Hesabatda Cəmil Həsənliyə hücumlar, YAP-ın mitinqinə adamların zora aparılması, Əli Kərimlinin oğlunun həbsi kimi məqamlar yer alıb
ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun (ATƏT/DTIHB) seçkiləri müşahidə missiyası Azərbaycanda prezident seçkilərilə bağlı ikinci aralıq hesabatını açıqlayıb. “Azadlıq” radiosunun məlumatına görə, hesabat 16-28 sentyabr tarixləri arasında seçkiqabağı situasiyanın və seçki kampaniyasının müşahidəsi əsasında hazırlanıb.
Hesabatda bildirilir ki, sentyabrın 16-da başlayan seçki kampaniyası ümumilikdə sakit mühitdə davam edir. Amma kampaniya dövründə bəzi siyasi şəxslərin ailə üzvlərinin hədələnməsi ab-havanı pisləşdirib. Indiyə qədər aparılan kampaniyada konkret siyasi platforma deyil, daha çox şəxsiyyətlər hədəfə alınıb, seçki prosesi əsaslı debatların çatışmaması ilə müşayiət olunur. Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) başladığı seçkiqabağı təşviqat maliyyə ilə təmin olunan bir kampaniya təsəvvürü yaradır.
Hazırkı prezidentin seçkiqabağı təşviqatı daha çox regional sabitlik, iqtisadi inkişaf və prezidentliyi dövründə əldə edilmiş digər nailiyyətlər üzərində qurulub. Prezidentin şəxsən seçki təşviqatı aparmamasına baxmayaraq, o, ölkə başçısı kimi ölkədaxili səfərlərini davam etdirməkdədir. ATƏT/DTIHB-nin Seçki Müşahidə Missiyasının müşahidəçiləri adamların YAP-ın mitinqlərinə məcburi aparılmasıyla bağlı 3 hal qeydə alıb.
Seçki Müşahidə Missiyası indiyədək 21 seçkiqabağı təşviqat mitinqini müşahidə edib. MSK seçkiqabağı təşviqat tədbirlərinin keçirilməsi üçün 152 qapalı və açıq məkan müəyyənləşdirib. Bu qanunun tələbilə edilsə belə, bəzi namizədlər həmin məkanları ictimai tədbirlərin keçirilməsi üçün qeyri-məqbul hesab edirlər.
Sentyabrın 14-ə qədər olan məlumata görə, seçicilərin sayı 5 milyon 16 min 365 nəfər təşkil edib. Bu da may ayında edilən yenilənmədən sonra siyahıya əlavə 30 min seçicinin daxil olması deməkdir.
MSK hər bir namizəd üçün radio və televiziyada hər həftə 6 saatlıq ödənişsiz efir vaxtı ayırıb. Namizədlərdən ikisi dəyirmi masa formatı ilə əlaqədar etirazlarını bildiriblər.
Hesabatda sentyabrın 19-da ITV-dəki dəyirmi masada baş verənlərə də diqqət yetirilib. Qeyd olunub ki, ITV-də yayımlanan dəyirmi masa zamanı hazırkı prezident və onun ailə üzvlərinə məxsusluğu iddia olunan xaricdəki əmlak barədə qızğın müzakirə gedib. Bu müzakirədən sonra Cəmil Həsənliyə prezident və ailəsinin şərəf və ləyaqətini alçaltmaqla Konstitusiyanın 106-cı maddəsini pozması iddiası əsasında “ciddi” xəbərdarlıq edilib. Lakin Avropa Məhkəməsinin presedent hüququna əsasən, dövlət vəzifəsi tutanların xüsusi müdafiə olunması ifadə azadlığına ziddir. Avropa Məhkəməsinin presedent hüququna görə, dövlət başçısının nüfuzunun qorunması onunla bağlı olan məlumat və rəyləri əldə etmək hüququna qarşı müdafiə üçün əsas ola bilməz.
Hesabatda həmçinin qeyd olunur ki, digər namizədlərlə müqayisədə Ilham Əliyevə daha çox təbliğat imkanı yaradılıb. Xüsusən telekanallarda Ilham Əliyev geniş reklam olunur. Digər namizədlər üçünsə belə imkan yaradılmır.
Sənədi hazırlayanlar “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin həbsinə də diqqət yetiriblər. Qeyd olunub ki, Azərbaycanda jurnalist qanunsuz silah saxlama ittihamıyla həbs olunub.
AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və iki dostunun həbsi, həmçinin Cəmil Həsənlinin mətbuat katibi Oqtay Gülalıyevin oğlunun bıçaqlanması da hesabatda öz əksini tapıb.