Cəmil Həsənlinin kəndindən reportaj

Cəlilabadın Alar kəndində 8 mindən çox adam yaşayır. Kəndə gələnə qədər mən onlardan dördünü tanıyırdım. Biri dostumdur, digərləri professor Cəmil Həsənli, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, iş adamı Rafiq Əliyev.

Yəqin oxucuların da əksəri alarlılardan elə bu üç nəfəri tanıyır. İndi həmin üç nəfərdən ikisi (Fərhad və Rafiq Əliyev qardaşları) həbsdədir. Cəmil Həsənli isə prezidentliyə namizəddir.

2013-cü ilin prezident seçkisi kampaniyası başlayandan bu kənd ən azı iki dəfə cəmiyyətin diqqət mərkəzinə düşüb. Bunlardan biri müxalif Milli Şuranın professor Cəmil Həsənlini prezidentliyə namizəd irəli sürməsi, ikincisi keçmiş nazir Fərhad Əliyevin məhbəsdən dövlət başçısı İlham Əliyevi dəstəkləməsi və əfv ərizəsi yazmasıdır.

Belə bir kənddə güclü seçki ab-havası olacağını ehtimal edirdim. Ab-hava var, amma o qədər də yox. Burada güclü seçki havasını əsasən namizədlərin teledebatı yaradır. Qalan məqamlara gəlincə, kənddə yalnız orta məktəblərin qarşısındakı təşviqat lövhələrində prezidentliyə namizədlərin, həm də hamısının yox, bəzilərinin təbliğat plakatları vurulmuşdu. Seçki prosesi kənd həyatını bütünlüklə çulğaya bilməyib, həyat əsasən bu prosesdən kənar bir axardadır, insanlar təsərrüfatda çalışır, daha çox dolanışıq qayğısı ilə yaşayırlar.

Keçmiş iqtisadi inkişaf

Səkkiz mindən artıq əhalisi olan Alarda üç orta məktəb, dörd məscid var. İnsanlar əsasən kənd təsərrüfatı ilə məşğul olur, Aların hər tərəfi üzüm bağlarıdır. Bu bağların çoxunun Fərhad Əliyevin nazir olduğu dövrdə salındığını deyirlər. Əvvəllər Alarda böyük xalçaçılıq sexi olub, burada 250 nəfərə yaxın adam işləyib, amma Fərhad Əliyev nazir vəzifəsindən çıxarılandan və həbs olunandan sonra sex bağlanıb. Səbəbi aydındır, xalçaçılıq sexi iqtisadi inkişaf nazirinin dəstəyi ilə açılıbmış, o, həbs olunandan sonra dəstək olmayıb və sonda müəssisə fəaliyyətini dayandırıb. 

Ümumiyyətlə, Əliyev qardaşlarını alarlılar daha çox müsbət, kəndə dayaq duran insanlar kimi xatırlayırlar. Qardaşlar vəzifədə olduqları dövrdə kənd yollarına asfalt çəkdiriblər, üç il ərzində kəndin bütün kommunal xərclərini, işıq, qaz pulunu ödəyiblər, əvvəllər başqa ərazidə olan və kəndi elektrik enerjisi ilə təmin edən yarımstansiyanı Alar ərazisinə gətirdib, müasir standartlara cavab verən formada yenidən qurublar, bir neçə il ərzində 40-50 nəfər imkansız kənd sakininə hər ay maddi yardım ayırıblar, Alar ərazisində yanacaqdoldurma məntəqəsi tikdiriblər…

Alardakı mədəniyyət evi Cəlilabad rayonunun ən müasir komplekslərindən biridir ki, bunun da Əliyev qardaşlarının adı ilə bağlı olduğunu deyirlər. İndi rayonun bir çox geniş tədbirləri, konfransları bu mədəniyyət evində keçirilir. Ona görə də rayon rəhbərliyi Alara tez-tez gəlib-gedir.

Deyilənə görə, Heydər Əliyev adına 1 saylı Alar kənd məktəbini də Əliyev qardaşları tikdirib. Çox böyük və müasir məktəbdir. Aların girəcəyində, magistral yolun kənarında yerləşən böyük məscidi də Fərhad Əliyevin nazir olduğu vaxt tikdirdiyini eşitdim.

Deyilənə görə, Fərhad Əliyev nazir olduğu dövrdə 50 nəfərə yaxın alarlı müxtəlif vəzifələrdə çalışıb, sonra isə çoxu işdən çıxarılıb. Məhbus qardaşların indi də kənddə ata ocağında yaşayan qardaşı Südeyif Əliyev əvvəllər Beynəlxalq Bankın Cəlilabad filialının direktoru olub. Onu işdən çıxarıb yerinə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun dayısı oğlunu təyin ediblər. Alarlılar Əliyev qardaşlarının “taxtdan” salınmasından sonra üzləşdikləri vəziyyəti belə xarakterizə edirlər: “Ölkədə Alar bəlası yayılandan sonra hamımız onun qurbanı olduq”.

Amma bir neçə nəfər işində qalıb, o cümlədən 1 saylı Alar kənd orta məktəbinin direktoru Saməddin Kərimov. O, Fərhad Əliyevin dayısı oğludur. Alarlılar deyir ki, məktəb direktoru rayonda çox hörmətli şəxsdir, çünki çox yaxşı işləyir, işinin bilicisidir və rəhbərlik etdiyi məktəb Cəlilabadda ən yaxşı təhsil ocaqlarından sayılır.

Aların əsas problemi su qıtlığıdır. Əhali tələbatı həyətlərdə qazılan su quyuları hesabına ödəyir. Hazırda kəndə Masallı rayonu ərazisindən içməli suyun çəkilməsi layihəsi üzərində iş gedir, yaxın illərdə məsələnin reallaşacağı gözlənir.

Bundan başqa kənd yollarının bir hissəsi də dağılıb.   

Alarlı televizoru sındırıb

2013-cü ilin prezidentliyə namizədlərinin İctimai Televiziyada debatı başlayanda Alarda həyat donur, həyət-bacada adam qalmır, hamı evə, televiziyanın qarşısına toplanır, debatı izləyir. Debat bitəndən sonra isə kəndin mərkəzinə, klubun qarşısına toplanırlar və qızğın müzakirələr başlanır. Sentyabrın 19-da keçirilən qalmaqallı debat vaxtı – namizədlərdən Hafiz Hacıyev Cəmil Həsənliyə su qabı atanda alarlılardan biri əlindəki stəkanı televizorun ekranına çırpıb və televizor sınıb. Sonralar deyirmiş özümü saxlaya bilmədim, elə hesab edirdim ki, dava salanı vururam. Bir nəfərin isə həmin debat zamanı infarkt keçirdiyini deyirlər.

Xatirələr ocağında

Yolum professor Cəmil Həsənlinin ata ocağına sarıdır. Bu evdə hazırda Həsənli qardaşlarının kiçiyi Şahbaz Həsənli yaşayır. Cəmil Həsənlinin ata ocağında onun uşaqlıq və gənclik illərindən danışırıq. Həyətdəki çardağın altında Cəmil Həsənlinin sinif yoldaşları olmuş Fərəc Orucov, Aydın Şükürov və digər uşaqlıq dostu Adil Rzayevlə söhbətləşirik. Cəmil Həsənlinin qardaşları da buradadır. Fərəc Orucov Azərbaycan Texniki Universitetini, Adil Rzayev Azərbaycan Dövlət Universitetini (indiki BDU), Aydın Şükürov isə tibb texnikumunu bitirib. Adil Rzayev 2 saylı Alar kənd orta məktəbində işləyir, Cəmil Həsənlinin keçmiş sinif yoldaşları isə işsizdirlər.

Fərəc Orucov:

– Cəmil sinfimizin ən çalışqan, həmişə öz üzərində işləyən, savadlı şagirdi idi. Həm də yaxşı yoldaşlığı vardı. Məktəb illərimiz çox mehriban keçib. Məktəbi bitirəndən sonra da dostluğumuz, ünsiyyətimiz davam edib.

Humanitar fənlərə, xüsusən də tarixə, ədəbiyyata böyük maraq göstərirdi, yüksək səviyyədə oxuyurdu, attestatı beşlə dolu idi. Universitetə sənəd verdik, imtahanlar gedirdi. Rəqabət də güclü idi, bir yerə 50-60 abituriyent sənəd vermişdi. Qayıdanda soruşurdun ki, Cəmil, neçə aldın, deyirdi beş, Cəmil neçə aldın, beş. Bu da sinif yoldaşı kimi bizi çox sevindirirdi. Müəllimlərimiz, məktəb uşaqları, bütün kənd maraqlanırdı məktəbi qurtaranlar necə olacaq, universitetə daxil ola biləcəklərmi. Biz Alarda onillik məktəbi bitirən ilk buraxılış idik. Sinfimizdə 20 şagird vardı. Məktəbi bitirdiyimiz il 18 nəfərimiz ən yüksək göstəricilərlə ali məktəblərə daxil oldu.

Aydın Şükürov:

– Bizim dövrün təhsil sistemi ilə indiki arasında çox böyük fərq var. İndi uşaqlar 5-ci, 6-cı sinifdə oxuyanda hansı qrupa sənəd verəcəklərini müəyyənləşdirirlər, o qrupun fənlərindən müəllim yanına gedirlər, hazırlaşırlar. Bizim dövrdə isə bütün fənləri oxumalıydın, normativi yerinə yetirməliydin. Cəmil də bütün fənlərdən əla oxuyurdu. Biz elə bilirdik ki, Cəmil universitetin filologiya fakültəsinə sənəd verəcək. Amma tarix ixtisasını seçdi.

Həmin illərdə tarix fakültəsinə daxil olmaq filologiyaya qəbul olunmaqdan qat-qat çətin idi. Cəmil isə filologiyanı deyil, daha çətin olan tarixi seçmişdi. Çünki Allah ona istedad verib, özünə, istedadına arxayın idi. Sonrakı dövr onun düzgün seçim etdiyini təsdiqlədi, tarix sahəsində böyük alim oldu, dünyada tanındı.

Universiteti bitirdikdən sonra gəldi bir il qonşu Muğan kəndində müəllim işlədi. Hər zaman sinif yoldaşları ilə mehriban olub, diqqət göstərib. Ümumiyyətlə bütün insanlara qarşı istiqanlıdır.

Bir dəfə soruşdu ki, Aydın, vəziyyətin, dolanışığın necədir, uşaqlar nə işlə məşğul olurlar? Cavab verdim ki, böyük oğlum Müstəqil Azərbaycan Universitetinin tarix fakültəsinə daxil olub, orada oxuyur. Necə oxuması ilə maraqlandı və dedi ki, xaricdə insanlar pul verirlər uşaqları oxusun, savadlı olsun, yaxşı mütəxəssis kimi formalaşsın, Azərbaycan xalqı isə pul verir ki, uşağa elə qiymət yazsan bəsdir, nəsə öyrətməyə ehtiyac yoxdur.

Evə gedəndə yolda onun dedikləri haqda çox düşündüm, öz-özümə dedim ki, professor elə-belə söz deməz, mütləq elm öyrənmək lazımdır. Özümə söz verdim ki, qiymət almaq məsələsində oğluma heç bir kömək etməyəcəm, pul verməyəcəm, oxuyub qiymətini almalıdır. Kiməsə ağız açmaq olmaz. Oğluma da dedim ki, ya oxuyub qiymət alacaqsan, ya da təhsilini davam etdirmə. Bax, bu, Cəmilin mənə ən böyük yaxşılığı oldu, oğlum diplom deyil, savad aldı.

Bizim kənddən Valeh adlı bir nəfər Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuşdu – ərəbşünaslıq bölməsinə. Ərəb dilini öyrənmək ona çətin gəlir, gedib ərizə yazır ki, türkologiya qrupuna keçmək istəyirəm. Dekan ərizəni qəbul etmək istəmir, Valeh ərizəni birtəhər götürdür. Amma dekan ona fikirləşmək üçün iki gün vaxt da verir. Valeh universitetin həyətində fikirli-fikirli gedirmiş, Cəmil onu görür, yaxınlaşıb görüşür, niyə fikirli olduğunu soruşur. Əvvəlcə bildirmək istəmir, sonra söyləyir ki, ərəbşünaslıq ixtisasında oxuya bilmirəm, çətindir, türkologiyaya dəyişmək üçün ərizə vermişəm. Cəmil də deyir ki, sən türk balasısan, türk dilində danışırsan, bundan ötrü universitet oxumağa ehtiyac yoxdur, ərəb dilini öyrənsən yeni bir xarici dil biləcəksən, ona görə də ixtisası dəyişmə. Valeh də fikrini dəyişir və gedib ərizəsini geri götürür. Valeh şərqşünaslıq fakültəsini bitirdi, dörd il Liviyada, başqa ölkələrdə işlədi. Son zamanlaradək də Təhsil Nazirliyində işləyirdi, 2005-ci ildə alarlı olduğuna görə işdən çıxartdılar. Yəni Cəmil müəllimin bir kəlmə sözü Valeh üçün yeni bir yol açdı, o, ərəbşünaslığa yiyələndi, Azərbaycanda tanınan mütəxəssis oldu.

Adil Rzayev:

– Uşaqlıqdan haqq-ədaləti özümüzə şüar seçmişik, haqsızlığa nifrət etmişik. Biz orta məktəbdə oxuyanda Alarda bir kolxoz sədri vardı, insanları incidirdi. Öz aramızda belə qərara gəldik ki, kolxoz sədri haqda yazaq, amma valideynlərimiz bilməsin.

Qorxurduq, valideynlərimiz də yaşlı idilər. Nəysə, “Kirpi” jurnalına yazdıq. Bir müddət keçəndən sonra jurnaldan gəldilər, kolxoz sədrini bir az sıxışdırdılar, özünü yığışdırdı. Uşaqlıqdan haqqa, ədalətə inanırdıq, o ideyalarla yaşayırdıq.

Cəmil çox zəhmətkeş adamdır. Bizim uşaqlıq dövrümüzdə sahələri kotanla əkirdilər. Cəmil sahədə işləyirdi. Amma kitab hər zaman yanındaydı. Yorulurdu, oturan kimi kitabı götürüb oxuyurdu. Həmişə deyirdi ki, görəsən, bu zəhmətimin bir bəhrəsi olacaq? Mən də cavab verirdim ki, mütləq olacaq, Allah heç vaxt halal zəhməti yerdə qoymaz. Biz belə əqidədə böyümüşük.

Fərəc Orucov:

– 9-10-cu siniflərdə oxuyanda Cəmil kəndimizin tarixi haqda araşdırma aparırdı. Bir dəftəri vardı, ora Alar kəndinin əsasının nə zaman qoyulduğunu, burada yaşayan insanların hansı nəsildən olduğunu, əvvəllər harada məskunlaşdığını yazırdı, yaşlı insanları danışdırırdı, qeydlər götürürdü. Heç bilmədim sonra o dəftəri necə oldu, yazdıqlarını çap etdi, yoxsa yox. 

Cəmil uşaqlıqda təbiətcə sakit, sadə insan olub, bu gün də elədir. Kəndə gələndə hətta balaca uşaqlarla elə danışır, elə davranır ki, kənardan baxan heç vaxt inanmaz bu universitet müəllimidir, professordur, dünyada tanınan alimdir. Cəmil heç vaxt yekəxanalıq etməyib, insanlara yuxarıdan aşağı baxmayıb, hamını sayıb, hörmətini saxlayıb.

Aydın Şükürov:

– İndi necədirsə, onda da eləydi. Bizim vaxtlarımızda məktəbdə uşaqlar arasında dava çox nadir hallarda olurdu. Cəmil də heç vaxt davalara qarışmazdı. Çox sadə idi. Tələbə olanda da hər zaman onun başına toplaşırdıq. Yataqxanada qalırdı, ora gedirdik. Deyərdim ki, Cəmil onda da gününü oxumaqla keçirirdi.

Adil Rzayev:

– Kənardan baxanda bəlkə kimlərəsə elə gəlib ki, Cəmil tənbəl adamdır. Amma gördüyü işlərə baxın. Adam məəttəl qalır, təbiətən sakit olsa da, çox qoçaqdır.

Bakıda oxuyurdu, ailəsi kasıb olduğuna görə tələbəliyi də çətin idi, ehtiyac içində yaşayırdı. Ona görə də gecələr işləyirdi. Amma bütün çətinliklərə baxmayaraq hər şənbə-bazar kəndə gəlirdi, valideynlərinə baş çəkirdi. O zaman avtobus, maşın tapmaq asan deyildi. Deyirdim yorulmursan hər həftə Bakıdan kəndə gəlib qayıdırsan? Cavab verirdi ki, atam xəstədir, gəlib baş çəkməsəm, anamı, bacı-qardaşlarımı görməsəm, rahat ola bilmirəm. O zaman bacı-qardaşları da balaca idi.

Mən orta məktəbi qurtaranda indiki Tibb Universitetinə sənəd verdim, imtahan suallarının cavabını bilsəm də, müəllimlər qiymətimi kəsdi. Sonra hərbi xidmətə getdim. Qəbul imtahanında üzləşdiyim haqsızlığa görə ruhdan düşdüm. Hərbi xidmətdən qayıdanda yenidən imtahan vermək istəmirdim. Çox adamdan soruşdum ki, görəsən, yenidən imtahan versəm universitetə daxil ola bilərəmmi? Hamı dedi ki, mümkün deyil. Bircə Cəmil dedi ki, bacararsan. Onun sözünə qulaq asdım və yenidən imtahan verib Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olundum. 

Belə qərara gəlmişdik ki, hər ikimiz universiteti bitirəndən sonra da təhsilimizi davam etdirək, aspiranturaya daxil olaq. Amma mənim səhhətimdə problemlər yarandı, davam etdirə bilmədim. Bakıda iki ay Cəmilin evində qaldım. Yenicə ailə qurmuşdu, çətinliklə dolanırdı. Buna baxmayaraq bir dəfə də olsun mənim bir manat da xərcləməyimə imkan vermədi. Bir dəfə evdə yeməyə bir nemət yoxuydu, həyat yoldaşı istədi bunu Cəmilə elə desin ki, mən duymayım. Cəmil də qayıtdı ki, burada ayıb bir şey yoxdur, kasıbıq da, Adil də bunu yaxşı bilir.

Bir dəfə kəndin ortasına doğru söhbət edə-edə gedirdik. Haqq-ədalətdən, insanlıqdan, fəlsəfədən, ictimai məsələlərdən danışdıq. Getdiyimiz yerə çatanda bu qənaətə gəldik ki, insan imkanı, gücü çatdıqca yaxşılıq etməlidir. Əgər buna gücü çatmırsa, onda heç olmasa pislik etməsin. Bu da bizim həyat fəlsəfəmiz oldu. Cəmil hər zaman ona edilən pisliklərə də yaxşılıqla cavab verib. Hər zaman haqqın tərəfində olub. Heç vaxt qərəzli olmayıb. İTV-dəki debatlarda onun haqqında deyilənlərin hamısı yalandır. Əgər Cəmil prezident olsa, ona pislik, haqsızlıq edənlərin heç birinə pislik etməyəcək.

Aydın Şükürov: 

– Vəzifədə işləyəndə də, deputat olanda da Cəmilin insanlara münasibətində heç bir dəyişiklik olmayıb. O, həmişə Alara gəlir, kəndin toyunda-yasında iştirak edir. Xüsusən də çətin günlərdə hər zaman insanların içində olur. İşi çox olur, xaricə tez-tez gedir, bir gün tez-bir gün gec, amma kəndimizdə düşən hüzr mərasimlərində mütləq iştirak edir, qırx verilənə qədər özünü çatdırır. Bunu kənddə kimdən istəsəniz soruşa bilərsiniz. Heç kim deyə bilməz ki, Cəmil bizim yasımızda-toyumuzda iştirak etməyib. Bakıda kimsə xəstəxanaya düşübsə, ona mütləq baş çəkib. Qardaşım xəstəxanada yatırdı, xaricdə idi. Gecə Bakıya qayıtmışdı, bazar günü olmasına baxmayaraq Cəmil səhər tezdən özünü xəstəxanaya çatdırdı. Orada bir professor vardı, bazar günü olduğuna görə işə gəlməmişdi. Eşidəndə ki, Cəmil gəlib qayıdıb, çox təəssüfləndi, dedi ki, görüşmək istəyirdim. Cəmil maddi və mənəvi köməyini heç kimdən əsirgəməyib.

Bir sinif yoldaşımız var, gəncliyi çətin keçdi. Atası, anası tez rəhmətə getdi. Çətinliklərə görə ailə qura bilmədi, indi də subaydır. Cəmil hələ neçə illər əvvəl dəfələrlə mənə deyib ki, Aydın, sinif yoldaşlarımız hamımız bir yerə yığılaq, ona bir toy edək, bütün xərci də mən öz üzərimə götürürəm, belə qalması yaxşı deyil. Cəmil belə insandır.

Aşura mərasimləri Cəmilgilin evində keçirilib

Aydın Şükürov:

 

– Hazırda bizim kənddə dörd məscid var. Azərbaycanda sovet hakimiyyəti qurulana qədər də Alarda bir neçə məscid olub. SSRİ gələndən sonra isə hər yerdə olduğu kimi Alarda da dinə yasaq qoyulub, məscidlərdən anbar, kolxoz binası kimi istifadə edilib, insanların ibadətə yığışmasına imkan verilməyib. Amma insanları dindən uzaqlaşdıra bilməyiblər. Sovet dövründə hər il Aşura mərasimi Cəmilgilin evində keçirilirdi, camaat yığılırdı, Allaha imandan, haqdan-ədalətdən, böyüyə hörmətdən danışılırdı. Çox yaddaqalan mərasimlər olurdu, böyükdən kiçiyə hamı toplanırdı, danışılanlara diqqətlə qulaq asırdılar. Elə İmam Hüseyn də ədalətsizliyə qarşı çıxmışdı. Cəmil belə ruhda böyümüş adamıdır.

 

Fərəc Orucov:

– Mən heç vaxt Cəmil haqqında pis söz, fikir eşitməmişəm. Ancaq müsbət sorağı gəlib.

Aydın Şükürov: 

– Dörd il əvvəlin söhbətidir. Zaqatala avtovağzalında çayxanada çay içirdim. Qonşu stolda oturanlar Cəmildən danışırdılar, onu tərifləyirdilər, böyük alim olduğunu deyirdilər. Onda ürəyim dağa döndü, qürur hissi keçirdim.

Namizəd

Aydın Şükürov:

– Cəmil çox düzgün etdi prezidentliyə namizəd irəli sürülməsinə razılaşdı. Bunu təkcə ona görə demirəm ki, Cəmil Həsənli bizim kəndlimizdir. Fərhad Əliyev də bizim kəndimizdəndir. Üstəlik hər ikisi mənim qohumumdur. Amma Fərhad Əliyevlə Cəmil Həsənli arasında yerlə göy qədər fərq var. Cəmil çox böyükdür…  

Fərəc Orucov:

– Əslində Cəmilin özünün prezident olmağa heç bir ehtiyacı yoxdur, bu işə xalq naminə gedir. Xalq çox pis vəziyyətdədir, dolanmaq mümkün deyil. İnsanlar səhərdən axşamacan işləyir, amma ailəsini dolandıra bilmir. Bəziləri isə heç iş də tapa bilmir.

Adil Rzayev:

– Cəmil prezidentliyə namizədliyini verməklə çox düz etdi. Bunu çoxdan etməliydi. Hətta seçilməsə belə, düz etdi. Əsas odur ki, haqq sözünü dedi. Cəmil siyasəti dərindən bilir. Ömrü kitab oxumaqla, dünya siyasətini öyrənməklə keçib.

Sovet dövründə Cəmil televiziyada veriliş aparırdı, xarici ölkələrdə baş verənləri şərh edirdi. Bir gün eşitdik ki, ermənilər Ermənistanda yaşayan azərbaycanlılara qarşı qırğın törədiblər, azərbaycanlıları ev-eşiklərindən qovublar, qatarlara dolduraraq deportasiya ediblər. Həmin çətin günlərdə Cəmil növbəti dəfə kəndə gəlmişdi, qohum-əqrəba ilə eyvanda oturmuşdu. Gəldim görüşməyə, pilləkənləri qalxa-qalxa dedim ki, Cəmil, verilişində nədən danışırsan, görmürsən ermənilər azərbaycanlıların qulaq-burnunu kəsirlər, deportasiya edirlər? Bizim nəyimizə lazımdır Nikaraquada nə baş verir. Dedi ki, imkan vermirlər danışmağa, amma mən daha susa bilmərəm. Növbəti verilişində efirə çıxanda dərhal başladı ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən danışmağa, dedi ki, Azərbaycanda vəziyyət çox pisdir, hamını haqq-ədalət uğrunda mübarizəyə çağırdı. Amma daha televiziyaya buraxmadılar. (mediaforum.az)