«Xiyar puluna alınan eşşək suda boğular»
Ermənistan danaları Azərbaycan bazarına necə varid olur?
Əlbəttə, biz onu yazmaq istəmirik ki, Azərbaycanın şübhəli mənşəli biznesmenləri Gürcüstan üzərindən Ermənistan danalarını alıb gətirir və burada xırıd eləyirlər. Bunun bir “vətənpərvərlik” damarı da var yəqin: bəs necə, bizimkilər Ermənistanın kənd təsərrüfatını çökdürüb əvəzində onlara qənd-çay verirlər. Bu dana biznesinin gömrükdən kənar “gömrük” özəllikləri də diqqəti cəlb edir: bir dananın Azərbaycan bazarına giriş haqqı 200 dollardır. Bir “KamAZ”a yerləşdirilən 35 danaya görə nə az-nə azacıq, 7 min dollar ödəmək lazım gəlir. Sadəcə olaraq, bu “vətənpərvər” biznes əməliyyatını həyata keçirəndə nəzərə almaq lazımdır ki, Türkiyə iş adamları öz hökumətlərinə buna görə təkid edirlər: bir halda ki, Azərbaycan iş adamları Ermənistan iqtisadiyyatını “çökdürür”, imkan verin, sərhədi açın, biz də onları bu şəkildə “çökdürək”. Bizimkilər başlarını korrupsiyanın və bulaşıq maxinasiyaların içinə bu qədərmi dərin salıblar ki, ətrafdan kiminsə onları görmədiyinə əmindirlər?
Yumurta varsa, toyuq da var
Bir halda ki, yumurta ölkəmizin siyasi gündəmini bu qədər dərindən məşğul edib, o halda gərək toyuqdan da danışaq. Yoxsa, tamam-kamal ədalətsizlik olar. Məsələ burasındadır ki, Azərbaycana toyuq idxalı bir biznes pozisiyası olaraq yalnız bir Türkiyə vətəndaşına məxsusdur. Bu bir nəfər isə hakimiyyət ailəsinə xüsusi yaxınlığı olan mərhum elm adamının Cem adlı oğludur. Cem toyuqları alıb gətirir, yerli bazardakı monopoliyaya təhvil verir, parasını alıb gedir növbəti partiyanın dalınca. Başqa heç kim bu prosesə burnunu soxa bilməz. Yerli broyler bazarına isə prezidentin sağında-solunda əyləşən insanlar nəzarət edir. Doğrudur, son aylar bu bazarda fəlakət yaşanıb: ayrı-ayrı broylerlərdə yüz minlərlə toyuq tələf olub. Amma Azərbaycanda toyuq ətinin qiymətinin super olaraq müəyyənləşməsi bu qızıl daşıyan quşların (əcəba, toyuq quş sayılırmı?) genosidi ilə ilgili deyil. Bu qiymətləri böyük oliqarxlar müəyyən edib və maraqlıdır ki, yumurtanın qiyməti barədə polemikalar çox ustalıqla toyuğun qiymətinin üstündən sürüşdürüldü.
Məmməd “Əhməd”in “dozvol”u ilə yaşamağa məhkumdur
Toyuq-yumurta söhbəti ilə başımızı çox da ağrıtmayıb qayıdaq iri məsələlərə. Azərbaycandan dışarı yük daşımalarının ciddi problem olduğu hər kəsə bəllidir. Bu problem ölkəyə mal gətirmək ağır olduğu qədər qəlizdir ki, indi ölkədə kənd təsərrüfatı sektoru bir sistem olaraq məhv olub. Ölkədən mal çıxarmaq xidməti təklif edən yük maşınlarının sürücülərində gömrükçülərin texniki dilində “dozvol” adlandırılan xüsusi icazə sənədinin olması zəruridir. Bu “dozvol”un rəsmi qiyməti 20 dollardır. Amma siz bunu 20 yox, 200 dollara əldə etməyə cəhd edin. Sizi maşının təkərləri altına qoyub xurd-xəşil edərlər. Gömrüyün “qara bazarı”nda bu lənətə gəlmiş “dozvol” 2000 dollardır! Dövlətə ödənilən rüsumdan 100 dəfə artıq rüşvət alınır. Bu, korrupsiyadır. Ona görə də bu cür məsələlər barədə kimsə danışmır. Axı, bizdə korrupsiya ilə yox, rüşvətxorluqla mübarizə elan edilib.
Bu zəhrimar “dozvol”un 20, ya 2000 dollara başa gəlməsini də heç cür heç kimə sübut edə bilməzsən. Sənə deyəcəklər: “Limit qurtarıb. Gec müraciət etmisiniz. Limiti isə hansısa ”Əhməd” şirkəti alıb. Gedin həmin “Əhməd”lə danışın, varsa, ondan alın”. Vəssalam, dairə qapanır.
Eləcə də, azərbaycanlı sürücülərin ikinci yox, üçüncü ölkəyə yük daşıma təklifləri də bu cür qapalı korrupsiya burulğanında qeyb olur. Üçüncü ölkəyə yük daşımaq üçün TIR sahibləri, yenə də gömrükçülərin texniki dilində “UBAK” adlanan, normal adam dilində qarşılığı tapılmayan bir dəftərdə qeydiyyata alınmalıdırlar. Bu “UBAK dəftəri”ndə qeydiyyat rüsumu 100 dollar civarında rəsmi rüsumla başa gəlir. Rəsmi rüsum bu qədərdir. Amma gerçək haqq, orada alınan qanunsuz xərac 2500 dollardır. Heç bir dəmir iradə bu qapalı çevrəni sındırıb onun batininə müdaxilə edə bilmir. Və kimsə bunu etmək istəmir. Əlbəttə, bu, axı yumurta deyil.
Elə bu ciddi problemlərə, yox bu dəhşətli korrupsiya əməliyyatlarına görə Azərbaycan kəndlisi öz əməyinin nəticəsində maraqlı ola bilmir. O, il uzunu işləyir, tər tökür ki, məsələn, Rusiya bazarına göyərti çıxarsın. Amma bu “dozvol”lar, “UBAK dəftərləri” onu zəlil edir. Hətta bu da azmış kimi, ölkədən kənara satmaq istədiyin göyərtinin hər kiloqramına görə 1 dollar rüşvət tələb edilir. Bir TIRdə 20 ton göyərti aparırsansa, bu, 20 min dollar edir. Göyərti isə çox həssas məsələdir, qardaşım. Onu daşımaq xüsusi diqqət və xərc tələb edir: əlavə xərc tələb edən xüsusi qablaşdırma qutuları üçün pul verməlisən, oraya hər qat göyərtinin arasına buz düzməlisən və s. Amma xüsusi diqqət, qayğı və xərclə yığdığın, qablaşdırdığın bu malı gömrük ikicə gün saxlasa, sən insanlar üçün qida deyil, heyvanlar üçün ot aparırsan deməkdir. Burada təsvir edilən gömrük xidməti səviyyəsində kim tərəvəz idxal etmək kimi cəsarətli bir əməliyyata baş vura bilər? Əlbəttə, korrupsiyanı təşkil edən nazir-oliqarxlar. Onlara isə bu korrupsiyaya görə kimsə bir kəlmə də söz deməz. Axı, Azərbaycanda korrupsiyaya qarşı yox, rüşvətə qarşı mübarizə elan edilir. Korrupsiya qismində isə hələlik, yalnız, yumurtanın qiyməti tanınır.
Meymun yemini bir kənara atın…
Amma məsələn, bananın qiyməti korrupsiya faktı kimi qeydə alınmır. Bu, axı subtropik meyvədir, desertdir, azərbaycanlı banan yeməsə ölməz, amma yumurta yeməsə ölər. Buna görə də banan söhbətini unudun getsin. Bu yaramaz meyvənin bir yeşiyinin, məsələn, Ekvadordakı qiyməti 1,6 dollardır. Amma həmin bir yeşik banan Azərbaycana 42-45 manata gəlib çıxır. Sanki bunu Ekvadordan bir-bir, kiminsə kürəyinə yükləyib gətirirlərmiş kimi bir qiymət alınır. Niyə belə alınır, hər kəs bilir. Ola bilərmi ki, prezident bilməsin?
“Holdinq” hoqqaları
Amma buraxın bu banan söhbətini. Ciddi adamlar banan yeməzlər. Banan əsrlər boyu meymunlar üçün nəzərdə tutulub. Ciddi adamlar yer şumlayar, torpaq əkər, məhsul götürər. Amma bunun üçün hökmən hansısa müftəxor və kəmfürsət lizinqlərin traktorlarını almalısan: 25-30 min manata. Doğrudur, bu traktorun 8-10 min manat qiyməti var! Di gəl ki, onları Azərbaycanın sərhədlərindən içəri salmaq kimsənin hünərində deyil. Əlbəttə, Azərbaycan dövləti fermerlərin arxasında durub, onlar üçün texnika gətirib, canınız çıxsın, gəlin bu dəmir-dümürü od bahasına alın. Dövlətlə çiling-ağac oynamayacaqsınız ki? Bu dəmirləri 2-3 qat bahasına, həm də təbii ki, kreditlə aldığın an əlində olan 5-6 hektar torpaq da getdi deməkdir. Çünki bu ölkə qapalı bir əzab məkanıdır. Beş-altı nəfər, beş-altı holdinq əlində ağla gəlməyən inzibati-maliyyə dəyənəklərini oynada-oynada vətəndaşları ora-bura qovmaqla məşğuldur: “Gilan Holdinq”, “Paşa Holdinq”, “ZQAN Holdinq”, “ATA Holdinq”,.. Amma deyəsən, həm də vəssalam. Elə bu qədərdir. Hə, bir də bütün bu proseslərin fövqündə dayanıb onların hamısına işgüzarcasına nəzarət edən, onları addım-addım təqib edən zəhmli “FOND”.
***
Həm də biz onu izləməliyik ki, bu “Paşa Holdinq” haradan peyda oldu? Birdən-birə ölkənin bank sektorunu ələ keçirən bu sirli imperiya nə deməkdir? Bu imperiya xırda balıqları yeyib qurtarandan sonra akula ovuna çıxan mutanta necə çevrilib? Maraqlıdır, elə deyilmi? Və günün birində eşitsəniz ki, daha, məsələn “ATA Holdinq” yoxdur və o, bütün əzəməti ilə birlikdə “Paşa Holdinq”in mədəsindədir, bunu da qəmli bir əhvalat kimi yaşamayın. Çünki bütün bunların sadə Azərbaycan adamına heç bir əlahiddə dəxli yoxdur. Azərbaycan adamına birbaşa dəxli olan məsələ budur ki, o, bu holdinqlərin, onların patronlarının kirli iqtisadi əməliyyatlarının, Azərbaycanı içinə çəkmiş yırtıcı korrupsiyanın əsiridir. Bu, əsirlikdən qurtarmağın yolu isə 12 qəpiyə yumurta alıb yeməkdən keçmir. Yumurta ilə azadlıq olmaz. Atalar demiş: “Xiyar puluna alınan eşşək suda boğular”.
Seyid