Bu gün bəşəriyyət üçün əlamətdar günlərdən biridir.
133 il əvvəl, məhz bu gün dünya şöhrətli alim Tomas Edisson ilk lampa fabrikini qurub. Gəl gör ki, indi bizdə küçələrə quraşdırılan bahalı çilçıraqlar, işıq dirəkləri özü də bir növ korrupsiya vasitəsinə çevrilib. Yəqin, Edisson sağ olsa və bu haqda eşitsəydi, gedib özünü elə həmin işıq dirəklərinin birindən asardı.
Üstəlik, Azərbaycanda elektrik lampalarının ən gur işığı belə, aldadıcıdır. Biz hazırda Şərin ölkəmizi qərq etdiyi mənəvi qaranlıqda yaşayırıq. Hələ də aydınlıq uğrunda mübarizəmiz davam edir.
Yeri gəlmişkən, Edisson haqqında maraqlı faktlardan birini xatırladım. Onun ixtiralarının, kəşflərinin sayı-hesabı yoxdur. Edisonun adına təkcə ABŞ-da 1000-dən çox, xaricdə isə 3 min patent mövcuddur. Adam öz Elmlər Akademiyasından utanır. Orada üst-üst heç bu qədər ixtira, kəşf tapa bilməzsiniz. Ağızlarını açanda isə yekə-yekə “elmə atalıq qayğısı”, “elmin sürətli inkişafı”-zad haqqında danışırlar.
Üstəlik, əllərindən yalnız mədh etmək, tərifləmək gəlir. Heç vaxt etiraz etməzlər. Heç nədən narahatlıqları yoxdur. Həmişə razıdılar, həmişə minnətdardılar.
Edisson isə deyirdi: “Razı qalmamaq tərəqqinin birinci şərtidir. Mənə həmişə razı qalan adam göstərin və mən isbat edim ki, o, uğursuz adamdır”.
Böyük alimin bu sözlərini həm də bizim elmlərsiz Elmlər Akademiyamıza verilmiş ən yaxşı qiymət də hesab etmək olar.
Əgər ilk intiharda Edissonun dadına FHN-çilər çatmış və onu ölümdən xilas etmiş olsa, nəticədə Edisson da gedib bizim Akademiyada bütün günü tərifbazlıqla, boş vaxtlarda isə domino çırpmaqla məşğul olan alimləri görsəydi, yəqin, yenə ürəyi dözməz, gedib ikinci dəfə intihar edərdi.
O bina haqqında ağla ilk gələn sual
Korrupsiyaya qarşı Mübarizə Idarəsi üçün yeni bina tikilib. Dünən möhtərəm getdi, şəxsən qırmızı lentini kəsdi. Halbuki, normalda o idarəyə bina açılışına görə yox, məsələn, Dubay mülkləri haqqında sualları cavablandırmağa getməli idi.
Nə isə, bu xoş hadisəyə qanqaraldıcı notlar əlavə etməyək, düşmən dəyirmanına su tökməyək.
Arzu edək ki, həmin bina millətimizə və vətənimizə xeyirli-uğurlu olsun. Gün gəlsin, həmin binada oturanlar Azərbaycanda xalqın cibini soyan, onun sərvətlərinin altından girib üstündən çıxan, büdcənin anasını mələdən bir nəfər də meşəbəyinin, tibb bacısının, qatar bələdçisinin qalmadığı haqqında bizi muştuluqlasınlar.
Sözüm onda deyil.
Korrupsiyaya qarşı Mübarizə Idarəsi üçün bina tikilib, amma bu bina tikilərkən belə, korrupsiyaya yol verilmədiyinə bizi kim və necə inandıracaq?
Belə professor cümləsi olar?
Internetdə eşələnərkən qarşıma Vaqif Arzumanlı adlı professorun xeyli əvvəl yazdığı bir yazı çıxdı.
Yazı məşhur hind yazıçısı Robindranat Taqor haqqında idi, daha doğrusu, Taqorun Azərbaycanla bağlantılarına həsr olunmuşdu. Orada həm onun ölkəmiz haqda Sovet hakimiyyəti illərində qələmə aldığı düşüncələr, həm də barəsində ölkəmizdə yazılanlar, əsərlərinin dilimizə tərcümələrinə dair xülasə yer almışdı.
Sözüm onda deyildi. Professorun məqaləsi bu cümlə ilə bitir: “Azərbaycan xalqı böyük hind ədibinin ədəbi irsinə həmişə dərin ehtiram hissi ilə yanaşıb”.
Oxuyunca zənn edərsən ki, Azərbaycanda hər evdə Taqorun kitablarını evlərin ən görkəmli yerində saxlayırlar, qızların cehizinə mütləq Taqorun romanlarından birini qoyurlar, sevgililər bir-birlərinə Taqorun şeirləri ilə xitab edir və s.
Dünyanın ən nəhəng yazıçılarının (hansı ki, Taqorun özünün də bu sırada dayandığına şübhə etmirik) kitablarının belə, bu ölkədə güc-bəla 500-1000 tirajla satıldığı bir vaxtda “Azərbaycan xalqının böyük hind ədibinin irsinə dərin ehtiramından” bəhs etmək hansı məntiqə sığır? Hörmətli professor qəflətdə uyuyub-nədir?
Yenə xalqımızın hind kinosuna dərin ehtiramından danışsaydı, dərd yarıydı. Başadüşülən idi.
Amma bunu Taqorun ədəbi irsinə şamil etmək… Nə bilim, nə deyim, söz tapmaq çətindir.
Bildiyim tək odur ki, vallah da belə professor cümləsi olmaz, billah da.