Hansı namizədin dəstəkləndiyi seçicilərlə görüşdən bəlli olur
Seçki yaxınlaşdıqca hakimiyyətin nəzarətində olan KIV-lər müxtəlif rəy sorğuları keçirir və bu sorğuların nəticəsində Ilham Əliyevin 70, 80, 90 faiz səs aldığı elan olunur. Bu sorğuların nəticəsi onsuz da cəmiyyətdə ciddi qəbul edilmir və bu sorğuların məqsədi hər kəsə aydındır.
Eyni zamanda hakimiyyət Milli Şuranın mitinqlərini, rayon görüşlərini kiçiltməyə, bu görüşlərdə insanların iştirak etmədiyi görüntüsünü yaratmağa çalışır.
Bəs əslində vəziyyət necədir? Gəlin sorğularda qalib gələn YAP namizədinin və Milli Şuranın namizədinin təşviqatı çərçivəsində keçirilən görüşlərə nəzər salaq.
Ilham Əliyevin təşviqat kampaniyası çərçivəsində son olaraq Ağstafa, Mingəçevir, Sumqayıt və Ağcəbədi rayonlarında görüşlər keçirilib.
Sentyabrın 30-da Ağcəbədinin Qaravəlli kəndində Ilham Əliyevin seçki qərargahının üzvləri seçicilərlə görüş keçirib. Rayon rəhbərliyi bütün gücünü səfərbər etsə də, nəinki Siyavuş Novruzovun dediyi 10000 adam, 40 adam da bu görüşdə iştirak etməyib.
Ilham Əliyevin seçki kampaniyası çərçivəsində Ağstafa rayonunun Vurğun qəsəbəsində, Həsənsu, Eynallı, Köçəsgər və Qırılı kəndlərində də partiya fəalları ilə görüş keçirilib. Ancaq fotolardan göründüyü kimi, insanları bu görüşə yığmaq mümkün olmayıb. Müəllimləri, həkimləri, şagirdləri təzyiq yolu ilə belə görüşlərə cəlb etməyə adət etmiş rejim, artıq bu üsulun da xeyir vermədiyini görür. Ağstafa görüşündən çəkilmiş fotolardan aydın olur ki, hakimiyyət bu rayonda da kütləviliyi təmin edə bilməyib.
YAP-ın Mingəçevir sakinləri ilə görüşü də iflasa uğrayıb. Belə ki, Mingəçevir boyda şəhərdə Ilham Əliyevə dəstək olmaq istəyənlər 25 nəfərdən çox olmayıb. Mingəçevir şəhərindən çəkilmiş fotolar da əvvəlkilərdən fərqlənmir.
Ilham Əliyevin nümayəndələri Sumqayıt şəhərində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə də görüş keçirib. Ziddiyyət ondadır ki, 20 ildə laçınlılara 1 qarış Laçın torpağı qaytara bilməyənÿhakimiyyət indi laçınlılardan səs istəyir. Görünən isə budur ki, məcburi köçkünlər bu hakimiyyətə etimad göstərmir və bu görüşlərdə iştirak etməkdən imtina edir.
Bu kimi faktlar yüzlərlədi və zaman-zaman oxuculara təqdim etmişik.
Milli Şuranın namizədinin görüşləri necə keçir?
Hakimiyyət nümayəndələri Milli Şuranın mitinqlərində iştirak edən insanların sayını 100 dəfə azaltmağa adət etsə də, bu görüşlərə müxtəlif vasitələrlə maneələr törətməyə çalışsalar da, insanlar yenə də Milli Şura namizədinin görüşlərində kütləvi şəkildə iştirak edir.
Məsələn, Milli Şuranın namizədi Cəmil Həsənlinin Mingəçevir şəhərində seçicilərlə keçirdiyi görüşdə insanlar fəal iştirak etdi. Fotolardan da göründüyü kimi, zalda bütün yerlər doludur və insanlar Cəmil bəyi coşquyla qarşılayır. Əsas isə odur ki, bu insanlar zorla, şantaj olunaraq, təzyiqlər nəticəsində bu zala toplanmayıb. Əksinə, xeyli sayda insan təzyiqlərlə üzləşməməsi üçün görüş yerinə gələ bilməyib.
Və yaxud Cəmil Həsənlinin Xətai rayonunda seçicilərlə görüşünü xatırlayaq. Bu görüşdə də əksər hissəsi gənc olmaqla insanların Cəmil Həsənliyə dəstək ifadə etdiyi aydın görünür. Milli Şuranın Yasamal rayonunda keçirilən 2 mitinqi də insanların Milli Şuraya dəstəyinin göstəricisidir. Nə qədər birtərəfli təbliğat aparılsa da, nə qədər digər namizədləri Cəmil Həsənlinin əleyhinə danışdırsalar da, nə qədər insanları təzyiq altında saxlasalar da, xalq həqiqəti bilir və xalqın gözü tərəzidir.
Bir sözlə, elmin, texnologiyanın inkişaf etdiyi bir dövrdə insanları yalan təbliğatla aldatmaq mümkün deyil.
Təqdim etdiyimiz fotolar onu göstərir ki, zorla, qılınc gücünə, yalançı vədlərlə insanların dəstəyini qazanmaq olmaz. Insanların həqiqi dəstəyinə, səmimi tərəfdaşlığına nail olmaq üçün gərək özün mütləq təmiz olasan.
Ilham Hüseyn