«Araz Əlizadə Əlikram Hümbətovla bir komandada idi»
Tanınmış vəkil Aslan Ismayılov ictimaiyyətə Azərbaycan Sosial-Demokrat Partiyasından prezidentliyə namizədi Araz Əlizadənin özünü qondarma Talış-Muğan Respublikasının rəhbəri elan etmiş Əlikram Hümbətovla əlaqələri barədə maraqlı faktı açıqlayıb. Aslan Ismayılov bu haqda “facebook” səhifəsində məlumat paylaşıb:
“Araz Əlizadə Əlikram Hümbətovla əməkdaşlığını təkzib etməsə, bu mövzuya toxunmazdım. 1993-cü ilin 7 iyun tarixində işlədiyim Prezident Aparatından ictimai-siyasi vəziyyəti öyrənmək üçün Lənkərana ezamiyyətə göndərildim. Elə həmin gün rayonun bütün rəhbərliyi və Əlikram Hümbətovla ayrı-ayrılıqda söhbətlərim oldu. Xüsusilə, Əlikram Hümbətovla görüşdə durumun faciəli olduğunu anladım. Səhəri gün rayon aktivilə görüşdən sonra xəbər aldıq ki, bir neçə nəfər polis işçisini Hümbətovun adamları oğurlayıb, dağlara çəkiliblər. O dövrdə polis rəisi olan Əlövsət Abbasov başda olmaqla, heç kim polisləri azad edə bilmirdi. Elə bu məqamda Araz Əlizadə peyda oldu və söz verdi ki, Əlikram Hümbətovla danışıb, polisləri azad edəcək. Düzü, buna inanmadım. Ancaq Arazın Əlikramla söhbətindən az sonra polislər azad edildi. Bundan sonra Arazın Əlikramla münasibətini araşdırdıqda onların bir komandada olduğuna əmin oldum.
Ancaq çox heyf ki, qayıtdıqdan sonra Əlikram və havadarlarının Azərbaycanı parçalamaq, “Talış-Muğan Respublikası” yaratmaq haqqındakı fikirlərimi ciddiyə alan olmadı”.
Xatırladaq ki, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasının yarandığını, özünün də bu dövlətin prezidenti olduğunu elan edən Ə.Hümbətov vətənə xəyanət ittihamıyla illərlə həbsdə saxlanıldıqdan sonra 2004-cü ildə azadlığa buraxılıb. Daha sonra vətəndaşlıqdan məhrum edilib və hazırda Hollandiyada yaşayır. O, bir neçə gün əvvəl isə Ermənistana səfər edib.
Aytən