Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin debatlardakı çıxışlarına hakimiyyət nümayəndələri çeşidli reaksiyalar verirlər. Özünü unudub prezidentliyə hakimiyyətin namizədinin təbliğatı ilə məşğul olan “namizədlər” isə Azərbaycanın seçki absurdlarının ən gülünc və ikrah doğuran görsənişlərindəndi. Rusbaş saqqallıdan tutmuş ləyaqətsizlik mücəssəməsi olan canlıyadək hamı bütün gücsüzlüyünü Cəmil müəllimə qarşı yönəldib.
Yel qayadan heç nə aparmasa da, cəmiyyətdən, onun əxlaq dəyərlərindən nəsə qoparır. Bu çıxışların bəzilərinə baxanda belələri ilə bir millətə mənsub olduğuna görə xəcalət çəkirsən. Nəyinsə naminə hər cür rəzaləti oxumağa razılaşanlar heç olmasa iddia etdikləri postun şərəfini düşünsünlər. Bu adamlar üçün imza toplatdıranlar, onları qeydə aldıranlar da əslində onlarla birlikdə məsuliyyət daşıdıqlarının fərqində olmalıdılar. Belələrini prezidentliyə namizəd statusuna sürüyənlər anlamalıdılar ki, onlar ölkə prezidenti kimi yüksək dövlət postunu hörmətdən salırlar.
Prezidentliyə hər bir namizəd alternativ düşüncə, alternativ platforma, ümumiyyətlə, alternativlik deməkdi. Fərqli düşüncə və platforma cəhənnəm, hansısa düşüncəsi və ya səviyyəsi olmayan adamların bu posta dırmaşmaq cəhdlərini seyr edən seçicilərə kiminsə yazığı gəlirmi?
Bizim seçim imkanlarımızı zorlayan hakimiyyət bir də oktyabrın 9-da buna cəhd edəcək. Istənilən canlı ən azı özünüqoruma instinktinə sahibdi. Heç olmasa instinktimizin ölməsinə imkan verməyək.
Hakimiyyət bütün resurslarını işə salaraq Cəmil müəllimə hücuma keçib. “Regionun lider dövləti”, “sabit və güclü hakimiyyət”, “dünya şöhrətli lider” və s. və i.a. bir sadə müəllimə, bir tarix doktoruna qarşı bir dəstə hüquq doktoru çıxarıb. Hüququ karyera nərdivanına çevirmiş doktorlar…
Plagiat doktorları ilə işim yox. Parlamentin hüquq doktorlarından olan Ziyafət Əsgərovun parlament tribunasından qanunvericiliyə verdiyi təfsiri eşidəndə öz prezidentinə gözəlləmə oxuyan Hacı Əbdül yadıma düşdü: “Təkbir!”
Ziyafət müəllim dedi: “Konstitusiyanın 106-cı maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin toxunulmazlıq hüququ var. Prezidentin şərəf və ləyaqəti qanunla qorunur. Biz prezidentimizi qoruya bilirikmi? Yox. Prezident ən ali dövlət postlarına sahibdir. O, icra hakimiyyətinin başçısıdır, ali baş komandandır, Təhlükəsizlik Şurasının sədridir. Konstitusiyanın bu maddəsi o deməkdir ki, prezidentin şərəf və ləyaqətinin müdafiəsi haqqında xüsusi qanun olmalıdır və biz bu qanunu mütləq elə bu sessiyada qəbul etməliyik”.
Bu sözlər adi növbətçi çıxış deyil. Bu sözlər Konstitusiyaya verilən təfsirdi. Təfsirin çox formaları var. Hüquq doktorunun verdiyi təfsir məcburi xarakter daşımır və hüquqda ona doktrinal təfsir deyirlər. Ancaq bu, qanuna sayğı göstərın dövlətlərdə belədi. Bizdə isə doktor həm də ali qanunverici orqanın rəhbərlərindən biridisə, üstəlik, o, hüquq üstündə karyera qurubsa, bu təfsiri məcburi təfsir saymamaq ciddi söhbət deyil. Necə ki, parlament bunu belə də qəbul elədi və başladı “Prezidentin şərəf və ləyaqətinin müdafiəsi haqqında” Qanun layihəsini hazırlamağa.
Konstitusiyanın 106-cı maddəsinə verilən təfsir nəyə əsaslanır və düzgündürmü?
Məncə, bu təfsirin heç bir hüquqi əsası yoxdu və o, nəinki düzgün deyil, həm də zərərlidi. Bunu hətta prezidentliyə namizəd Fərəc Quliyev də başa düşdü və ona etiraz elədi. Azərbaycanın heç bir qanununda belə müddəa yoxdu və bu nəticə anormal məntiqin məhsuludu. Qanunvericilikdə hər bir şəxsin şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi barədə normalar var və kimin üçünsə kral toxunulmazlığı statusu yaratmaq hüquq dövləti ilə bir araya sığmır. Sadəcə ölkədə insan haqlarına sayğı mühiti yaratmaq, hamı üçün gerçək ədalət mühakiməsi təmin etmək yetər. Kimin şərəfi və ləyaqəti nə qədərdisə, cəmiyyətdən və ədalət mühakiməsindən layiqli qiymətini alacaq.
Nəyə görə xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş, hər bir azərbaycanlının prezidenti olacağına söz vermiş adamın şərəf və ləyaqətinin qorunması üçün özəl qanun olmalıdı? Belə qayda avtoritarizm əlaməti, xalqa sayğısızlıq, özünü hamıdan yüksəkdə tutmaq əlamətidi. Prezident də vətəndaşdı və onun şərəf və ləyaqəti bizimlə bir qaydada müdafiə olunmalıdı. Ən azı ona görə ki, o, hamımızım prezideti olmaq iddiasındadı. Belə iddia isə qanuni və ədalətli olmalıdı. Hamının qəbul eləməsi və sayğı göstərməsi üçün.
Hamının…
Ənnağı Hacıbəyli