YAP görüşlərə adam yığmağın yolunu “tapıb”

Hakim partiya kütləviliyə nail olmaq üçün seçicilərlə görüşü şadlıq evlərində təşkil edir

Demək olar ki, hər gün YAP-ın müxtəlif rayonlarda seçicilərlə görüşlər keçirməsi və insanların zorla bu görüşlərə gətirilməsi haqda məlumat veririk. Yazılarda təqdim etdiyimiz fotolordan görünür ki, hakim partiya yerlərdə kütləvi tədbirlər keçirə bilmir və Ilham Əliyevin növbəti prezidentliyinə insanlar dəstək olmur.
Əldə etdiyimiz məlumatlara görə, hakimiyyət uğursuz keçən rayon görüşlərindən bərk narahat olub və həmin rayonlarda yenidən görüşlərin keçirilməsinə başlanılıb. Belə ki, kütləvi görüşlərin alınmadığı rayonlarda rayon rəhbərlərinə ciddi tapşırıqlar verilib və onlara xəbərdarlıq olunub. Demək olar ki, əksər rayonlarda Ilham Əliyevin seçki qərargahının nümayəndələri təkrar görüşlər keçirməyə başlayıb. Ancaq yenə də kütləviliyi təmin etmək çətinlik yaradıb. Bundan sonra hakimiyyət yeni üsula əl atıb. Seçicilərlə görüşlər həmin rayonlarda fəaliyyət göstərən şadlıq evlərində təşkil edilib. Bu addımın atılmasında məqsəd insanları müxtəlif çeşidli yeməklərlə görüş yerinə çəkməkdir. Yəni, hakim partiyanın nümayəndələri düşünür ki, açıq havada, müxtəlif zallarda keçirilən görüşlərdə iştirak etməyən adamlar, yemək məclisində mütləq iştirak edəcək.
Görünür, hakimiyyət xalqın zəif yerini bilir. 20 ildir insanların doyunca yemədiyini, ailələrin sosial problemlərin məngənəsində sıxıldığını bunlar yaxşı bilir.
Bütün bu “əməliyyat”lardan sonra hakim partiyanın namizədinə kütləvi dəstəyi təmin etmək mümkün olmayıb.
Ötən gün Ilham Əliyevin təbliğat kampaniyası çərçivəsində YAP-çılar Gəncə şəhərində seçicilərlə görüş keçirib. Ancaq ölkənin ən böyük şəhərlərindən birində keçirilmiş görüşdə 20 -yə qədər insan iştirak edib. Gəncədən çəkilmiş fotolara baxanda hakimiyyətə xalqın necə dəstək verdiyini aydın görmək olur.
Ötən gün YAP Laçın təşkilatı Qaradağ rayonunun Sahil qəsəbəsində də Ilham Əliyevin təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Rayon rəhbərliyinin bütün cəhdlərindən sonra 30-a yaxın insanı görüş keçirilən məkana toplamaq mümkün olub. Bu görüşdən çəkilmiş fotoları da oxuculara təqdim edirik.
Eyni zamanda ötən gün Samux rayonunun Yenikənd, Lüksemburq və Qırmızı Samux kəndlərində də Ilham Əliyevin təbliğatı məqsədilə seçicilərlə görüş keçirilib. Samux görüşü əvvəlki görüşlərdən də bərbad vəziyyətdə təşkil olunub. Belə ki, Samuxdan çəkilmiş fotolar bu rayonda hakim partiyanın namizədinə 5-6 nəfərin dəstək olduğunu göstərir.
Hakimiyyətin Milli Şuranın paytaxtda və rayonlarda görüşlərinə əngəl yaratmasının bir səbəbi də, özlərinin keçirdiyi görüşləri sığortalamq məqsədi güdür. Yəni, hakimiyyət istəmir ki, özünün 30 nəfərlə görüş keçirdiyi rayonda, müxalifət namizədi 1000-2000 nəfərlik görüş keçirib reallığı faktlarla sübut etsin. Ancaq bütün cəhdlərdən sonra həqiqət öz yerini tapır.

İlham