Indi hakimiyyətin oyuncaq namizəd təyin etdiyi bir partiya sədri (adını çəkib könül bulandırmaq istəmirəm, bilənlər onsuz da bilir, bilməyənlər də bilənlərdən soruşub öyrənərlər) Rüstəm Ibrahimbəyov söhbətinin şıdırğı vaxtında deyirdi ki, “mən Milli Şuranın Azərbaycan ssenarisi olduğuna o vaxt inanaram ki, onun vahid namizədi Ibrahimbəyov yox, Cəmil Həsənli olsun. Çünki Cəmil müəllim elə dürüst adamdır, belə vətənpərvər adamdır” və s.
Indi həmin zat debat-şoularda Cəmil bəylə üz-üzə oturub ona iftiralar söyləməkdə, “çamur at – yapışarsa yapışar, yapışmazsa barı izi qalar” məntiqilə böhtanlar yağdırmaqdadır.
Eyni zat bu şər rejiminin xor kapellasına qoşularaq, Milli Şuranın yarandığı ilk vaxtlarda onun hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanı Rusiyaya yaxınlaşdırmaq siyasəti yürüdəcəyini iddia edirdi, Kremli asıb-kəsirdi, çirkin planlarda günahlandırırdı.
Amma indi Rusiyaya hansısa güzəştlərdən, Kremlin Gömrük Ittifaqına, Avrasiya Birliyinə qoşulmaq tələblərinə “hə” deməkdən-zaddan basıb-bağlayır.
Bu ikiüzlülük, riyakarlıq qarşısında nə deyəsən?
Yalnız “yalançının yaddaşı olmaz” demək kifayətdirmi?
Üstəlik, belələri bir deyil, beş deyil, on deyil, rejimin bütün yandaşları üç aşağı, beş yuxarı eyni xislətin, eyni xarakterin, eyni mahiyyətin daşıyıcılarıdır.
Bu cür çörək qazanmağı, övlad böyütməyi, karyera əldə etməyi özlərinə rəva görənlərdir.
Azərbaycanlıların mental təfəkkürü isə alnının təri, əlinin qabarı ilə, minbir zillətlə, əziyyətlə yaşayan bir çobana ikrah edir.
Bir çəkməçiyə gülür.
Ofisiant, konduktor olmağı ayıb sayır.
Oysa, çoxdan anlamalıydıq, peşələr insanı şərəfləndirməz. Insanlar peşələrini şərəfləndirər.
Dürüst olduqdan sonra çəkməçi olmaq ayıb deyil, şərəfdir. Ayıb ikiüzlü olmaqdır.
Vicdanlı olduqdan sonra ofisiant olmaq ayıb deyil, qürurdur. Ayıb hər gün bir cildə girməkdir.
Adil olduqdan sonra çoban olmaqda eyib heç nə yoxdur. Eyib riyakar olmaqdır. Dünən birilərini Azərbaycanı Rusiyaya yaxınlaşdırmaq istəyinə görə suçlayıb bu gün Rusiyanın hər dediyinə “ləbbeyk” söyləməli olduğumuzu təlqin etməkdir.
Çoxluq bu xırda həqiqəti anlayanda ən böyük həqiqətləri də anlamış olacaq.
Ilyas Ismayılovun əcəb məntiqi
Deputatlığa namizədlərdən biri Ilyas Ismayılov seçki günü səsverməyə getməyəcəyini açıqlayıb. Səbəbi – gedib özünə səs verməyi doğru hesab etməməsi imiş.
Əcəb məntiqdir: özü namizəd ola-ola səs verməyə getmir, amma gözləyir ki, başqaları gəlib ona səs versinlər.
Ilyas bəy debatlara da gəlmir. Səs verməyə də getməyəcək.
Bəs soruşmaq ayıb olmasın, namizədliyini niyə irəli sürüb? Nə ehtiyac vardı buna?
Indi biz götürüb yazsaq ki, bu, hakimiyyətin “namizəd oyunu”nun tərkib hissəsidir, parçasıdır…
Onsuz da toplumda ciddi şəkildə etimadsızlığın hökm sürdüyü seçkinin üstəlik, qeyri-ciddi, gülməli prosesə çevrilməsi planının bir parçasıdır, Ilyas bəy inciyəcək.
Yaxşı, bəs onda biz doğrudan da namizəd olub nə debata, nə səsverməyə getməməyi necə başa düşək?
Mən hələ indiyədək “Ədalət” sədrinin nə Bakıda, nə rayonlarda bir dənə də mitinq-görüş keçirməməsini…
Boş verin real həyatda, hətta virtual aləmdə belə, hər hansı təbliğat kampaniyası aparmamasını…
Topluma birbaşa öz ağzından dəyişiklik mesajları göndərməməsini demirəm.
Bu şəkildə bir namizədliyi partiya sədrliyini-zadı bir kənara qoyuram, onillərin hüquqçusu olan Ismayılova şəxsən mən yaraşdırmadım.
Amma özü-özünə yaraşdırdısa, hə, onda bu başqa məsələ.
Nə demək istəmişdim?
Dünənki yazımın kiçik bir bölümündə, “Qarın qardaşdan irəli deyil!” başlığı altında Zərdüşt Əlizadənin təqdirəlayiq bir cümləsini tirajlamışdım.
Amma mənim nə demək istədiyim qaranlıq qalmışdı. Çünki bir texniki xəta üzündən o cümləyə iki cümləlik şərhim yazıda yer almayıb.
Zərdüşt bəy deyir: “Hər dəfə qardaşımla (Araz Əlizadə ilə – E.A.) aramızda olan bütün münasibətləri niyə kəsdiyimi soruşanlara debatlar ən yaxşı cavabdır”.
Mənim şərhim isə bu idi:
Araz Əlizadə göstərdi ki, həqiqətən də qarın qardaşdan irəli imiş.
Zərdüşt Əlizadə isə göstərdi ki, həqiqət həm qarından, həm də qardaşdan irəlidir.