BMT müfəttişləri Dəməşqdən çıxdı d

Indi də Rusiya kimyəvi silahla bağlı təhqiqata başlayıb

Lavrov: «Suriya müxalifətini tezliklə danışıqlar masasına oturtmaq lazımdır»

 

Suriyada kimyəvi silahla bağlı araşdırma aparan BMT müfəttişləri Dəməşqi tərk edib. Beynəlxalq mütəxəssislər avqustun 21-də Suriya paytaxtı yaxınlığında kimyəvi silahdan istifadə faktlarını öyrənirdi. BMT müfəttişlərinin yekun rəyinə əsasən, həmin gün tərkibində zarin olan maddədən istifadə olunub. Lakin bunun məsuliyyəti heç bir tərəfin üzərinə qoyulmayıb. Tezliklə Suriyada beynəlxalq müfəttişlərdən ibarət daha bir qrup fəaliyyətə başlayacaq. Həmin qrup ölkədəki kimyəvi silah ehtiyatlarının məhvi prosesində iştirak edəcək.  

Indi də Rusiya Suriyada baş vermiş kimyəvi silah tətbiqi ilə bağlı günahkarları üzə çıxarmaq üçün təhqiqat aparır. 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Rusiya kimyəvi silahdan istifadəyə dair bütün informasiyaların qərəzsiz araşdırılması və günahkarların müəyyənləşdirilməsində maraqlıdır. Nazir BMT ekspertləri hələ Suriyaya getməmiş Bəşər Əsədi kimyəvi silah tətbiqində suçlayan Qərb dövlətlərini tənqid edib. S.Lavrov qeyd edib ki, bu məsələlər bütün faktlardan istifadə edilməklə BMT Təhlükəsizlik Şurasında müzakirə olunmalıdır. 

Lavrov onu da bildirib ki, Suriya müxalifətinin ağlı başında olan nümayəndələrini tezliklə danışıqlar masasına oturtmaq lazımdır. Çünki Cenevrə-2 konfransının keçirilməsinin vaxtının uzanması ekstremistlərin əlinə oynayır: “Ağlı başında olan müxalifət nümayəndələri deyəndə, Suriyanın ərazisində xilafət yaratmaq haqqında fikirləşməyən, hakimiyyəti sadəcə ələ keçirib daha sonra bu hakimiyyətdən öz istəyinə görə istifadə etməyi fikirləşməyənləri nəzərdə tuturam. Hansı ki, həmin müxalifət nümayəndələri öz ölkələrinin taleyi, ərazi bütövlüyünün qorunub saxlanılması və bütün etnik-dini qrupların təhlükəsiz və dinc şəraitdə yaşaması barədə düşünürlər. Ümid edirəm ki, müxalifət tərəfindən belə məsuliyyətli xadimlər tapılacaq. Istisna etmirəm ki, silahlı müxalifətin ekstremist çıxışları və terrorçu baxışları olmasa, o, daha yaxşı təqdim oluna bilər. Bunu hətta Bəşər Əsəd də demişdi”.

Rusiya XIN başçısı xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə görə, Suriya konfliktinin tərəflərini Cenevrə – 2 konfransında bütün Suriya ictimaiyyəti təmsil etməlidir. S.Lavrov hal-hazırda Suriya müxalifətini Cenevrə-2 konfransında kimlərin təmsil edəcəyinin məlum olmadığını da söyləyib: “Konfransın noyabrın ortalarına qədər keçiriləcəyi alınacaqmı, bunu bilmirəm”(APA).