“Putin sovet ərazilərini qaytarmaq istəyir”

«Gömrük Ittifaqı Rusiyanın bu planının reallaşdırılmasında bir vasitədir»

«Rusiyanın Azərbaycana təzyiqi var və bundan sonra da davam edcək»

Vəfa Quluzadə: «ABŞ Iran siyasətini dəyişmək niyyətindədir və Amerika danışıqlar apararaq məqsədinə nail olmaq istəyir»

 

ABŞ və Iran prezidentləri arasında telefon danışığının olması əksər ekspertlər tərəfindən tarixi hadisə kimi qiymətləndirilir. 1979-cu il Irandakı Islam inqilabından bəri ilk dəfədir ki, iki ölkə başcısı bir-birilə danışırlar. Danışıqdan sonra mətbuat konfransında Obama deyib ki, Iranla Amerika arasında nüvə proqramı ilə bağlı razılığın əldə olunacağına inanır. Hazırda ekspertləri düşündürən əsas məsələ atılan bu addımın davamının gələcəyi təqdirdə iki ölkə arasındakı münasibətlər və regiondakı durumun necə dəyişəcəyilə bağlıdır. Bu və başqa sualları politoloq Vəfa Quluzadəyə ünvanladıq.

– Obamanın siyasəti olduqca düşünülmüş siyasətdir. Irana zərbə endirmək, onu darmadağın etmək ideyası heç kimi təmin edə bilməz. Region xalqları da buna qarşıdırlar. Böyük dövlətlər də son zamanlar buna qarşı çıxırlar. Iran böyük regional dövlətdir. Iran xalqı inkişaf edir. Iranda gedən prosesləri birmənalı şəkildə qara rənglə rəngləmək olmaz. Bu, irqçilik olardı. Görünür ki, ABŞ Irana qarşı müsbətə doğru siyasətini dəyişmək niyyətindədir. Yəni ABŞ Iranla danışıqlar apararaq öz məqsədlərinə nail olmaq istəyir. Bu yaxınlaşma nəyin görsənişi sayıla bilər? Iranla Qərbin əsas problemi nüvə silahının yaradılmasına dairdir. Iran nüvə silahına malik olandan sonra onun bütün dünyaya təhlükə olacağı düşünülür. Amma Iran hakimiyyəti dəfələrlə bəyanat verib ki, onlar nüvə silahı yaratmaq fikrində deyillər. Hətta Iran rəhbəri Xamneyi bəyan edib ki, nüvə sillahını yaratmaq Islama ziddir. Amma heç kəs buna məhəl qoymurdu. Hazırda Iranın yeni prezidenti ilə Obama arasında təmasın yaradılması, Iranın bütün nüvə proqramlarını şəffaf etmək arzusu dünya miqyasında böyük bir hadisədir. Əslində əgər region ölkələrinin nüvə silahı varsa, Iranın da bu hüququ var. Amma Iran bilir ki, bu onun üçün ən böyük təhlükədir. Iranda Islam Inqilabını xalq edib. Bu heç bir çevriliş deyil. Ona görə belə bir rejimə qarşı əsaslandırılmamış güc işlətmək düzgün deyil.

– ABŞ-da keçirilən BMT Baş Assambleyasından qayıdan Iran prezidenti Həsən Ruhani ölkəsində etirazla qarşılanıb. Hava limanında Ruhaniyə yumurta və ayaqqabı atıblar. Amma o da məlum məsələdir ki, Iran prezidenti Obama ilə telefon danışığına Xamneyinin razılığı olmadan gedə bilməzdi. Belə olan halda baş verənləri necə şərh etmək olar?

– Iranda bu cür ikili münasibət tamamilə başadüşüləndir. Çünki Iran cəmiyyəti Islam inqilabınıdan sonra antiAmerika, antiIsrail ruhunda tərbiyyə olunub. Bütün mitinqlər, bütün qurultaylar “Amerikaya ölüm” şüarı ilə keçirilib. Bu cür şüarlar Iranı dünyadan təcridə gətirib. Ona görə bu siyasətdən uzaqlaşmaq lazımdır. Bu baxımdan düşünürəm ki, siyasətdəki dəyişikliyə etirazlara baxmayaraq, baş verən  dəyişikliklərə dəstək də böyükdür. Dəstək verməyənlər də zaman keçdikcə anlayacaqlar ki, bu seçim həqiqətən doğrudur. Çünki atılan addımlar sonda Iranı sanksiyalardan azad edəcəksə, bu, ölkənin böhrandan çıxmasına, xalqın firavan yaşamasına səbəb olacaq. Iranın işlək xalqı var. Iran demək olar ki, daxili təlabatını özü ödəyir. Iranın milli sərvətləri çox zəngindir. Irandakı gərginlik, qiymət artımının səbəbi ölkəyə tətbiq olunan embarqoyla bağlıdır. Iran Qərblə otuz ildir ki, düşmənçilik aparır. Ona görə sülhə gətirə biləcək qarşılıqlı atılan addımlar dəstəklənməlidir.

“Israil yeni dəyişikliklərə qarşı çıxmamalıdır”

– Bu dəyişikliyə Israilin münasibəti necə olacaq? Çünki ABŞ-ın müttəfiqi olan bu ölkə Iranla gərgin münasibətlərdədir…

– Hesab edirəm ki, əslində Israil bu siyasəti alqışlamalıdır. Sözsüz, Israildə radikal qüvvələr var ki, onlar yalnız Iranın darmadağın olması arzusundadır. Israildəki bu qüvvələr də Irandakı kimi bu addıma başmaq atacaqlar. Amma Israildə düşüncə ilə hərəkət edən və dövlətin əsasında dayanan praqmatik siyasətçilər də mövcuddur. Regionda dəhşətli müharibənin baş verməməsi Israilin xeyrinədir. Əgər Israil ilə Iran arasında müharibə olsa, Təl-Əviv bundan ciddi zərbələr ala bilər. Amma Iranın ABŞ-la tədricən yumşalan əlaqələri bir vaxt Israil ilə də normal münasibətlərə aparıb çıxaracaqdır. Ruhani çox düzgün addım ataraq yəhudi soyqırımını tanıyıb. Bu soyqırımı inkar etmək məntiqsizlikdir. Çünki bunu bütün bəşəriyyət tanıyır. Iranın yeni prezidentinin Israilə yönəlik bu addımı regionda gərginliyin aradan qaldırılmasına xidmət edir.

– Bəs ABŞ-la Iran arasında baş verənlər Suriya hadisələrinə necə təsir edə bilər? Çünki Əsəd rejiminin fəal müdafiəçilərindən biri də Irandır.

– Suriya problemində kimyəvi silahın məhvi olduqca böyük uğurdur. Çünki bu kimyəvi silah Israilin nüvə silahına qarşı yaradılmışdı. Suriyadakı hakimiyyət çevriliş nəticəsində iqtidara gələn, Sovet dövründən qalan bu rejim hökmən dəyişilməlidir. ABŞ və NATO uzun müddətdir ki, Suriya probleminin dinc yolla həllinə çalışır. Amma bütün səylərə baxmayaraq vətəndaş müharibəsi yenə davam edir. Lakin hesab edirəm ki, Iranla ABŞ-ın yaxınlaşması Suriya probleminin də həllinə təsirini göstərəcək. Suriya problemi Liviya, Iraq problemindən qat-qat qəlizdir. Diqqət yetirin, Suriyada ABŞ-a qarşı neçə qüvvə dayanıb. Rusiya hələ də öz mövqelərindən geri çəkilmək niyyətində deyil. ABŞ regionu atəşə bürümək istəmir. Baş verənlərdə təmkin sərgiləmək lazımdır. Təəssüflər ki, cərəyan edən hadisələrin nəticəsi olaraq Suriya kimi ölkə darmadağın olub. Yaxın zaman ərzində Suriyadakı problemə son qoymağın yolları tapılmasa, geridönməz proses başlaya bilər.

“Rusiya imperialist siyasətindən imtina etməyib”

– Rusiya bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxil olan ölkələrin sülhməramlı qüvvələri də yaradılacaq. Rusiyanın Azərbaycana qarşı dəfələrlə təzyiqinin şahidi olmuşuq. Rusiya açıq şəkildə bəyan edir ki, Ermənistana qarşı 3-cü ölkənin müdaxiləsi KTM iştirakçılarının birgə hərəkətinə səbəb olacaq. Bu baxımdan sülhməramlıların yaradılmasını necə dəyərləndirmək olar?

– Kollektiv Təhlükəsizlik Müqaviləsi yalnız kağız üzərində mövcuddur. Əgər reallıqda belə bir ittifaq mövcud olsaydı, bu özlüyündə çox böyük güc olardı. Amma bu ittifaq yalnız sözdə var. Hər bir ölkə haqlı olaraq öz milli maraqlarından çıxış edir. Biz bu müqaviləyə daxil olan ölkələrin Konstitusiyalarına baxsaq görərik ki, həmin ölkələrin qoşunlarının başqa ölkələrdə hərbi əməliyyatlarda iştirakla bağlı müəyyən maneələr mövcuddur. Ona görə sülhməramlı qüvvələrin yaradılması özlüyündə bir piar aksiyasıdır. Bu piar Azərbaycan və başqa ölkələrə yönəlib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Rusiya deməkdir. Rusiyanın nə Tacikistanın, nə Özbəkistanın hərbi qüvvələrinə ehtiyacı yoxdur. Rusiyanın qoşunu kəmiyyətcə böyük bir ordudur. Texniki baxımdan Rusiya ordusu NATO və ABŞ-dan xeyli geri olsa da, region ölkələrindən irəlidədir. Ona görə sülhməramlı qüvvələrin yaradılması Rusiyanın mövqeyini dəyişməyəcək. Rusiya bütün dövrlərdə Ermənistanın tərəfində döyüşüb. Azərbaycan ordusu Qarabağ müharibəsi gedəndə dəfələrlə rus əsgərlərini əsir götürüb. Amma Kremlin təzyiqi ilə biz onları azad etməyə məcbur olduq. Ona görə mən həmişə Ermənistanı Rusiyanın bir quberniyası kimi adlandırmışam. Bu quberniyanı qorumaq üçün sülhməramlılara ehtiyac yoxdur.

– Elmar Məmmədyarov ABŞ-a səfəri zamanı bəyan edib ki, Azərbaycan regional layihələrin dəstəklənməsində Vaşinqtonun səylərini yüksək qiymətləndirir. Çıxışı zamanı Elmar Məmmədyarov Azərbaycanın regondakı fəaliyyətinə Rusiyanın ciddi maneə olduğuna da eyham vurub. Maraqlıdır ki, Putinin Bakıya son səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdığı düşünülürdü. Amma yenidən bu tip bəyanatların gündəmə gəlməsi tam əksini deməyə əsas verir…

– Rusiya Federasiyası böyük rus imperiyasının qalığıdır. Romanovlar çökəndən sonra bolşeviklər hakimiyyətə gəldi. Bolşeviklər Rusiyanın ərazisini bir qədər artırsalar da ölkənin genofonduna böyük zərbə endirdilər. Rusiyanın bilikli, savadlı əhalisi ya qırğına məruz qaldı, ya da ölkədən sırgün edildi. Bu siyasətin nəticəsidir ki, Rusiya hazırda çökmüş vəziyyətdədir. Çünki ötən müddət ərzində Rusiyanı imperialist siyasət məhvə doğru aparır. Amma bütün bunlara baxmayaraq Rusiya region üçün böyük təhlükədir. Putinin səfəri ilə heç nə dəyişməyəcəkdi. Putin Bakıya səfər etməklə müəyyən məqsədlərinə nail oldu. Gərginlik isə qalır. Çünki Rusiya itirilmiş torpaqlarını bərpa etmək istəyir, Kreml imperialist iddialarından əl çəkməyib. Rusiya Gömrük Ittifaqı, Avrasiya Ittifaqı vasitəsilə itirilmiş sovet ərazilərini qaytarmaq istəyir. Keçmiş sovet ölkələrindən ən çox təzyiq olunan ölkələr Ukrayna və Azərbaycandır. Çünki bu ölkələr SSRI-nin əsas dayaqları idi. Sovetlərin dotasiyası bu ölkələrin mövcudluğu üçün heç zaman lazım olmayıb. Əksinə, bu ölkələrin sərvətləri başqa ölkələrə verilib. Ona görə Rusiyanın Azərbaycana təzyiqi var və bundan sonra da davam edcək. Amma Rusiya ABŞ-ın Azərbaycandakı maraqları ilə hesablaşmaq məcburiyyətindədir. Ona görə Rusiya Ukrayna və Azərbaycana elə təzyiq etmək istəyir ki, bu iki dövlət könüllü şəkildə SSRI-ni bərpa etmək arzularını dilə gətirsinlər. Rusiyada yaranan yeni situasiyada bəyan etsin ki, görürsünüz SSRI-nin bərpası təzyiqin yox, keçmiş dövlətlərin arzusudur. Necə Ermənistan prezidenti Rusiyaya yalvararaq Gömrük Ittifaqına imza atdı. Ona görə bizim ABŞ-ın NATO-nun dəstəyinə ehtiyacımız var. Azərbaycan Qərblə münasibətlərdə diqqətli olmalı və Rusiyanın təzyiqinə qarşı özünə etibarlı müttəfiq qazanmalıdır. 

Xəyal