Bu həbslər bizi yolumuzdan döndərə bilməz!

Emin Axundov: «Bu ölkədə xalqın azad və firavan yaşaması uğrunda mübarizə aparanlar həbsxanada, oğrular, korrupsionerlər isə azadlıqdadır»

Martın 11-i və 12-də keçirilən aksiyalar zamanı həbs olunan gənc fəallar bir-bir azadlığa buraxılır. Dünən AXCP Gənclər Komitəsinin üzvü Emin Axundov da Binəqədidəki Saxlanma Təcridxanasından azadlığa çıxıb.
Qeyd edək ki, Emin Axundovu martın 11-də yaşadığı evin qarşısından tutub aparmışdılar. Eminin sözlərinə görə, onu Binəqədi rayonu, 5-ci polis bölməsinə aparıblar. Orada bölmənin rəisi Cəbrayıl Vəliyev əvvəlcədən ona deyib ki, bir neçə sutkalıq həbs cəzası alacaq.
Bundan sonra Emin Axundovu məhkəməyə aparıblar. Gənc fəala vəkillə əlaqə saxlamağa icazə verməyiblər. Emin də öz növbəsində ona dövlət hesabına təyin olunan vəkildən imtina edib: “Dövlətdən heç bir xeyirli addım gözləmədiyim üçün bu addımı atdım”.
Emin Axundova verilən ittiham isə bundan ibarət olub ki, guya, o, evinin qarşısında bərkdən danışıb, söyüş söyüb və beləliklə, xuliqanlıq edib. Bu ittihamla da ona 4 sutka inzibati həbs verilib. Emin isə məhkəmə qərarında göstərilənləri tamamilə şər, böhtan adlandırır: “Bu həbslər bizi bir az da mübariz olmağa səsləyir. Bizi bir az da ruhlandırır. Qələbəyə olan inamımızı artırır. Belə cılız həbslərlə haqq bildiyimiz yoldan bizi döndərə bilməyəcəklər.  Ilham Əliyevin ”Analoqu olmayan ölkəmiz var” fikri ilə bu məsələdə razıyam. Ölkəmizin analoqsuzluğu ondadır ki, bu ölkədə azadlıq, xalqın azad və firavan yaşaması uğrunda mübarizə aparanlar həbsxanada, həbsxanada olması gərəkən cinayətkarlar, oğrular, korrupsionerlər isə azadlıqdadır”.

Elmin