Cəmil Həsənlinin açıqlamasına Türkiyədən reaksiya

Turqut Ər: «Azərbaycan hakimiyyətindən fərqli olaraq, Cəmil Həsənli Azəri türkü ilə Türkiyə türkünün birliyini istəyir»

Elxan Şahinoğlu: «Cəmil Həsənlinin toxunduğu məsələ aktualdı və qısa müddətdə həll olunmalıdır»

Türkiyə mətbuatında Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin müsahibəsi yayımlandı. Müsahibəni Anadolu agentliyi alıb və “Yeni Şafak”, “Türkiyə” kimi populyar qəzetlərdə, “Timeturk”, “Beyazqazete” kimi böyük xəbər portallarında tirajlanıb.
Cəmil Həsənli müsahibəsində prezident seçiləcəyi təqdirdə Azərbaycan tərəfindən Türkiyə vətəndaşlarına tətbiq olunan viza rejimini ləğv edəcəyini söyləyib. O bildirib ki, Türkiyə vətəndaşlarına Azərbaycanda viza tətbiqinə anlam verə bilmir. Rusiya, Ukrayna vətəndaşlarının ölkəyə vizasız gəldiyi halda, tarixin ən çətin zamanlarında Azərbaycanın yanında olan Türkiyə vətəndaşlarına viza tətbiq olunur.
Cəmil Həsənlinin uzun illərdi iki ölkə arasında həll olunmaz problemə çevrilən məsələni gündəmə gətirməsi Türkiyədə də müsbət qarşılanıb. Uzun illər Azərbayacanda Türkiyə səfirliyinin mətbuat attaşesi işləmiş, tanınmış ziyalı Turqut Ər də Cəmil Həsənlinin toxunduğu məsələyə münasibət bildirib. Turqut Ər hesab edir ki, Cəmil Həsənli çox zəruri olan məsləyə toxunub və bu açıqlama Türkiyədə həm siyasi, həm də digər sektorlarda yüksək qiymətləndirilib: “Cəmil Həsənli türk dünyasının böyük alimlərindəndir və türk dünyasının birləşməsində rol oynaya biləcək şəxsiyyətdir. Bu gün də Cəmil Həsənlinin yanında Azərbaycanın tanınmış, ləyaqətli insanları dayanıb. Belə bir adamın prezident olacağı təqdirdə müsbət addımlar atacağı şübhəsizdir. Cəmil Həsənli bilir ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız neft, qaz kəmərləri ilə bağlı deyil. Əsas Türkiyə və Azərbaycan xalqının birlikdə olmasıdır. Viza məsələsi Heydər Əliyevin hakimiyyəti dövründə də, Ilham Əliyevin hakimiyyətdə olduğu 10 ildə də həll olunmadı. Hər dəfə Azərbaycan tərəfi Türkiyənin baş nazirini, prezidentini aldadaraq, məsləni uzadıb. Türkiyə iqtidarı bunun fərqindədir. Azərbaycandakı hakimiyyət Azəri türkü ilə Türkiyə türkünün birləşməsini istəmir. Cəmil Həsənli isə millətçi, vətənpərvər insandır və buna görə də bu məsələyə toxunub. Biz buna görə Cəmil Həsənliyə təşəkkür edirik və uğurlar arzulayırıq”

Politoloq Elxan Şahinoğlu da Cəmil Həsənlinin toxunduğu məsələnin aktual olduğunu və viza məsələsinin həll olunmasının vacibliyini bildirdi: “Bu məsələni qısa bir müddətdə həll etmək lazımdır. Türkiyə Azərbaycanın strateji müttəfiqidirsə, prinsipial məsələlərdə Azərbaycanı dəstəkləyirsə, bu ölkələr arasında viza rejimi ləğv edilməlidir. Bu yaxınlarda Türkiyənin prezidenti Abdullah Gül BMT-nin 68-ci sessiyasındakı çıxışında Dağlıq Qarabağ münaqişəsindən və bu məsələnin həll olmasından danışdı. Azərbaycan üçün çox önəmli olan məsələni yüksək tribunadan yalnız Türkiyə deyirsə, belə bir ölkə ilə viza rejimini aradan qaldırmağa Azərbaycan hakimiyyəti maraqlı olmalıdır. Bu məsələdə Iran bəhanə olmamalıdır. Cəmil Həsənli çox mühüm məsələyə toxunub və bu məsələnin həlli vacibdir”
Cəmil Həsənlinin viza məsləsi ilə bağlı səsləndirdiyi fikirlərə Türkiyənin Azərbaycandakı səfirliyi “biz seçki öncəsi namizədlərin çıxışlarına şərh verməyi məqsədəuyğun saymırıq”- deyə münasibət bildirib.

İlham