Rəhim Qazıyev: «Ləyaqəti olan adam başqasına böhtan atmaz»
Tanınmış vəkil Aslan Ismayılov “facebook” səhifəsində ASDP sədri Araz Əlizadənin Əlikram Hümbətovla isti münasibətlərinin olmasından yazıb: “Əlikram Hümbətovun oğurladığı polisləri heç kim azad edə bilmirdi. Araz Əlizadə onunla danışdıqdan sonra polislər azad olundu. Ondan sonra əmin oldum ki, Araz Əlizadə Əlikram Hümbətovla eyni komandadadır”.
ASDP sədri Araz Əlizadə isə öz növbəsində bildirib ki, Aslan Ismayılovun dedikləri məntiqdən uzaqdır və həqiqəti əks etdirmir. Ancaq Araz Əlizadə bununla da kifayətlənməyib: “Əlikram Hümbətov Rəhim Qaziyevə qoşulmayanədək çox ağıllı, vətənpərvər bir insan idi. Nə vaxt ki, Rəhim Qazıyevə qoşuldu və onun təsiri altına düşdü,ÿzayı çıxdı və dönüb oldu separatçı”,- deyə ASDP sədri bildirib.
Haqqında deyilənlərə keçmiş müdafiə naziri Rəhim Qazıyev də münasibət bildirdi. “Araz Əlizadə səviyyəsində bir adama cavab vermək istəməzdim. Ancaq bəzi məsələlərə aydınlıq gətirmək lazımdır. Araz Əlizadə tərbiyəni 2 professordan alıb və mən həmin adamların hər tərəfini yaxşı tanıyıram. Ləyaqəti olan insan başqasının adına böhtan deməz. Araz Əlizadə açıqlama vermişdi ki, guya mən nazir olanda əməliyyat xəritəsini aparıb Rusiyada müzakirə etmişəm və bu haqda hava limanında Araz Əlizadəyə məlumat vermişəm. Bu qədər yalançı, ləyaqətsiz adama mən nə deyim?! Mən Əlikram Hümbətovla 1989-cu ildə tanış olmuşam. Həmin dəstələrdə qeyrətli oğullar çox idi və döyüşlərdə şəhid olanlar da var idi. Mən ekstrasens deyiləm ki, Əlikramın ürəyindən keçənlərin hamısını biləm. Mən bir dəfə Əlikrama dedim ki, sən bir də Talış-Muğan söhbəti eləsən, səni mən güllələyəcəm. Mən Əlikramın mövqeyini müdafiə etmirəm və lənətləyirəm. Əlikramın ləyaqəti çatmır ki, açıb desin ki, kimin sifarişiylə Talış-Muğan söhbətini qabartmışdı.
Araz Əlizadə yaxşı olar ki, ayıbına qısılsın, prezidentliyə namizəd kimi çıxışlarından utansın. Özünü namizəd sayan adam Ilham Əliyevə vəkillik edib yaltaqlanmaz”.
Ilham Hüseyn