Gənclər mitinq çağırışı etdi

Əbülfəz Qurbanlı: «20 illik əzabın növbəti mərhələsini yaşamamaq üçün bu mitinqdə iştirak etməliyik»

Tural Abbaslı: «Ölkədə dəyişikliyə nail olmaq üçün 100 minlər meydanda olmalıdır»

Milli Şuranın növbəti mitinqi həftənin 6-cı günü Inşaatçılar metrosunun yaxınlığındakı “Məhsul” stadionunda olacaq. Xatırladaq ki, Milli Şuranın əvvəlki 2 mitinqi də bu stadionda keçirilib. Mitinq Komitəsinin verdiyi məlumata görə Mitinqlə bağlı texniki işlər yekunlaşmaq üzrədir və bütün qurumlara zəruri tapşırıqlar verilib.
Əvvəlki mitinqlərdə olduğu kimi bu dəfə də gənclər öndə olacaq və seçki dövrünün son mitinqinə xüsusi hazırlaşacaqlar.
Artıq sosial şəbəkələrdə mitinqin “event”i yaradılıb və bu mitinqin şüarı “Doğrunu seç”dir. Artıq “event”ə 70000-ə qədər insan dəvət edilib və 1000-lərlə insan bu mitinqdə iştirak edəcəyini bildirib.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı Milli Şuranın final mitinqinə daha ciddi hazırlaşdıqlarını və cəbhəçi gənclərin bu mitinqdə də kütləvi şəkildə iştirak edəcəyini bildirdi: “Mitinqlə bağlı bütün rayon şöbələrinə tapşırıqlar verilib, şüarlar müəyyənləşib, plakatlar hazırlanır və mitinqin təbliğatı aparılır. Hesab edirəm ki, bu mitinqdə də insanlar Milli Şuraya və onun namizədi Cəmil Həsənliyə dəstək olacaqlar. Çünki, bu mitinq təkcə Milli Şuranın, bu quruma üzv olan partiya və təşkilatların mitinqi deyil. Bu həm də milyonlarla ehtiyac içində yaşayan, ölkədəki anormal vəziyyətdən əziyyət çəkən insanların tribunasıdır. 20 illik əzabın növbəti mərhələsini yaşamamaq üçün, öz taleyini şərin əllərinə təslim etməmək üçün xalq Cəmil Həsənliyə dəstək olmalıdır. Biz ölkənin bütün təbəqələrini, xüsusən ölkə gəncliyini oktyabrın 5-də keçiriləcək mitinqə səsləyirik”
Müsavat Ali Məclisinin üzvü Tural Abbaslı bildirdi ki, mitinqlə bağlı partiyanın genişləndirilmiş iclası keçirilib və bütün şöbələrə mitinqə maksimum hazırlıqla bağlı tapşırıq verilib: “Bu mitinq təşviqat kampaniyasının son mitinqi olduğu üçün çalışacağıq ki, daha kütləvi, bayram əhval-ruhiyyəsində olsun. Mitinqlə bağlı çağırış vərəqələri paylanılır, sosial şəbəkələrdə iş aparılır, eyni zamanda bannerlərin, plakatların, şüarların hazırlanması işi gedir. Biz insanları bu mitinqdə iştirak etməyə səsləyirik və bildiririk ki, bu ölkədə dəyişikliklər 100 minlərin dəstəyindən asılıdır. Ona görə də xalqımızı öz taleyinə biganə qalmamağa və haqqa dəstək olmağa çağırırıq”

İlham