Əlbəttə, özüm də bilirəm ki, heç yaxşı iş görmürəm. Bayram günü, illah da ilaxır çərşənbədə yaxşı sözlər danışarlar, yaxşı sözlər ərz eləyərlər, çünki kimsə qulaqasdıya çıxa bilər. Hətta, gör vəziyyət nə yerdədi ki, Word proqramı da dərhal onun adının altından qırmızı dalğalı xətt çəkir – yəni yanlış yazılıb. “Siçan”ı (“mışka”) o adının üzərinə gətirib, sağ düyməni basır və doğru yazılışı axtarmaq istəyirsən. Doğru kimi üç variant təqdim edilir: Fəzalı, Fəzalın, Fəzalım. Heç dəxli var? Bu nə fəza söhbətidi? Yoxsa Microsoft şirkəti müəllimlə məzələnir? Əlqərəz, dediyim odur ki, kompüter bu adın doğru olmadığını iddia edir, o ki qaldı dediklərinə. Məgər bu orfoqrafiya proqramını hazırlayanlar onun deputatlığından, hətta millət vəkili seçildiyindən xəbərsizdilər? Bax a, elə bu cümləni bitirmişdim ki, “seçildiyindən” sözünün altından qırmızı xətt çəkildi. (Özünüz də yoxlaya bilərsiniz.) Yəni Microsoft iddia eləyir ki, onun seçilməsi də doğru deyil.
Nə isə, sizdən qəni-qəni üzr istəyirəm – bayram günü kefinizə soğan doğradığıma görə. Hərçənd ki, bayramın ən dadlı təamı kababdı, kababa da soğan doğramaq vacibdi. Dad verir.
Deyəcəksiniz ki, iki daşın arasında, belə əziz gündə, Fəzail (yenə qırmızı xətt!!!) sənin hardan yadına düşdü. Vallah, düşməzdi. Ancaq neynəyəsən ki, bu gün adam ancaq mətbəx və yeyib-içmək haqda düşünür. Mən də saytda urvatlı bir mövzu axtarırkən, başımda ancaq bayram yeməkləri və mətbəx fikri dolaşdığına görə, gözüm bir aləm xəbərin içində getdi müəllimin “Azadlıq” radiosuna verdiyi müsahibəyə, müsahibənin özünə də yox, içindəki bir-iki abzasa sataşdı. Çünki o abzasda “mətbəx” sözü vardı.
Radio yazır: O hesab edir ki, sosial şəbəkələrdə haqqında yazılan və bir qrup gəncin təşəbbüs göstərdiyi “11 mart – Böyük Xalq Günü” aksiyası əslində müxalifət partiyalarının mətbəxində hazırlanan layihədir.
Mətbəx sözünü oxuyan kimi, ağlımdan cürbəcür yeməklər gəlib keçdi. Gözümün qabağında AXCP-nin avropasayaq qurulmuş nəhəng və cazibədar mətbəxi canlandı. Ancaq AXCP neçə illərdi ofissizdi və onun keçmiş yurdunda indi iqtidarın pulunu hesablayırlar. Buna görə də təxəyyülüm televiziyaların mətbəx verilişlərindən yararlanmaqla, bəlkə də plagiata yol verib müəllif hüquqlarını pozdu. Baxdım ki, bu mətbəxdə adamlar qaynaşır, nəsə bişirir-düşürür, qablara çəkir və ordan da Avropada, ölkəmizin müxtəlif guşələrində yaşayan gənclərə göndərir, onlar da bu təamlardan yeyib, qızışır və sonra başlayırlar aksiyalar keçirməyə, mitinqlər eləməyə və “Ilham Əliyevə istefa” şüarları qışqırmağa.
Radio Ağamalının dilindən bunun ardınca yazır: “Həmin gənclər öz potensiallarını işğalçılara qarşı mübarizəyə yönəltsələr, bu, daha effektli, daha böyük vətənpərvərlik aksiyası olardı”. Görün heç kalorisiz müxalifət yeməyi ilə işğalçılara qarşı mübarizə aparmaq olarmı? Olmazmı ki, elə iqtidarın mətbəxindən yeyib piylənən qalstuklu gənclər gedib vuruşa? Yox-yox, yaxşısı, elə iqtidardan yeyənlər getsin. Maşallah, hamısı kəl kimidi. Bir dəfə hurrey desələr, erməninin bağrı yarılar. Ancaq gərək elə bağırsınlar ki, iqtidarın başında olanların yan-yörəsindəki ermənilərə sədəmə toxunmasın, ayıb olur, vallahi.
Ağamalının son sözünü də deyəcəm, ancaq gülməyin. Adam deyir: “Qaldı ki, Azərbaycan demokratik dövlətdir”. Qaldı ki, Fəzail müəllim də kosmonavtdır. Microsoft-un mətbəxində də belə düşünürlər: “Fəzalı, Fəzalın, Fəzalım”.