Avropa İttifaqından Bakıya sərt ittiham

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin birlikdə yaydıqları bəyanatda Azərbaycanda KİV, vətəndaş cəmiyyəti və müxlaifətə olan təzyiqlərdən narahat olduqlarını bildiriblər.

Aİ rəsmiləri Azərbaycanda baş verən son hadisələrin seçkiqabağı dövrə, insanların hüquqlarına və ölkədəki siyasi vəziyyətə təsir etməsindən narahat olduqlarını bildiriblər.

“Avropa Birliyi müxalifət fəallarına, mülki cəmiyyətə və müstəqil mediaya qarşı hədə-qorxu, şübhəli ittihamlarla həbs, beynəlxalq standartlara məhəl qoymadan saxlanılma və hökm çıxarma kimi davamlı təzyiqləri narahatlıqla qeyd edir”, – deyə bəyanatda bildirilir.

Aİ gözləyir ki, Azərbaycan höküməti bu sahədə götürdüyü öhdəliklərə uyğun olaraq sürətli, ədalətli və şəffaf istintaq və hüquqi prosedurları həyata keçiricək. Bəyanatda deyilir ki, bu, 9 oktyabrda azad və ədaələtli seçkilərin keçrilməsi üçün əlverişli şəraitin təmin edilməsi baxımından vacibdir.