Kərəm Həsənov, Qərib Məmmədov və Etibar Pirverdiyev hədəfdə
Baş Prokurorluq daha çox korrupsiya faktı aşkarlanan qurumların adını açıqlayıb. APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyev mətbuat konfransında bildirib ki, bu ilin 9 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 138 cinayət işi bütün sahələri əhatə edib.
Həmin cinayət işləri əsasən vergi, səhiyyə, nəqliyyat sahəsi, hüquq-mühafizə orqanları, bələdiyyələr, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, “Azərenerji”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, bank və özəl sektorla bağlıdır.
Bundan əlavə 2013-cü ilin 9 ayı ərzində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin “qaynar xətt” xidmətinə 3915 müraciət daxil olub.
Kamran Əliyev bildirib ki, daxil olan müraciətlərdən 307-si araşdırılıb və onlardan 21-i ilə bağlı cinayət işi başlanıb. “1078 müraciət isə təmin edilib” deyə idarə rəisi vurğulayıb. Kamran Əliyev korrupsiya ilə bağlı müraciətlərin ən çox daxil olduğu rayonların siyahısını da açıqlayıb. Siyahıya əsasən müraciətlər əsasən Yevlax, Gədəbəy, Tovuz, Ağcabədi, Cəlilabad, Masallı, Abşeron və Sumqayıtdan daxil olub.
Seçki ərəfəsində Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisinin belə açıqlama ilə çıxış etməsi seçkidən sonra hansı məmurların “vurulacağının” anonsu kimi qiymətləndirilir. Bu halda düşünmək olar ki, “vurulacaq” məmurların sırasında əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun adı ilk yerdədir. Həm onun rəhbərlik etdiyi qurumun, həm də kurasiyasında olduğu Cəlilabad rayonunun adının siyahıya salınması belə deməyə əsas verir. Yeri gəlmişkən, xeyli əvvəldən Kərəm Həsənovun işdən çıxarılacağı ilə bağlı məlumatlar yayılmışdı. Növbəti “vurulacaq” məmurların Qərib Məmmədov və Etibar Pirverdiyev olacağını söyləmək olar.