Hakimiyyət Elşad Abdullayevin mandat alverilə bağlı yaydığı sonuncu görüntüləri təsadüfi saymır
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin mandat alverilə bağlı yaydığı sonuncu video hakimiyyətdə ciddi təşviş doğurub. Iqtidar mətbəxindən sızan məlumatlara görə, təşvişə səbəb bu dəfəki videoda mandat alverilə bağlı birbaşa Ilham Əliyevin adının çəkilməsidir.
Məlumat üçün deyək ki, bu videoya qədər mandat alverində yalnız Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin adı hallandırılırdı. Bu, hakimiyyəti bir o qədər də narahat etmirdi. Əksinə, iqtidardakı Ramiz Mehdiyev əleyhdarları məsələnin gündəmdə qalmasına çalışırdılar. Lakin sonuncu video vəziyyəti dəyişib. Hədəfdə hakimiyyətin birinci şəxsi Ilham Əliyevdir. Iqtidarda düşünürlər ki, videonun indiki ərəfədə yayılması təsadüfi deyil. Bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasının hesabatında bu məsələnin vurğulanması ardınca da belə bir videonun yayımlanması hakimiyyətdə bunlar arasında əlaqənin olduğu rəyini yaradıb.
Digər tərəfdən prezident seçkisinə bir neçə gün qalıb. Iqtidarda hesab edirlər ki, bu video ilə mandat alverinə görə məhz Ilham Əliyevin hədəfə gətirilməsi qarşıdan gələn prezident seçkisi ilə də bağlı ola bilər. Hakimiyyət düşərgəsində Elşad Abdullayevin son videosunu beynəlxalq aləmin seçkinin nəticələrini tanımamaq üçün zəmin hazırlanması kimi də dəyərləndirənlər də var.
Informasiya şöbəsi