Jurnalistin atası ABŞ səfirliyində olub
Qondarma ittihamlarla həbs edilən jurnalist və hüquq müdafiaçisi Pərviz Həşimlinin atası Kamran Həşimov dünən Amerika Birəşmiş Ştatlarının Bakıdakı səfirliyində olub. Səfirliyin ictimai işlər üzrə müşaviri Stefan Qaislə görüşən Kamran Həşimov Moderator.az-a açıqlamasında bildirib ki, görüşdə bir sıra məsələləri müzakirə ediblər:
“Cənab Stefan Qais oğlum həbs edilərkən ona və ailsinə edilən qanunsuzluqlar, MTN təcridxanasında saxlanma şəraiti, ona edilən mənəvi təzyiqlər, həmçinin müdafiəsinin təşkili ilə maraqlandı. Müşavir Pərvizin məsələsini daim diqqətdə saxlayacaqlarını bildirdi”.
Bu arada məlumat yayılıb ki, Pərviz Həşimli vəkil Anar Qasımlının xidmətlərindən imtina edib. Jurnalistin həyat yoldaşı Ilahə Həşimova Moderator.az-a açıqlamasında deyib ki, imtinaya səbəb Anar Qasımlının məbuata verdiyi açıqlamalar olub. Pərviz Həşimli srağagün başqa bir vəkili Elçin Sadıqovla görüşüb və bu görüşdə Anar Qasımlının xidmətindən imtina etmək qərarına gəldiyini deyib.
Anar Qasımlı isə “Azadlıq”a bildirib ki, Pərviz Həşimli ilə görüşəndən sonra məsələyə münasibət bildirəcək.
“Apellyasiya Məhkəməsinin qərarı təqdim edilən kimi Pərviz Həşimli barədə həbs qətimkan tədbirinin seçilməsindən Avropa Məhkəməsinə şikayət veriləcək”. Bu barədə məlumatı isə vəkil Elçin Sadıqov məlumat verib. Pərviz Həşimlinin prezidentliyə namizədlərdən dəstək istəməsi cavabsız qalmayıb. Milli Şuranın vahid namizədi Cəmil Həsənli ilk gündən Pərviz Həşimlinin həbsini pisləyib və jurnalistin dərhal azadlığa buraxılmasını tələb edib. Bununla bağlı Milli Şura da ayrıca bəyanatla çıxış edib. Ümid Partiyasının sədri Iqbal Ağazadə isə moderator.az-a deyib ki, onların partiyası hər zaman Pərviz Həşimliyə dəstək olub: “Bildiyiniz kimi debatlarda bizə çox az zaman verilir və biz verilən vaxt ərzində yalnız öz platformamızı cəmiyyətə çatdırırıq. Biz P.Həşimlinin həbs məsəlsini daima gündəmdə saxlamaqdayıq”.
Dgər namizədlər, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Ilyas Ismayılov, Zahid Oruc, Sərdar Cəlaloğlu da Pərviz Həşimlininin müraciətinə münasibət bildirərək qeyd ediblər ki, onlar bu məsələni daima gündəmdə saxlamaqdadırlar və Pərviz Həşimlinin müdafiəsini hər zaman aktualdır.
Xatırladaq ki, Pərviz Həşimli sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham irəli sürülüb. Sentyabrın 18-də barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.