Mən uzun illərdi bu xalqın yaşayışına, həyat şəraitinə, üzləşdiyi ədalətsizliyə və digər çətinliklərə nəzər salarkən düşünürəm ki, bu xalq baş verənləri özünə təhqir hesab etmir. Əgər xalq səsinin oğurlanmasını, haqqının tapdanmasını, rüşvətxorların idarəetməsində yaşamağı təhqir hesab etmirsə, alçaldılmaq saymırsa, bu böyük faciədir.
Xalqı təhqir etməyin ən böyük nümunəsini isə bu il keçiriləcək seçkilərin fonunda gördük.
Prezidentliyə namizədlərin ITV-dəki teledebatları həm də hakimiyyətin xalqı təhqir etməsinin birbaşa göstəricisidir.
Hakimiyyət Hafiz Hacıyev, Araz Əlizadə və digərlərinin timsalında, ziyalının təhqir edilə bilməsi nümunəsini göstərdi. O ziyalının ki, xalqın övladına elm öyrədir, təhsil verir, gələcəyə hazırlayır.
Hafiz Hacıyev canlı yayımda tərbiyəsiz ifadələr işlətməklə təkcə Isa Qəmbəri, Əli Kərimlini, Cəmil Həsənlini təhqir etmir, eyni zamanda Azərbaycan xalqını təhqir edir.
Hakimiyyət Hafiz Hacıyev səviyyəsində bir insanı xalqa prezident kimi təqdim etməklə, belə bir insanın xalqın adından danışmağına şərait yaratmaqla, xalqa verdiyi dəyəri göstərir və bu adamın simasında xalqı təhqir edir.
Bəli, mövcud rejim xalqa göstərir ki, sənin layiq olduğun prezident yaltaq, böhtançı, tərbiyəsiz, savadsız olmalıdır.
Hafiz Hacıyevlə Cəmil Həsənlinin debatın təşkil etməklə, bu adamın Cəmil Həsənliyə hədyanlar söyləməsinə şərait yaratmaqla, hakimiyyət ləyaqətsizliyə dəstək olduğunu ifadə edir. Hakimiyyət Cəmil Həsənlinin qarşısına tərbiyəli, intellektli, cəmiyyətdə mənfi reputasiyası olmayan adam da çıxara bilərdi və xalqa öz nümunəsini göstərərdi. Ancaq bunu etmədi və cəmiyyətdə müxalifəti sevməyənlərin də nifrət etdiyi insanı namizəd etdi. Hətta bununla da kifayətlənmədi. Bu adamın seçicilərlə görüşünə müxtəlif vasitələrlə tələbələri, müəllimləri cəlb etməyə cəhd etdi. Bəli, rejim xalqı səviyyəsizliyə itələyir, tərbiyəsizliyə məcbur edir, ləyaqətsizliyə sürükləyir.
Ölkənin tanınmış ictimai-siyasi xadimlərinə küçə söyüşü ilə xitab edən adama insanları dəstək verməyə çağırmaq, xalqı təhqir etmək deyilmi?
Cəmiyyətdə hər kəs bilir ki, prezidentliyə namizəd kimi qeydə alınmışların böyük əksəriyyəti hakimiyytin namizədidir və Ilham Əliyevə vəkillik missiyasını həyata keçirirlər. Bu faktı çılpaq şəkildə xalqa nümayiş etdirmək, xalqı əla salmaq, təhqir etmək deyilmi?
Təhqirlərin ən böyüyü, ən bağışlanılmazı isə bu kimi halları “xalqa qayğı”, “azad söz”, “demokratik seçki” kimi insanlara sırımaqdır.
Mili Məclisin spikeri Oqtay Əsədov payız sessiyasının ilk iclasında bildirib ki, müxalifətin üstünə 3-4 yorğan örtsək də öz ayıblarını göstərəcəklər. Bəla burasındadır ki, hakimiyyət öz ayıblarının üstünü örtməyə də cəhd göstərmir.
Oqtay Əsədova bir sual vermək istəyirəm. Oqtay müəllim, insanların evini başına uçurmağın, korrupsiyanın, şərləyərək gəncləri həbsə atmağın, ölkə sərvətlərini offşorlarda saxlamağın, seçkiləri saxtalaşdırmağın ayıbını neçə yorğanla örtmək olar? Bu rejimin xəyanətlərini, cinayətlərini ört-basdır etmək iqtidarında olan yorğan varmı?
Nə qədər ki, xalq onu təhqir edənlərə yerini göstərməyəcək, nə qədər ki, xalq bu təhqirdən iyrəndiyini, diksindiyini yekdilliklə bildirməyəcək, o zamana qədər hakimiyyət ayıbını örtmək üçün yorğan axtarmayacaq.
Seçim çox asandır. Hakimiyyətin təhqir etdiyi şəxsləri bütün gücünüzlə təmsil edin və bu şəxslərin qələbəsinə imza atın.
Bu qədər təhqir olunmaq yetər. Təhqirə layiq olanların təhqirin qəbul etməyək.