Müzəffər Baxış: «Bütün bunlar hüquqa söykənməyən dövlətlərin prinsipidir və geriliyin əlamətləridir»
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin payız sessiyasının ilk iclasında seçki prosesində ölkə başçısının təhqir olunduğunu əsas gətirərək Azərbaycanda Prezidentin şərəf və ləyaqətini qorumaq məqsədi ilə yeni qanun qəbul olunmasını təklif edib.
Z.Əsgərovu narahat edən prezidentliyə namizədlərin debatları zamanı Milli Şuranın namizədi Cəmil Həsənlinin ölkə başçısına ünvanladığı suallar və tənqidlərdir.
C.Həsənlinin çıxışlarında təhqir elementləri olmasa da, hakimiyyət təmsilçiləri tənqidə dözümsüz yanaşdığından deyilənləri həzm edə bilmir. Qarşı tərəfi təhqir edən isə məhz Ilham Əliyevin debatlarda iştirak edən səlahiyyətli nümayəndələri və müxalifət namizədinə qarşı istifadə olunmaq məqsədi ilə namizədliyini irəli sürən şəxslərdir. Z.Əsgərovun təklifindən belə nəticəyə gəlmək olur ki, hakimiyyət təmsilçiləri hər kəsi təhqir edə bilər, onların təmsilçisin isə hətta tənqid də etmək olmaz. Bu da heç bir məntiqə sığmır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə irqindən, millətindən, dinindən, siyasi partiyalara mənsubiyyətindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan vətəndaşı kimi bu, prezidentə də aiddir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322-ci maddəsinə görə, prezidentin təhqir edilməsi cinayət məsuliyyətinə səbəb olan bir əməldir.
Hüquqşünas Müzəffər Baxış Azərbaycan vətəndaşı kimi prezident üçün Cinayət Məcəlləsində ayrıca bir maddənin nəzərdə tutulmasının Konstitusiyanın 25-ci maddəsilə ziddiyyət təşkil etdiyini deyir. Bundan əlavə, Konstitusiyasının 106-cı maddəsi prezidentin, onun ailəsinin toxunulmazlığına təminat verir.
Hüquqşünas bütün bunların əslində hüquqa söykənməyən dövlətlərin prinsipi olduğunu deyir. Çünki prezident də bir vətəndaşdır: “Nəyə görə prezident üçün Cinayət Məcəlləsində ayrıca bir maddə, yaxud konstitusiyada təminat nəzərdə tutulmalıdır? Bunların hamısı geriliyin əlamətləridir. Prezident də hər hansı vəzifəli şəxs kimi həm Azərbaycan vətəndaşları, həm də beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti tərəfindən tənqid edilə bilər. Tənqidə görə heç kim təqib edilə bilməz”.
Hüquqşünasın sözlərinə görə, prezidentin tənqid edilməsi cinayət məsuliyyətinə səbəb ola bilməz. Kimsə kiməsə yarınmaq üçün Milli Məclisdə bir təklif edirsə, buna əhəmiyyət verməyə dəyməz.
Fizzə