İbrahimbəyovun Əliyev proqnozu təsdiqləndi

«Milyarderlər İttifaqını» ittiham edən hakimiyyət bu qurumdan dəstək alır

Moskvada “Milyarderlər Ittifaqı” kimi tanınan Rusiya Azərbaycanlıları Təşkilatları Ittifaqı yaranan gündən Azərbaycan hakimiyyəti onu özü üçün təhlükə hesab edirdi. Eyni zamanda Milli Şura sədri Rüstəm Ibrahimbəyovun bu təşkilata üzv olmasını misal gətirən hakimiyyət təmsilçiləri Milli Şuranı da Rusiya ilə bağlamağa çalışırdı.
Buna cavab olaraq R.Ibrahimbəyov dəfələrlə öz açıqlamalarında ona qarşı səslənən ittihamlara münasibət bildirib və qeyd edib ki, əslində, Ilham Əliyevin özü Rusiyanın layihəsidir: “Ilham Əliyev 2003-cü ildə baş nazir təyin olunanda sənədlər saxtalaşdırılmışdı. Putin deyirdi ki, Ilham Əliyevi dəstəkləməyi ondan Heydər Əliyev xahiş etmişdi. Ilham Əliyev bu yaxınlarda da Rusiyaya gizli şəkildə gəlmişdi. Məqsəd Rusiyadan dəstək almaq idi”.
R.Ibrahimbəyov həmçinin Kremldən dəstək almaq məqsədi ilə Bakıdan Moskvaya çemodanlarla pulların daşındığını deyirdi.
Bu günlərdə Dağıstan prezidenti Ramazan Abdulatipovun prezident seçkiləri ilə bağlı Azərbaycan vətəndaşı olan dağıstanlılara müraciəti də kimin Rusiya ilə daha çox bağlı olduğunu bir daha təsdiq etdi.
Anspress-in məlumatına görə, Dağıstan rəhbərinin rəsmi saytında yerləşdirilən müraciətdə prezident Ilham Əliyevə dəstək nümayiş etdirilib. O Azərbaycan vətəndaşı olan dağıstanlıları hazırkı ölkə başçısı Ilham Əliyevə səs verməyə çağırıb.
Qeyd edək ki, Ramazan Abdulatipov “Milyarderlər Ittifaqı”nın üzvüdur və Rusiya prezidenti Putinə yaxınlığı ilə seçilir.

Fizzə