Arzunun dirilməsi

Əziz oxucular! Dəyərli həmvətənlər! Boynuma alım ki, artıq sizin hamınızın namizədinə çevrilmiş professor Cəmil Həsənlinin televiziyadakı və mitinqlərdəki çıxışlarında xalqa müraciət formasından xeyli təsirlənmişəm. Onun sizə “Sevgili xalqım!” və ya “Uca millət!” deməsi şəxsən mənə çox xoş gəlir. Ona görə də bayağı və bəsit görünməkdən çəkinməyərək, bu gün mən də yazımı sizə müraciətlə başladım. 

Üstəlik, bir məqsədim var bunu edərkən…

Baxın, illərdir Əliyevlər hakimiyyəti xalqın onları necə sevməsindən danışır. Illərdir deyirlər ki, xalq Ilham Əliyevi belə sevir, elə sevir. Amma Ilham Əliyevin xalqı sevməsindən heç danışmazlar. Çünki onlara xalqın onları sevməsi lazımdır – yalandan və ya gerçəkdən, amma özlərinin xalqı sevməsi ağıllarına gəlmir. 

Amma Cəmil Həsənli xalqa özünün ona sevgisi ilə müraciət edir…

Əliyevlər hər zaman Heydər Əliyevin və Ilham Əliyevin böyüklüyündən danışırlar, onların böyüklüyünü təbliğ edirlər. Cəmil Həsənli isə böyüklüyü xalqda gördü, sizdə gördü, sizə uca dedi.

Cəmil müəllim bütün bunları sadəcə sözlə ifadə eləmədi. Bunu hökmən diqqətə alın. Azərbaycanda hakim ailə haqqında hələ də çoxlarının danışmağa çəkindiyi bir vaxtda Cəmil müəllim böyük cəsarət göstərdi. Ilham Əliyevin dəhşətli əməllərini TV-dən bəyan etdi xalqa. Əslində, bununla bizi, yəni öz xalqını ucaltmış oldu. Bizi heç sayan bu hakimiyyətə göstərdi ki, bu xalq var, ölməyib, yatmayıb, hər şeydən xəbərdardır və onun ayağa qalxması möhtəşəm olacaq. Cəmil müəllim bu hakimiyyəti küncə sıxmaqla, onun əzdiyi xalqı ucaltdı. Ona görə də, onun “Sevgili xalqım!”, “Uca millət!” deməsi bir pafos deyil, ucalan millətə müraciətdir. Onu ucaltmaqdır!

Dəyərli həmvətənlər! 

Cəmil müəllimin çıxışları uzun illər bu rejimlə aparılan ağır mübarizənin yeni mərhələsidir. Həm dünyada gedən proseslər – avtoritar rejimlərin məhvinin başlayıb, həm də belə bir zamanda bu hakimiyyətin mənən məğlub edilməsi, bu məğlubiyyətin hamının qarşısında baş verməsi, əsirlikdə olan azad efirin az sayda dəqiqələrinin möhtəşəm gurultusu, yalan danışanların xirtdəyindən tutulması rejimi sarsıtdı. Xalqı və cəmiyyəti önə çıxardı. Xalq və cəmiyyət özünü güclü hiss etdi. Insanlar anladı ki, hər şey dəyişə bilər və onlar nə zamansa arzu etdikləri bir ölkədə yaşaya bilərlər. 

Bu ölkədə insanların arzusu ölmüşdü. Özlərinə məxsus olan sevgili bir vətəndə yaşamaq arzusu yox olmuşdu. Insanlar buranı tərk edir illərdir. Bura oğruların meydan suladığı, xalqı idarə etdiyi, topluma yol göstərdiyi bir ölkəyə çevrilib. 

Milli Şuranın yaranması, birlik hərəkatının başlaması və Cəmil Həsənlinin çıxışları bu arzunu diriltməyə başladı. Mən eyforiyaya qapılmıram, bilirəm ki, biz hələ Azərbaycanda kükrəyən o arzunu görmürük. Amma o öldürülmüş arzu dirilib və boy atır. Qarşıda biz yeni cəmiyyət, yeni xalq görəcəyik. 

Bu ölkənin sahibi Ilham Əliyev deyil. Azərbaycan xalqıdır. Yadınızdadırsa, çox illər öncə Ilham Əliyev qorxaq bir alimi TV-də xalqın gözü qarşısında otağından qovmuşdu. Indi başqa bir alim onu debata çağırır və “Onun bu ölkəyə rəhbərlik etməyə haqqı yoxdur!” deməklə həmin otaqdan çıxmağın vaxtı çatdığını söyləyir.