Altı dəqiqəlik sərt həqiqətlər

Birbaşa ünvana danışması, ölkədəki qanunsuzluğun, ədalətsizliyin, milli sərvətiin talan olunmasının, monopolizmin tüğyan etməsinin ölkə başçısı Ilham Əliyevin iradəsi il bağlı olduğunu dilə gətirməsi professor Cəmil Həsənlini təhdidlərlə, həbs olunma cəhdləri ilə üz-üzə qoydu.

Prezident I.Əliyevin səlahiyyətli nümayəndəsi Ə.Əhmədov C.Həsənlini, ölkədəki neqativləri dilə gətirdiyinə, milyardlarla vəsaitin prezident ailəsi tərəfindən offşor zonalara köçürülərək mənimsənilməsini millətə car çəkdiyinə və dövlətin iqtisadi sütunlarını dağıdan monopoliyanın başında məhz ölkə başçısının özünün durduğunu bəyan etdiyinə görə millətin gözü qarşısında həbslə hədələdi.

Adam nədən narahatdır və niyə həqiqətləri dilə gətirən C.Həsənlini həbslə hədələyir? Bəlkə hörmətli professor “Gülərgeyt işi”adı altlnda baş verən siyasi cinayətlərin dünyada ölkəmiz adına biabırçı fakt olduğunu və bu faktdan sonra normal bir ölkə başçısının nəinki üçüncü dəfə namizədliyini irəli sürmək, əksinə, dərhal istefa haqda qərarar verməli olmasını millətimizə çatdırmaqda yanlış bir hərəkət edib ki, ona hədə-qorxu gəlirlər.

Bəlkə, cənab I.Əliyev ölkədə kök salan korrupsiya və rüşvətxorluqdan, sərbəst bazar iqtisadiyyatının əleyhinə yönələn monopoliyadan, məmurların vətəndaşların başında qoz sındırmasından, iş adamlarına divan tutulmasından, zəlil günə qoyulmuş sıravi insanların acınacaqlı həyat tərzindən xəbərsizdir? Bu qədər çuğulçunun yer aldığı hakimiyyət komandasında onun ölkədə baş verənlərdən xəbərsiz olması az ehtimal olunandır. Xəbəri varsa və tədbir görülmürsə, deməli, C.Həsənli haqqı dilə gətirib.

Nə üçün iyirmi ildir ki, kürsüləri, mətbuatı, telekanalları zəbt edib hakimiyyətin yalan ruporuna çevrilənlər prezidentliyə namizəd C.Həsənlinin ona verilən altı dəqiqəlik sərt həqiqətləri dilə gətirməsindən bu qədər əndişə keçirirlər? Guya xalqımız tamamlanan iyirmi illik zülm və istibdadın da müəllifinin Əliyevlər sülaləsinin olmasından xəbərsiz imiş deyə, C.Həsənlinin birbaşa hədəfə vurması Ə.Əhmədovu narahat etmiş və o, min bir cəhdlə bunun əksini sübut etməyə səy göstərir. Səylərinin alınmadığını, sadalanan faktların cəmiyyətdə hakimiyyətə qarşı dərin nifrət yaratdığını gördükdə dərhal çığır-bağır, şantaj və həbslə hədələmə işə düşür.

Hər şey gün kimi aydındır və bu hakimiyyət bir qayda olaraq öz opponentləri ilə demoktratik cəmiyyətin normalarına uyğun deyil, təmsil olunduqları avtoritar, hərbi polis rejiminin dili ilə danışmağı xoşlayır. Adam ütülü bir vəziyyət alaraq ölkədə heç bir dəyişikliyə ehtiyac olmadığını bəyan edir və münəccimlik edərək Azərbaycanda hər bir şeyin xalqın ürəyincə olduğunu deyir.

Sual olunur. O hansı soyuqqanlı ata ürəyidir ki, övladlarının işsiz, ac-yalavac, səfil sərgərdan həyat sürməsinə göz yumur. O hansı daş qəlbli anadır ki, balasının süd haqqını yeyənlərə, bağçalara uşağını 500 manat almayınca götürməyənlərə, axırıncı tikəsini boğazından kəsib yedirdiyi övladının məktəblərdə dərisini soyanlara himayədarlıq edən bir hakimiyyətin yeritdiyi siyasətdən razıdır?

O hansı qaçqındır ki, ona ayrılan humanitar yardımı satdırıb özünə harın həyat quran nazirindən, o hansı xəstədir ki, onu müalicə üçün dilini bilmədiyi əcnəbi ölkələrə sövq edən səhiyyə başqanından, o hansı təqaüdçüdür ki, verdiyi təqaüd kəfən puluna yetməyən sosial təminat nazirindən, o hansı sadəlöhv vətəndaşdır ki, zopası başından əskik olmayan zorakı polisindən razı qalsın?

Platforması, proqramı olmayan, ölkəni düşdüyü vəziyyətdən çıxarmaq yolları haqda danışmaqdansa bütün çıxışlarını rəqiblərini və onıların ailə üzvlərini ləkələmək, təhqir etmək üzərində quran bir zehniyyət hansı üzlə yenidən bu xalqa rəhbərlik etmək fikrinə düşüb.

Vətən biriləri üçün coğrafi otlaq, qarın otarmaq, yemi az düşəndə soydaşlarının qanını sormaq yeri deyil. Bayrağına, himninə, milli bayramlarına həqarətlə baxan, vətəndaşlarına haqq tanımayan, onun milli sərvətini antimilli qüvvələrə qapdıran bir zümrə gərək insanlıq adına etdikləri bu rəzalətlərdən utansın və bir daha hakimiyyətdə qalmaq haqda fikirləşməsin.

 

Nurəddin Ismayılov