Yanğını gördüm

Bazar günü Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Mingəçevirdə seçicilərlə görüşündə iştirak etdim. Təbii ki, hakimiyyət əlindən gələni etmişdi – insanların gəlişini əngəlləmək üçün gecə-gündüz işləmişdilər. Hədələmişdilər, qorxutmuşdular. Yolları kəsmişdilər. Görüş üçün yeri şəhərin lap kənarında vermişdilər. Biz ora çatanda polislər tədbirin keçiriləcəyi kluba tərəf gələn adamları qovmağa çalışırdılar. Lakin görüş baş tutdu, Cəmil müəllim böyük alqış və coşqunluq qarşısında çıxış etdi. Hətta zala əvvəlcədən öyrədilərək oturdulmuş adamlar da tədbiri poza bilmədilər. 

Bütünlükdə isə hakimiyyətin köhnə və kif atmış ampluasını yenidən gördük. Amma mən orada yeni bir şey də gördüm. Görüşə gələn əyalət fəallarından bəzilərini tanıyırdım, bəzi insanlar da qəzetçilik fəaliyyətimə görə məni tanıyıb yaxınlaşdılar. Əyalətlərdəki vəziyyətə aid xeyli suallar verdim və söhbətlərdən bir şey anladım: bizim rayonların hamısında Quba və Ismayıllıdakı yanğınlı-tüstülü olaylar gizlənib. Necə deyərlər, mən o yanğını gördüm.

Hətta oradaca düşündüm ki, bir çoxlarının dediyi kimi, Cəmil müəllimin prezident olması bu hakimiyyətdəkilərin də şansıdır. Hətta Kür daşqınlarını gəlir mənbəyinə çevirənlər bir gün xalqın Kür kimi daşacağını görmürlər sadəcə. 

O yanğını elə Bakıdan da görmək olar. Bir anlığa düşünün, bütün dünya tamaşa etdi ki, son illərdə xalqlar avtoritar hakimiyyətlərə qarşı necə üsyanlar etdi. Bəs bizim hakimiyyət bundan nə dərs çıxardı? Onlar yenə Hafiz Hacıyevlə işləyirlər. Onlar yenə saxta, düşük adamları seçkiyə buraxıb xalqı ələ salırlar. Bu günlərdə tanınmış təhsil eksperti Etibar Əliyev yaxşı bir söz dedi: “Hafiz Hacıyevin və Araz Əlizadənin çıxışı heç nəyi dəyişmir, amma sadəcə xalqa təhqirdir onların davranışları, onlara verilən rollar”.

Son illərdə iqtidar tez-tez öz əlaltıları vasitəsilə islahat anonsları verir, gözə kül üfürür, təlxəklik edir. Guya tezliklə nazirlər həbs olunacaq, dəyişikliyə başlanılacaq və s. Bu da islahat – hafizli seçki! Doğrudan da xalqın təhqir edilməsidir. 

Açığı xalq da bu təhqiri görür. Prezidentliyə namizədlərin teledebatları başlayandan bəri qondarma namizədlərə yaranan nifrət bunu sübut edir. Bu qədər nifrəti onlardan qat-qat artıq sərvət sahibi olan nazirlər, müdirlər, rektorlar qazanmamışdı…

Əsas nəticə isə odur ki, hakimiyyətin bu oyunları artıq işləmir, tərsinə dönür. YAP-ın bacarıqsız təmsilçiləri də daxil olmaqla bu namizədlər hakimiyyətin ifşasını sadəcə gücləndirmiş oldular, Cəmil Həsənlinin parlaq üstünlüyünə zəmin oldular və onun çıxışlarının təsirini artırdılar.

Yəni Ilham Əliyevin oğru komandası üsullarını belə dəyişmirlər, cəmiyyət isə dəyişir. Cəmil Həsənlinin 6 dəqiqəlik çıxışlarının yaratdığı rezonansın bir səbəbi çıxışların uğurlu olması ilə bağlıdırsa, digər səbəbi cəmiyyətin artıq bu çıxışlara ehtiyac duymasıdır. Çıxışlar insanları ruhlandırırsa, deməli, həmin adamların ruhları alovlanır. 

Susmağa görə TRT-yə ödül

Bu il Novxanıda 28 May törəni zamanı TRT-nin müxbiri kamera ilə mənə yaxınlaşdı. Sual verdi ki, Cümhuriyyət bayramı ilə bağlı nə deyə bilərəm. Söylədiklərim:

– Çox da sevinə bilmirəm. Babalarımız bütün Şərqdə ilk dəfə cümhuriyyət qurdular, amma indi gerçək bir respublikamız yoxdur. Ilham Əliyev hakimiyyəti atasından aldı, özünü kral kimi aparır, parlament üzvlərini xalqın səsi ilə yox, siyahı ilə seçirlər…

Bu zaman TRT-nin jurnalisti məni saxladı və xahiş etdi ki, tarixdən danışım və s.

Dünən oxuyanda ki, TRT Bakıda ödül alıb, həmin hadisə yadıma düşdü. Açıq deyək, Azərbaycan hakimiyyətinin insanlığa hayqırı əməlləri barədə susmağa görə verilən ödüldür bu. Necə bizim TV-lər ölkəmiz barədə susur, TRT də bölgədə, dünyada baş verənləri olduğu kimi yayır, Azərbaycana gələndə isə, çalışırlar beşinci dərəcəli xəbərlərlə yola versinlər, hakimiyyətin əməlləri barədə sussunlar.