AXCP-dən Oqtay Əsədova tutarlı cavab

«Bu qədər çirkabın içində olan insanların danışmağa dili də var»

Nurəddin Məmmədli: «Hakimiyyətin ayıblarını bütün yer kürəsinin torpağı altında gizlətmək mümkün deyil»

Milli Məclisin payız sessiyasının ilk iclasında spiker Oqtay Əsədov müxalifəti hədəfə alıb və sərt ifadələr işlədib. Spikerin sözlərinə görə, müxalifətin üstünə 3-4 yorğan örtülsə də, öz ayıblarını göstərəcəklər. O.Əsədovun bu ifadəsi cavabsız qalmayıb. 

Deyilənlərə münasibət bildirən AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, hakimiyyətin ayıblarını bütün yer kürəsinin torpağı altında gizlətmək mümkün deyil. Bu mənada müxalifətdə ayıb axtarmaq əslində bu rejimin hansı əqidə, hansı əxlaq yiyəsi olmasının bariz göstəricisidir: “Biz rüşvətxor rejim qurmamışıq, hakimiyyəti mənimsəməmişik, xalqı qul-kölə vəziyyətinə salmamışıq. Azərbaycan müxalifətinin heç bir bankda hesabları, ofàfşor zonada pulları yoxdur”.

N.Məmmədlinin sözlərinə görə, bu cür fikirləri söyləmək üçün gərək insani dəyərlərin böyük bir qismindən imtina edəsən. Çünki Azərbaycan iqtidarının eyibləri artıq bütün dünyanın gündəmində ən aktual bir mövzu kimi hallanmaqdadır. Elə bir gün yoxdur ki, dünyada siyasətə təsir edən mətbuat orqanları bu hakimiyyətin eyiblərindən yazmasın: “Müxalifətə yönəlik fikirlərini eşidəndə bunların o mənəvi standartlarına, əxlaq kriterilərinə sadəcə olaraq həsəd aparıram ki, bu qədər çirkabın içində olan insanların danışmağa dili də var”.

Fizzə