Hikmət Hacızadə: «Xalqın susdurulduğu, cəmiyyətin qorxu içərisində yaşadığı toplumda standart metodla sorğu keçirmək olmaz»
Gözəl Bayramlı: «Seçki günü yaxınlaşdıqca sorğularda Cəmil Həsənli Ilham Əliyevi xeyli arxada qoyacaq»
Prezident seçkiləri ərəfəsində namizədlərin seçkidəki şanslarını qiymətləndirən müxtəlif sorğular keçirilir. Həmin sorğularda demokratik qüvvələrin vahid namizədi Cəmil Həsənlinin üstünlüyü açıq formada göstərilir. “Azadlıq radiosu”nun 2000-ə yaxın internet istifadəçiləri arasında keçirdiyi sorğuda C.Həsənli respondentlərin 75 faiz səsini toplamışdı. Ilham Əliyevə üstünlük verənlərin sayı isə 12 faiz idi. Bundan başqa sosial şəbəkələrdə keçirilən çeşidli səsvermələrdə də C.Həsənlinin üstünlüyü görünür.
“ADAM” sosioloji xidmətinin 9 oktyabr prezident seçkilərinə 1 ay qalmış keçirdiyi ümummilli sorğunun nəticələrini də əslində bu qəbildən saymaq olar. Düzdür, Bakı Iqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR CENTRE) həyata keçirdiyi “Ictimai Gənclər Mərkəzi” layihəsi çərçivəsində keçirilən sorğunun nəticələri bir qədər fərqlidir. 2013-cü il avqustun 14-dən sentyabrın 14-nə qədər keçirilən sorğuda Bakı, Mingəçevir, Şəki, Gəncə, Lənkəran və Qubadan ümumi sayı 1000 nəfər olan respondent iştirak edib. Onların 43 faizi müxalifət namizədinə, 37 faizi isə Ilham Əliyevə səs verəcəyini bildiriblər. Bu ölkədə normal seçki baş tutarsa ikinci turun keçirilə biləcəyinə işarə edən yeganə sorğudur.
“ADAM” sosioloji xidmətinin rəhbəri Hikmət Hacızadə qəzetimizə açıqlamasında bildirdi ki, digər təşkilatların internet üzərindən keçirdiyi sorğu ölkədəki situasiyanı dəqiq əks etdirə bilməz. Seçicilərin heç də hamısının internet istifadəçisi olmadığını deyən H.Hacızadə vurğuladı ki, ona görə internet sorğularına ehtiyatla yanaşmaq lazımdır: “Bizim keçirdiyimiz sorğu əhali arasında keçirilib. Xalqın susdurulduğu, cəmiyyətin qorxu içərisində yaşadığı toplumda standart metodla sorğu keçirmək olmaz. Vətəndaşlara müraciət edən zaman onlardan fikrini soruşanda, adlarını qeyd etmələrini istəyən zaman onlar səmimi cavab vermirlər. Ona görə biz fikrini öyrəndiyimiz respondentlərin ad və soyad soruşmadıq. Sorğu anonim şəkildə keçirildi. Bu zaman insanda qorxu azılır. Amma standart metodla, telefon zəngi və ya şəxsən müraciət edəndə insan səmimi cavab vermir”.
Sorğunun nəticələrinin ölkədə ikinci tur keçirilə biləcəyini göstərdiyini deyən H.Hacızadə vurğuladı ki, respondentlərdən kimə hakimiyyət, yoxsa müxalifət namizədinə səs verəcəkləri soruşulub.
Sorğunun nəticələrini necə dəyərləndirdiyini C.Həsənlinin seçki qərargahının üzvü, AXCP sədrinin müavini Gözəl Bayramlıdan da soruşduq. G.Bayramlı vurğuladı ki, seçkiöncəsi müxtəlif sorğular keçirilməkdədir. Obyektivliyinə şübhə olmayan sorğuların nəticələrinə görə C.Həsənlinin seçkidə uğur qazanacağının proqnozlaşdırıldığını deyən G.Bayramlı qeyd etdi ki, C.Həsənli I.Əliyevi bu sorğularda xeylaq üstələyir. “ADAM”ın da keçirdiyi sorğunun nəticələrinin reallığı əks etdirdiyini deyən AXCP yetkilisi hesab edir ki, C.Həsənlinin seçkinin əsas favoriti olduğu şübhəsizdir: “Hələ seçki gününə var. Məncə, seçki günü yaxınlaşdıqca sorğularda Cəmil Həsənli Ilham Əliyevi xeyli arxada qoyacaq. Cəmil Həsənlinin regiondakı mitinqlərinə hələ indi start verilib. Milli Şuranın namizədi rayonlarda coşqu ilə qarşılanır. Bundan başqa seçkiyə qədər hələ bir neçə debatda olacaq. Bütün bunlar isə namizədin reytinqinə təsir edəcək. Əminəm ki, ölkədə normal seçkilər keçirilərsə, Cəmil Həsənli ikinci tura ehtiyac duyulmadan hakimiyyətin namizədinə qalib gələ bilər”.
Xəyal