Seçiciyə bir neçə söz

“Onsuz da saxtalaşdıracaqlar” – azərbaycanlıların beyninə yeridilmiş ən qorxunc qənaətdir bu.

Çoxluğun düşüncəsinə hakim olan bu fikir Əliyevçi rejimin onillərdir mövcudluq sirridir, varolma səbəbidir.

Eyni məntiqlə soruşmaq olar adamlardan: onsuz da sonu ölümdürsə, doğulmağa dəyərmi?

Onsuz da sonu pis bir ifrazatdırsa, yeməyə dəyərmi?

Bəli, “onsuz da saxtalaşdıracaqlar” düşüncəsi seçkiyə getməmək, səs verməmək üçün bəhanə ola bilməz.

Sizin vermədiyiniz səs – sizin saxtalaşdırmada dolayı yolla iştirakınızdır.

Siz vətəndaş məsuliyyətinizi hiss edib səs verdiyiniz təqdirdə, ən azı, vicdanınız rahat olacaq: saxtalaşdırılan sizin səsvermə bülleteniniz deyil.

Səs verməyəcəksinizsə, “gedin, mənim bülletenimə kimin adı lazımdırsa, yazın, atın qutuya” demiş olacaqsınız.

Birbaşa da olmasa, dolayısı ilə saxtakarlığa çanaq tutmuş olacaqsınız.

Seçkiyə inamsızlıq, seçki ilə dəyişikliyə ümidsizlik yaratmaq bu rejimin ötən illər ərzində bir nömrəli siyasi hədəfi olub. Və o hədəfə çatmağı da, maələsəf, bacarıb.

“Onsuz da filankəs seçiləcək” – bununla həm toplumu öncədən saxtalaşdırılmış nəticə ilə barışdırırlar, həm də saxtalaşdırma üçün rahat imkanlar əldə edirlər. Necə deyərlər, seçici yoxdursa, problem də yoxdur. Lap “insan yoxdursa, problem də yoxdur” misalı kimi.

Ortada haqsızlıq varsa, hüquqsuzluq varsa, talançılıq, özbaşınalıq varsa, buna etiraz etməmək, buna təpki verməmək üçün heç nə bəhanə ola bilməz. Olmamalıdır.

Sən doğru seçimini et, səsini ver, iradəni göstər, vicdanını rahatlat. Bu haqsızlığın, hüquqsuzluğun ömrünün daha da uzanmasında iştirakçı və seyrçi olmadığını göstər.

Gerisi nə olacaqsa, qoy olsun.

Məsələ bunda deyil, çünki.

Məsələ ondadır ki, vicdanın qarşısında, övladlarının yanında alnın açıq, üzün ağdır.

Inanın, bir insan üçün yaşadığın ölkənin dibsiz uçuruma, zil qaranlığa, qorxunc bataqlığa gömülməsində payının olmadığını…

Bu pis, çirkin gedişatın durması üçün bacardığı töhfəni verdiyini, əlindən gələni əsirgəmədiyini özü-özlüyündə bilməsi belə, az iş deyil.

Və indi müəllifini xatırlamadığım bu müdrik sözləri yaz yaddaşının bir yerinə, heç zaman da unutma:

“Mübarizə aparanlar məğlub ola bilərlər.

Mübarizə aparmayanlar isə artıq məğlubdurlar!”

Düşündürücü not

Cəmil Həsənlinin teleçıxışlarında ölkədəki bank talançılığı barədə birbaşa tənqidlərinin xalq arasında geniş ajiotaj doğurduğunu müşahidə edirəm. Xüsusən 5 min manata qədər olan kreditlərə amnistiya elan ediləcəyi barədə vədinin çoxluğu həyəcanlandırdığını da bilirəm.

Amma…

Amma mərc bağlaya bilərəm ki, bu saat əksər azərbaycanlılar fikirləşir ki, elə günü bu gün gedib bankdan kredit götürsünlər, nə də olmasa, Cəmil Həsənli gələcək və “kredit amnistiyası” elan edəcək.

Ancaq di gəl, bunun üçün öncə Cəmil bəyə səs verməyin lazım olduğu çoxunun ağlına gəlməyəcək.

Korrupsiya ilə belə mübarizəyə yox!

Zakir Qaralov “korrupsiya ilə mübarizəni özümüzdən başlamalıyıq” dedi, üstündən bir gün keçdi, 18 yaşlı gənc Cabbar Savalanlı şərlənərək həbs edildi.

Ilham Əliyev “korrupsiyanın meydanı daraldılmalıdır” dedi, üstündən üç gün keçdi, 23 yaşlı gənc blogger Mehman Hüseynovu Baş Prokurorluğa aparıb saatlarca dindirdilər.

Adamın “allahı sevərsiz, bizə korrupsiya ilə mübarizə-zad lazım deyil, bizi şərləməyin, həbs etməyin yetər” deyə hayqırması gəlir.

Qarın qardaşdan irəli deyil!

Zərdüşt Əlizadə: “Hər dəfə qardaşımla (Araz Əlizadə ilə – E.A.) aramızda olan bütün münasibətləri niyə kəsdiyimi soruşanlara debatlar ən yaxşı cavabdır”.