Ötən həftənin sonunda təbiət diqqəti ərəb üsyanlarından, başqa ölkələrdəki həyəcanlardan yayındırmağa cəhd etdi. Yaponiyada təxminən eyni vaxtda həm sunami baş verdi, həm də AES partladı. Amma ən böyük təbii fəlakət belə sonda yenə də sosial-siyasi kataklizmləri tam unutdurmağa nail ola bilmədi və insanlar yenə də gündəlik ictimai-siyasi qayğılara qayıtdılar. El ilə gələn fəlakət belə bayram olur, amma bir şərtlə ki, el ilə onu idarə edən zümrə arasında bir vəhdət və bağlılıq olsun. O yerdə ki, belə bağlılıq olmur və yaxud onun mövcudluğuna bir şübhə yaranır, orada el və hakim zümrə divarın müxtəlif tərəflərində peyda olurlar. Bəli, Azərbaycanda da vəziyyət belədir və arakəsmə gündən-günə böyüməyə, genişlənməyə başlayır. Çox çalışırlar ki, arakəsməni bir qədər zəiflətsinlər, hətta yumurtanın qiymətini qaldıranlara qarşı bir müharibə də elan etdilər. Amma kimi aldadırlar? Niyə gözə ancaq yumurta görünür? Niyə ətdən, yağdan, balıqdan, kartofdan və bir sıra başqa məhsullardan söhbət açmırlar? Bəlkə onlar xalqın istehlakı üçün nəzərdə tutulmur? Nədən benzin, elektrik, su və qaz haqqında bir söz deyilmir? Məgər qiymətlərin aşağı salınmasının yolu məlum deyilmi? Bəli, sual çoxdur, amma nə fayda… Onsuz da onlara nəinki cavab verən, hətta bir az diqqət edən də yoxdur. Dövlət gücünü bir yumurta məsələsində göstərə bilirsə, yazıqlar olsun! Iradə göstərmək, hakimiyyət nümayiş etdirmək üçün əslində çox səbəb var, fəqət, arzu və istək yoxdur…
Polis çəpəri
Mitinq vaxtı polis çəpərini görəndə məni qəribə hisslər bürüdü. Bircə anlığa təssəvvür edin. Aksiya iştirakçılarından bəlkə də çox polis vardı. Budurmu güclü hakimiyyət? Belə olurmu legitim siyasi hakimiyyət? Bəli, bir-birinin qoluna girərək cərgə ilə hərəkət edən polislər… Hiss olunur ki, çox yaxşı məşq ediblər. Ölkə sanki elan olunmamış fövqəladə vəziyyət şəraitindədir. Ilahi, şəhərdə nə qədər polis olar?! Əsl mənada hərbi-polis rejimidir, bunu artıq başqa cür adlandırmaq mümkün deyil. Bütün dünyadakı etirazlar bir detalı çox aşkar nümayiş edir: sovetlər vaxtında deyildiyi kimi, xalqın milisi olmur, milis, polis sona qədər rejimlə birlikdə olur, onu qoruyur, lakin ordu bir qədər fərqlidir və ordu həmişə öz millətinə qarşı çıxmağa tərəddüd edir. Ərəb üsyanları Azərbaycana nə qədər gəlir gətirdi?
Bu haqda heç danışan yoxdur. Neftin dünya bazarında qiyməti çox yüksək qalmaqda davam edir. Rusiyaya neftdən 38 milyard avro məbləğində əlavə gəlir gələcəyi gözlənir. Azərbaycanda isə bu haqda susurlar. Prinsipcə, bu il büdcəyə yenidən baxmağa dəyər. Düzdür, neftin qiymətinin qalxmasının iki tərəfi var – neftin qiyməti qalxırsa, digər mal və xidmətlərin də qiyməti bir yerdə durmur, onlar da artır. Amma əlavə gəlirləri hesablayanda bunların da hamısını nəzərə alırlar. Neft Fondunun şəffaflığı və ona nəzarət ancaq arzu və xəyallara qapılmağa sövq edir. Səhv etmirəmsə, Norveçdə neftdən daxil olan gəlirlərin ancaq faizlərini xərcləyirlər, əsas gəlirlərə toxunmurlar. Bura isə elə deyilən kimi “dollar yağışı”nı xatırladır və yağış torpağa hopan kimi neft pullarının da bir hissəsi məmurların cibinə hopur. Bizsə oturub-durub yumurta davası edirik…
Rozanov haqlı idi, yoxsa Minayev?
Bəli, rus filosofu V.Rozanov deyirdi ki, Rusiyada həmişə böyük ədəbiyyat və bir də rəzil həyat olub. Çox güman ki, Rozanov bunların bir-birini azca olsa da kompensasiya etdiyini düşünürdü, yəni nə olsun ki, həyat rəzildir, bunun əvəzində heç olmasa, böyük ədəbiyyat var! Tanımadığım başqa bir rus, özü də yazıçı Minayev isə buyurdu ki, kaş, Rusiyada da Skandinaviya ölkələrində olduğu kimi həyat olaydı, onda biz böyük ədəbiyyatsız, böyük “rus ideyası”, “Rusiyanın tarixi missiyası” olmadan da yaşaya bilərdik. Nə demək olar? Haqlıdır. Belə deyim var ki, ideyalardan kökə düzəltmək olmur. Amma bütün bunların qızıl ortasını tapmaq daha yaxşı olardı, kökəsiz həyat kimi, ideyasız həyat da çox maraqsız və cansıxıcı olardı. Vay o günə ki, ikisi də olmasın – vay o gündən!