Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli Mərkəzi Seçki Komissiyasına məktubla müraciət edib. Müraciətdə deyilir: “28 sentyabr 2013-cü ildə İctimai Televiziyada prezidentliyə namizədlərin canlı debatı zamanı namizəd Hafiz Hacıyev növbəti dəfə qeyri-etik və əxlaqdan kənar formada məni və namizədliyimi irəli sürmüş Demokratik Qüvvələrin Milli Şurasının ayrı-ayrı üzvlərinin şərəf və ləyaqətini təhqir edib, geniş tamaşaçı auditoriyasına, yumşaq desək, hörmətsizlik və etikadan kənar davranış göstərib.
Bunlara baxmayaraq verilişin aparıcısı Hafiz Hacıyevin bu cür hərəkətlərinə imkan yaradıb, onun çıxışını dayandırmağa cəhd göstərməyib. Belə cəzasızlıq mühitində istədiyi əxlaqdan kənar ifadələrə və hərəkətlərə yol verən namizəd məni həm də öldürməklə hədələyib.
Göstərilənləri nəzərə alaraq qanunla üzərinizə düşən vəzifəni yerinə yetirmək üçün təkidlə xahiş edirəm: Seçki Məcəlləsinin 88.1-ci, 88.2-ci, 88.7-ci və 113-cü maddələrinə müvafiq olaraq prezidentliyə namizəd Hafiz Hacıyevin qeydiyyatının ləğv edilməsi üzrə müvafiq tədbirlər görəsiniz və onun barəsində hüquq mühafizə orqanlarına müraciət edəsiniz, Seçki Məcəlləsinin 88.8-ci maddəsinə müvafiq olaraq “Xalq seçir” verilişinin hazırkı aparıcısı barədə müvafiq tədbir görəsiniz”.