Təhsilin səviyyəsini göstərən daha bir hesabatda Azərbaycan acınacaqlı yerdə qərarlaşıb
Etibar Əliyev: «Məktəbin bütövlüyünü müəyyənləşdirən bir neçə parametrlər Avropa standartlarına cavab vermir»
Dünya Iqtisadi Formunun ilk dəfə keçirilmiş yeni reytinq indeksi – “Insan Kapitalı Indeksi”ndə Azərbaycan təhsil göstəricisinə görə 71-ci yerdə qərarlaşıb. Bu da ölkədə təhsilin səviyyəsinin aşağı olduğunu bir daha təsdiq edir. Ölkəmizin növbəti dəfə təhsillə bağlı reytinqdə acınacaqlı yerdə qərarlaşmasının səbəbi nədir?
Təhsil üzrə ekspert Etibar Əliyev hesab edir ki, Azərbaycan müstəqillik əldə edəndən sonra orta məktəblərə müstəqillik verilməli idi. Bu hal baş vermədi. Orta məktəblər bir neçə quruma tabeçiliklə avtoritar qaydada idarə olundu. Bunun da acı nəticələri göz qabağındadır. Bu cür idarəetmə isə dünyada qəbul olunmur.
Ekspertin sözlərinə görə, məktəbin bütövlüyünü müəyyənləşdirən bir neçə parametrlər Avropa standartlarına cavab vermir. Azərbaycan təhsilin keyfiyyətinə görə 92-ci, riyaziyyat və təbiət elmlərinin tədrisinə görə isə 91-ci yerdədir. Bu da çox aşağı göstəricilərdir. Təhsilin keyfiyyəti müxtəlif meyarlar əsasında qiymətləndirilir. Qeyri-hökumət təşkilatlarına və ekspertlərə təhsilin keyfiyyətinin qiymətləndirilməsinə icazə verilmir. Təhsil Nazirliyi orta təhsilin keyfiyyətini qiymətləndirmir. Statistik araşdırmaların nəticələrində məlum olur ki, bəzən 60 faizə yaxın abituriyent 0-200 bal nəticə göstərir. Bu, funksional savadsızlığın geniş vüsət almasıdır. Ekspertin fikrincə, 15-25 ilə qədər məktəb direktoru, təhsil şöbəsi müdiri vəzifəsində çalışan adamlar heç bir innovativ ideyalar irəli sürmür və məktəb idarəçiliyi üçün heç bir addımlar atmırlar.
Fizzə