriblər: “Amma Azərbaycandan bir problem olub. Biz müvəqqəti müddətlə 4 proqramlıq anlaşdıq. İki həftədir anlaşmışıq. Hazırda yayımlanır. Yəni cəmi 4 proqram yayımlayacaqdıq. Əgər bizim yayımımızı ordan vurublarsa, edəcək bir şeyimiz yoxdur”. 

Müsahibimiz bildirdi ki, bir gün öncə, yəni oktyabrın 1-də yayımlanan veriliş ikinci bölüm olub. “Hətta ilk yayını bir neçə dəfə təkrar-təkrar yayımladıq” deyən Ü.Yiğit bildirdi ki, veriliş rəhbərliyi ilə aralarında hər hansı yazılı anlaşma yoxdur: “Amma davam etsək, daha iki dəyişik bölümü yayımlayacağıq. İki gün öncə bir saat siqnalımız vurulub, bu barədə ”Türksat” məlumat verib. Bizim də ilk dəfədir ki, başımıza gəlir. Dolayısı ilə Azərbaycandan müdaxilə olub”. 

Müsahibimiz dedi ki, texniki baxımdan bu hücuma qarşı çıxmaq şansları yoxdur. Onun sözlərinə görə, hətta “Türksat” səviyyəsində bu durumun səbəbinin bilinmədiyi açıqlanıb: “Sadəcə, bizimkilərə deyilib ki, pirat bir müdaxilə var. Amma Bakıdan bizə qalıcı zərərlər dəyəcəksə, verilişi yayından çəkəcəyik. Yayınımız başqa televiziya kanallarına ziyan versə, onların haqqına təcavüz etmiş olarıq. Bunu əsla istəmərik”. 

Verilişin yaradıcılarından olan Seymur Həzi isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hakimiyyət “Azərbaycan saatı”ndan narahatdır. Onun sözlərinə görə, veriliş iki dəfə yayımlanandan sonra regionlardakı insanlar arasında ciddi rezonans doğurub: “İki veriliş artıq yayımlanıb. Üçüncü verilişdə vurulmuşuq. Həftədə 2 dəfə yayımlanırıq. Amma bu vurulma əməkdaşlıq etdiyimiz insanlara da ciddi ziyandır. Onlar maddi ziyanı qaldıra bilmirlər. Bəri başdan demişik ki, tərəfdaşlar tapacağıq, yayına davam edəcəyik”.

Müsahibimiz söylədi ki, Türkiyə hökumətinin Əliyevlərin həyata keçirdikləri peyk terroruna qarşı susması sual doğurur. Onun fikrincə, bu susqunluq qaranlıq şeylərdən xəbər verir: “Bir tərəfdən ölkədə demokratik addımlar atırlar, o biri tərəfdən Əliyevlərin hücumuna susqunluq nümayiş etdirirlər. Facebookda da bu suallar olub və yayımlanacaq. Əliyevlər başa düşməlidir ki, bölgələrdəki problemləri həll etmədən bunun üstünü torpaqla örtmək olmaz. Nəticə etibarilə hakimiyyətə daha çox ziyan vuracaq”.

S.Həzi dedi ki, əgər verilişin yayımında problem olarsa, o süjetləri youtube-de yerləşdirəcəklər. Müsahibimizin sözlərinə görə, bu proqramlar daha çox mitinqlərdən olan görüntülərdir: “Ana xəbər bülleteni kimi hazırlamırıq. Mitinqlərə, aksiyalara, görüşlərə gedirik. Növbəti proqramlar da olacaq və sosial, ictimai problemləri qabardacağıq. Veriliş onlayn formatda çıxacaq. Çox güman ki, ”Azadlıq” qəzetinin saytından yayımlanacaq”.

Müsahibimiz dedi ki, maddi problemlər hər zaman var. “Onları nəzərə alsaq, heç başlamazdıq” deyən S.Həzi xatırlatdı ki, “Azərbaycan saatı” 17 sentyabrdan bəri 3 dəfə yayımlanıb. 

Günün sonlarına yaxın Ü.Yiğit əməkdaşımıza xəbər verdi ki, bu məsələ ilə bağlı yekun qərar verilib: “Azərbaycanla əlaqəmizi və oradakı siyasi quruluşla bağlı mövqeyimizi dəyişdirmədən yayınlarımıza davam edəcəyik. Amma əlimizdə bulunan 7 bölümlük ”Azərbaycan saatı”nı yayımlamayacağıq. Daha öncədən 6 bölüm yayımlamışıq. Bu qərarı verməyimizə səbəb isə bizimlə birlikdə “Türksat” platformasında yayımla məşğul olan 20-yə yaxın televiziya kanalının yayımına əngəl gəlməsi oldu. Əxlaqi olaraq bu qərarı verdik”. 

Budəfəki açıqlamasında isə Ü.Yiğit dedi ki, bu günə qədər “Azərbaycan saatı” 5 dəyişik proqram hazrılayıb və onları ən azı 10 dəfə təkrar-təkrar yayımlayıb. (musavat.com)