Diplomat Xarici Işlər Nazirliyini məhkəməyə verdi

Ilqar Qurbanov nazirliyə qarşı işə bərpa tələbilə iddia qaldırıb

Bir müddət əvvələ qədər Azərbaycanın Çexiyadakı səfirliyində müşavir-elçi vəzifəsində çalışmış Ilqar Qurbanov Xarici Işlər Nazirliyini məhkəməyə verib. Diplomat iddia ərizəsini sentyabrın 27-də Yasamal Rayon Məhkəməsinə təqdim edib. Bu barədə məhkəmədən “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, Ilqar Qurbanovun Xarici Işlər Nazirliyinə qarşı iddiası işə barpa tələbilə bağlıdır.

Qeyd edək ki, Ilqar Qurbanov Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, tanınmış yazıçı-dramaturq Şıxəli Qurbanovun oğludur. O, Azərbaycanın müstəqilliyindən sonra yaranan Xarici Işlər Nazirliyinin qurucularından biri olmaqla, eyni zamanda, Nazirliyin Kollegiyasının məsul katibi, bu qurumun Əsasnaməsinin müəllifidir. Ilqar Qurbanovu 11 ildən artıq Xarici Işlər Nazirliyində Xüsusi tapşırıqlar üzrə səfir işlədikdən sonra ötən ilin fevralında Azərbaycanın Çexiyadakı səfirliyinə müşavir-elçi vəzifəsinə göndərilmişdi. Cəmi bir neçə ay sonra – oktyabrın 1-də isə xarici işlər naziri Elmar Məmmədyarovun əmrilə bu vəzifədən geri çağırılıb.

Qeyd edək ki, ötən bir il ərzində Ilqar Qurbanovun yeni vəzifəyə təyin olunmasıyla bağlı hər hansı məlumat yoxdur. Istisna deyil ki, diplomat bu müddətdə işsiz qaldığına görə məhkəməyə müraciət edib.

Aytən