2013-cü ilin iyul-sentyabr aylarında dövlət başçısının sərəncamıyla 160 milyon 800 min manat xərclənib
2012-ci ilin eyni dövründə isə prezident 72 milyon 400 min manata sərəncam verib
Seçkiyə sayılı günlər qalıb. Hakimiyyət əlində olan bütün inzibati rıçaqlardan yararlanaraq seçkiyə gedir. Ən əhəmiyyətli rıçaqsa hakim partiyanın əlində olan prezident institutudur. Əslində seçki dönəmində bu vasitədən yararlanmaq qanun pozuntusudar. Ancaq təbliğat maşını tam gücüylə işləyir.
Seçki ərəfəsində Prezident sərəncamlarının sayı-hesabı yoxdur. Əksər sərəncamlar da seçicilərin ələ alınmasına xidmət edir. Bir-birinin ardınca verilən maaş artımlarıyla bağlı sərəncamlardan tutmuş, rayon icra hakimiyyətlərinə “regionun sosial-iqtisadi inkişafı” adıyla ayrılan milyonlarda bir məqsəd var: büdcə pullarını seçkiyə xərcləmək. Nəyin bahasına olursa-olsun seçkidən qalib çıxmaq. Əksər sərəncamlar Prezidentin Ehtiyat Fondu ilə bağlıdır. Bu fonddan isə “ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən, lakin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayan tədbirlər üçün” pullar xərclənə bilər. Ancaq sərəncamlarda göstərilən məqsədlər üçün “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı” var və hər il o istiqamətə büdcədən milyonlar ayrılır. Builki sərəncamların seçkiyə bağlı olduğunu sübut edən faktlar da elə onların özündədir. Düzdür, hər il Prezidentin Ehtiyat Fondundan bu şəkildə səmərəsiz xərcləmələr olur. Ancaq bu il sərəncamların hədsiz çoxluğu şübhələnməyə, dövlət vəsaitinin şəxsi məqsədlər, konkret desək, seçkiyə xərcləndiyini düşünməyə əsas verir.
Məsələn, 2012-ci ilin 1 iyul-30 sentyabr tarixlərində dövlət başçısı “sosial-iqtisadi inkişaf” məqsədilə 13 sərəncam imzalayıb. Bu sərəncamlarla 72 milyon 400 min manat vəsait xərclənib. O vəsaitin 20 milyonu yalnız Bakı Şəhər Icra Hakimiyyətinə ayrılıb. Rayonlara ayrılan vəsait 52 milyon 400 min manat olub.
2013-cü ilin eyni dövründə – 1 iyul-30 sentyabr tarixlərindəsə dövlət başçısı 68 belə sərəncama imza atıb. Bu sərəncamlarla 160 milyon 800 min manat vəsait büdcədən silinib. 2013 sərəncamlarının, demək olar, hamısı rayonlara – bəzilərinə iki dəfə – ayrılıb.
Prezidentin Ehtiyat Fonduna ayrılan vəsait bu il 300 milyon manatdır. Bu vəsait il ərzində və bir daha xatırladaq, “ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən, lakin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayan tədbirlər üçün”dür. Göründüyü kimi, 300 milyonluq vəsaitin yarıdan çoxu 3 ay ərzində, həm də seçkiqabağı xərclənib.
Yeri gəlmişkən, seçki xərcləri büdcədə ayrıca nəzərdə tutulub və rəsmi məlumata görə, 2013-cü il prezident seçkisinə 42 milyon 450 min 176 manat vəsait ayrılıb.
Beləliklə, seçkiyə ayrılmış rəsmi xərcləri qeyri-rəsmi xərclərin bir neçə dəfə üstələdiyi göz önündədir.
Rövşən Hacıbəyli