Məhbus müsavatçının 45 yaşı qeyd olundu

Sentyabrın 30-da Müsavat Partiyasının mərkəzi qərargahında məhbus müsavatçı Yadigar Sadıqovun 45 yaşı qeyd olunub.

Yadigar Sadıqov 1968-ci ildə Lənkəran şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2000-ci ildən Müsavat Partiyasının üzvüdür. O, iyunun 27-dən həbsdədir – silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İyunun 29-da Lənkəran Rayon Məhkəməsi Yadigar Sadıqov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib, avqustun 24-də həbs müddəti bir ay, sentyabrın 22-də daha bir ay uzadılıb.

“Media forum” saytının məlumatına görə, Yadigar Sadıqovun ad günü münasibətilə Müsavatın qərargahında keçirilən tədbirdə partiyanın başqanı İsa Qəmbər deyib: “Yadigar bəy əvəz olunması mümkün olmayan şəxslərdəndir. Onun zindanda da möhkəm olmağı bir gerçəklikdir. Belə insanların davranışı cəmiyyətdə hər kəsə nümunə ola bilər. Yadigar bəy öz davranışı ilə tələbələrinin sevgisini qazanıb”.

Yadigar Sadıqovun azadlıqda olduğu vaxt sosial şəbəkələrdə daima fəallıq göstərdiyini xatırladan İsa Qəmbər vurğulayıb: “Yadigar bəy sosial şəbəkələrdəki müzakirələrdə hər zaman fərqli mövqe tutub. O, bütün sahələrdə birinci olmağa qadir insanlardandır. Onun həbsinin səbəblərindən biri də ictimai-siyasi fəaliyyəti ilə bağlıdır. Yadigar Sadıqov hər cəhətdən hörmətə layiq bir insandır. Yadigar bəyin ailə üzvlərini təbrik edirəm”.

Tədbirdə iştirak edən prezidentliyə namizəd professor Cəmil Həsənli deyib ki, o, Yadigar Sadıqov haqda hər şeydən əvvəl bir peşə dostu kimi danışmaq istəyir: “Mən onu müəllim kimi tanımışam. Bəyənmədiyimiz sovet dövründə çirkaba bulaşan 5-6 müəllim var idi, müstəqillikdən sonra isə çirkaba bulaşmayan 5-6 müəllim qaldı. Yadigar öz mütaliəsi əsasında formalaşmış bir insandır. O, demokratiyanı iman kimi qəbul edir. Yadigar bu 45 ildə çox şey əldə edib. Ən başlıcası parlaq bir şəxsiyyət kimi formalaşıb. Yadigar Sadıqov həbsxanaya belə hörmət gətirib”.