Mədət Quliyevin virtual həbsxanası

Bir neçə il əvvəl, 5 yaşlı qızı zorlamaqda ittiham edilən məhbus Oruc Bayramov şahid kimi Qaradağ Rayon Məhkəməsində, jurnalist Eynulla Fətullayevin üzünə durdu. Hakim bir manyaka inanacaqdı, körpənin faciəsi isə alver predmetinə çevriləcəkdi. Dolayısı ilə qızcığaza ikinci dəfə “təcavüz” ediləcəkdir, o şərəfsiz isə, bunun müqabilində imtiyazlar əldə edəcəkdi. Mən Xocalı soyqırımı zamanı məsum körpələrimizin dərisini soyan erməni qəssabları ilə bu vəhşi arasında müqayisə aparmaqda belə çətinlik çəkirəm. Belə bir vəhşiyə hansısa şansın tanınması şəxsən mənim üçün elə o faciənin davamıdır. Çünki Oruc Bayramovun təcavüz etdiyi o beş yaşlı körpə də, dərisi soyulan 7 yaşlı Xocalı qızı da onlara ediləni dərk etmək yaşında belə deyildilər… 

Jurnalistin üzünə durmaqla bu şərəfsiz, həbsxanada nisbətən sakit, güzəştli həyata qədəm qoyacaqdı. Bəli, Oruc Bayramov bu şansı(?) dəyərləndirdi və jurnalistin “narkotik maddə aludəçisi” olduğu haqda məhkəməyə ifadə verdi…

Rejimin Xocalı soyqırımı adı gələndə ən yaxşı halda yaxasını cıran, özünü kişi hesab edən millət vəkilləri 5 yaşlı qızın ikinci dəfə “zorlanmasına” nəinki etiraz etmədilər, hətta imzaları ilə dolayı yolla buna haqq qazandırdılar. Təkcə bir xanımdan başqa… Onun adı Gültəkin, soyadı isə Hacıbəyli idi… 

Həbsdən çıxan Eynulla Fətullayev bunu belə xatırlayırdı – “Bu yaxınlarda Gültəkin Hacıbəylinin niyə deputat seçilmədiyi ətrafında söhbət getdi. Çox etibar etdiyim bir mənbə bildirdi ki, mən həbsdə olanda Gültəkin Hacıbəylini Prezident Administrasiyasına dəvət edib bir məqaləyə imza atmasını istəyiblər. O da imtina edib. Sonradan həmin məqalə Çingiz Qənizadənin imzasıyla ”Trend” agentliyində və hökumət qəzetlərində çıxıb. Ona görə də mandatı Gültəkin xanıma yox, Çingiz Qənizadəyə veriblər… Gültəkin xanım həmçinin deputatların mənim əlyehimə bəyanatına da imza atmayıb”…

O məqalə Eynulla Fətullayev haqqında idi və Gültəkin Hacıbəylinin də redaktoru, bir də o məsum körpəni müdafiə edəcəyi təqdirdə repressiyalara məruz qalacağını gözəl bilirdi… 

Eynulla Fətullayev o vaxt məhkəmə prosesində hakimə, şahidin  təcavüz etdiyi qızın 5 yaşı olduğuna işarə edərək: “Bax, bu iqtidar məni bunlarla bir sıraya qoyub. Bunu bağışlamaq olar? Mən bunu Ilham Əliyevə heç vaxt bağışlamayacağam” demişdi…

…Həbsdən çıxar-çıxmaz “Ilham Əliyev çox ağıllı, dərin təhlilə malik olan güclü siyasətçidir” yazan jurnalist, onun həbsdə olduğu illərdə bir an belə diqqətdən kənarda saxlamayan siyasi liderləri, dəfələrlə aclıq edən həmkarlarını, elə həmin yazıda “qaragürüh” adlandırdı. Bunu da təbii qarşıladıq, “azmı belə şeylər olur, qoy iqtidar süfrəsinin qırıntıları ilə dolananlar başlarına çarə qılsınlar” dedik. Eynulla da dedi ki, mən o vaxt elə düşünürdüm, indi də belə düşünürəm…  

Eynullanın həbsdən sonrakı məntiqindən belə çıxdı ki, şahid Oruc Bayramov heç də 5 yaşlı qızı zorlamayıb, məsum körpə  onu yoldan çıxarıb. Anasını bıçaqlayan digər şərəfsiz də  məcburi müdafiə elementlərini tətbiq edib. Bir sözlə, adam Zahid Oruca, Araz Əlizadəyə və onlar kimilərinə “çəkilin, mən gəlirəm” deyir…

Fikirləşmək olardı ki, Eynulla Fətullayev bir vəfa borcu kimi, ona görə rejimə etiraz etməyə cəsarət edən, özünün dediyi kimi mandatdan məhrum olan Gültəkin Hacıbəyliyə böhtan atmayacaq, ən azı təhqir etməyəcək. Eynulla rejimin bütün şübhələrini dağıtmaq üçün onun 9 yaşlı oğlunu əlindən almaq kampaniyasına birinci qoşuldu. Onun Gültəkin xanıma “təşəkkür” dolu yazılarından bir neçə cümləni, qəzetimizin etik çərçivəsini zorlasa belə, vermək məcburiyyətindəyəm:

“Bəyli olmuş Hacıyeva, ziyalı və ləyaqətli insanların üzərində əsl divan təşkil edib. Təəssüf ki, bu divanda Azərbaycan məhkəmələri vicdansız deputata kömək ediblər… Bütün parlament (yəni Eynullanın həbsinə mənfi yanaşan G.Hacıbəyli xaric deputatlar – X.Ə.), bütün idarə edən sinif, icra hakimiyyətinin bütün başçıları – lovğa, həyasız, başqasını yıxaraq qəti şəkildə irəli gedən yeni yırtıcı haqqında danışırlar”... Kifayətdir, məncə…

…Həbsdən sonra Qənimət Zahidə “içəridə səni sındırmağa cəhd etdilərmi” sualını verdim, cavabı çox qısa oldu: “Dana göz eləməsə, öküz tullanmaz”…