ziya-kemaleddin

Hakimiyyətdə iki nəhəng oliqarx üz-üzə

Kəmaləddin Heydərov Ziya Məmmədovu səlahiyyətsiz nazirə çevirmək istəyir

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Nəqliyyat Nazirliyinə tabe olan iki qurumu nəzarətə götürmək niyyətindədir. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, “fövqəlnazir”in hədəfi “Azəryolservis” və “Azərbaycan Dəmir Yolları”dır. “Azəryolservis”in rəhbəri Cavid Qurbanovla Kəmaləddin Heydərov arasında isti münasibətlər yaranıb. Elə bu səbəbdəndir ki, nəqliyyat naziri Ziya Məmmədovla Cavid Qurbanovun münasibətləri soyuyub.
Cavid Qurbanov Kəmaləddin Heydərovun dəstəyindən istifadə edərək “Azəryolservis”i müstəqil quruma çevirmək istəyir. Bu baş verəcəyi təqdirdə təbii ki, Cavid Qurbanov “fövqəlnazir”in patronajlığı altında fəaliyyət göstərəcək.
“Azərbaycan Dəmir Yolları”na gəlincə, bu qurumun rəhbəri Arif Əsgərovun seçkidən sonra “vurulacağı” deyilir. Onunla bağlı ilginc məlumatların dövriyyəyə buraxılması da bununla əlaqələndirilir. Kəmaləddin Heydərov isə çalışır ki, Arif Əsgərovun yerinə öz çevrəsinə daxil olan şəxslərdən birini təyin etdirsin. Bu halda Ziya Məmmədov adıçəkilən qurumu da faktiki itirməli olacaq. Çünki Xəzər Dəniz Gəmiçiliyi Idarəsi Nəqliyyat Nazirliyinə tabe olsa da, bu qurumun rəhbəri Aydın Bəşirov məhz Kəmaləddin Heydərova arxalandığına görə Ziya Məmmədovla hesablaşmır.
Beləliklə, əgər Kəmaləddin Heydərovun istəkləri baş tutsa Ziya Məmmədov faktiki olaraq səlahiyyətsiz nazirə çevriləcək. Artıq iki qurum Ziya Məmmədovu saymır. Bunlardan birinin adını qeyd etdik: Xəzər Dəniz Gəmiçiliyi Idarəsi. Digəri isə “Azal”dır. Bu qurum da Nəqliyyat Nazirliyinin tabeliyindədir. Amma Cahangir Əsgərov hakim ailə ilə yaxınlığından istifadə edərək özünü müstəqil aparır.

İnformasiya şöbəsi