Mavi gözlü qız – Angela

Ona etibar etmək və arxalanmaq olar…

 

30 il əvvəl kimsə Almaniya Demokratiya Respublikasında doğulan qadının Almaniyanın kansleri olacağını desəydi, ona ağılsız kimi baxardılar. Ancaq 2005-ci ilin sonlarında dəbsiz saç düzümünü və darıxdırıcı geyimlərini kostyuma dəyişən Angela Merkel müasir Almaniyanın səkkizinci kansleri seçildi. Bu günlərdə isə Merkel ardıcıl üçüncü dəfə qələbəsini bayram etdi. 

2005-ci ilin dekabrın 22-də and içən Merkel bütün gücünü alman xalqının rifahı yolunda sərf edəcəyini, konstitusiya və qanunları qoruyacağını, sona qədər ədalətli olacağını vəd etdi. Sonda isə “Allah köməyim olsun” deyə əlavə etdi. Əslində Merkelə Forbesin iddiasına əsasən dünyanın ən nüfuzlu qadınları siyahısında ilk yeri tutmağa nə kömək edib? Alman jurnalistlərindən biri onu “boz mirvari” adlandıraraq Merkelin uğurunun sirrini onun qlobal boz fona tam uyğun gəlməsi, eyni zamanda görkəmsiz kişilərin sıralarında seçilməsi ilə izah edib. Bunun həqiqətən də belə olduğunu demək olar. Ancaq Merkelin bioqrafiyasının bəzi detalları bu zərif qadının müstəsna şəxsi keyfiyyətlərə malik olduğunu deməyə əsas verir. 

1954-cü ilin iyulun 17-də Hamburqda doğulan Angela Kasnerin ailəsi bir müddət sonra ADR-ə köçür. Imtiyazlı məktəbdə oxuyan gələcək kanslerin sistemlə, demək olar, problemi olmayıb. 1973-cü ildə Leypsik universitetinin fizika fakültəsinə qəbul olunan Angela təhsilini başa vurandan sonra xüsusi xidmət orqanı Ştazi ilə əməkdaşlıqdan imtina etməsi səbəbindən iş tapmaqda problemlə üzləşdiyini desə də, 1978-ci ildə elmi işçi kimi çalışmağa başladığı ADR Elmlər Akademiyasının mərkəzi fizika-kimya institutunda komsomol təşkilatının ideologiya katibi seçilir. 1986-cı ildə namizədlik dissertasiyasını müdafiə edən Angela bəlkə də bununla kifayətlənməzdi. Bu mavi gözlü qız olduqca praqmatik idi. Hələ tələbə vaxtında Uilrix Merkellə ailə quran Angela 5 il sonra boşanaraq ərinin bütün əmlakını ələ keçirir. Rəfiqəsinin “xatirə kimi Uilrixə də nəsə saxla” təklifinə Angela “soyadını ondan xatirə kimi saxlamışam, bəsidir” cavabını verib. 

“Helmut Kolun qızı” 

1989-cu ilin noyabrın 10-u gecəsi 155 kilometrlik Berlin divarı uçurulanda Angela Merkel onun dövranının gəldiyini anladı. “Demokratik oyanış” partiyasına üzv olan Angela qısa müddətdə Loğar de Mezyerin rəhbərliyi altında ADR-in ilk və yeganə qeyri-kommunist hökumətində mətbuat katibi postunu tutur. Aydın məsələdir ki, o artıq elmi fəaliyyətinə də son qoymuşdu. Lakin bir müddət sonra Merkel partiyasını dəyişir və “Xristian-Demokratik Ittifaqa” (XDI) üzv olur. Bu partiyaya rəhbərlik etmək üçün isə ona cəmi 10 il vaxt lazım oldu. Bu başgicəlləndirici uğurun sirri isə Merkelin ağıl və tədbirliliyində idi. Lakin hamı bu fikirdə deyil. Məsələn, Lotar de Mezyer Ştazi ilə əməkdaşlıqla ittiham olunanda bir çox nailiyyətlərinə (o cümlədən Helmut Kolla tanışlığına) görə ona borclu olan Merkel dərhal silahdaşına qarşı ittihamlarla çıxış etdi və onun yerinə XDI-nin vitse-sədri postunu tutdu. Merkeldən “bəs sizin, frau Merkel, xüsusi xidmət orqanları ilə əlaqələriniz olubmu” sualına gələcək kansler “onlara izah etdim ki, dəhşətli dərəcədə çərənçi olduğumdan bu vəzifənin öhdəsindən gələ bilmərəm” cavabını verib. 

1990-cı ilin dekabr ayında Angela Merkel Bundestaqın deputatı seçilir. Seçicilər onu xarakterizə edərkən “o ancaq vədlər verir, biz də ona səs veririk. Vədlər yerinə yetirilməsə də, biz ona inanırıq” deyirdilər. Merkelə inananlar arasında kansler Helmut Kol da var idi. 1991-ci ildə qadın və gənclərlə iş üz nazir təyin edilən Merkel üç il müddətində heç nə ilə yadda qalmır. Merkel Helmut Kol kabinetinin ən gənc naziri kimi də tarixə düşüb. 

Ancaq Kol Merkeli “gənc qız” adlandıraraq onun hələ təcrübəsiz olduğunu deyir. Bundan sonra mətbuatda Merkel “Helmut Kolun qızı” adlandırılmağa başlayır. 1994-ci ildə 40 yaşlı “qız” AFR-in ətraf mühit, təbiətin mühafizəsi və nüvə reaktorlarının təhlükəsizliyi naziri təyin edilir. Bu postda olduğu müddətdə o, hərbi helikopterlə istirahətə getməsi ilə yadda qaldı. Bu qalmaqal Merkelin siyasi karyerasına son qoya bilərdi, ancaq bu dəfə də onun köməyinə Kol çatır. 

1998-ci ildə xristian demokratlar seçkidə məğlub olur və Merkel nazir postunu tərk edir. Bundan dərhal sonra “Frankfurter alqemayne” qəzetində Merkelin Helmut Kolu tənqid edən məqaləsi dərc olunur. Bir il sonra isə 1993-cü ildən 1998-ci ilə qədər Helmut Kolun XDI-nın gizlin hesabına iki milyon marka pul köçürdüyünü təsdiqləyən sənədlər dərc edilir. Angela Merkel XDi rəhbərinin istefasını tələb edir, Helmut Kol istefaya gedəndən sonra isə onun yerini tutur. Doğrudur, XDI-də ən yüksək post hesab olunan sədr vəzifəsini Volfqanq Şoybl tuturdu. Ancaq bu da çox çəkmədi. Bir il sonra ona aid oxşar məlumatlar ortaya çıxır və Merkel XDI-də yüksək posta sahib olur. 

“Frau kansler” 

1998-ci ildə Merkel ikinci dəfə ərə gedir. Hətta bəziləri onun bu addımını imicini düzəltmək üçün atdığını iddia edirlər. Amma hər halda əri dünya şöhrətli kimyaçı-alim Yoahim Zauer ləyaqətli insan kimi tanınır. O, diqqət mərkəzində olmağı xoşlamadığından həyat yoldaşının inauqurasiya mərasimlərinə də qatılmır. Angela Merkelin övladı yoxdur. Ümumiyyətlə, Almaniya kanslerinin şəxsi həyatı barədə məlumat çox azdır. Ancaq kiçik etirafları və jurnalistlərin araşdırıb çıxardığı faktlar Merkelin sadə həyat sürdüyünü göstərir. Xanım kansler hökumətə rəhbərlik etməzdən əvvəl aldıqları mənzildə yaşayır. Merkel vaxt imkan verdikdə ərzaq bazarlığını edib yemək hazırlamağı sevir. Pula laqeydliyi ilə seçilən Merkeli ələ almaq mümkünsüz görünür. Eyni zamanda o korrupsionerlərə nifrəti ilə seçilir. Merkelin bioqrafı mətbuata açıqlamasında insanların onun səmimiyyətinə şübhə etmədiyini deyir: “Insanlar inanır ki, Merkel hakimiyyət xatirinə hakimiyyətə sahib olmur. O tamamilə pafossuz ölkəyə xidmət etmək istədiyini deyir və bu sözlərində tam səmimidir”.

Istənilən situasiyadan qalib kimi çıxmaq bacarığı

Merkel çoxmənalı ifadələri ilə də məşhurdur. 2005-ci ildə sosial-demokrat Herhard Şröderlə teledebatlarında üstün olmasının da səbəbi məhz bu bacarığı oldu. Doğrudur, sonradan Merkelin debatlar zamanı ABŞ prezidenti Ronald Reyqana istinad etmədən onun çıxışlarından sitat gətirdiyi məlum olub. Lakin seçiciləri bu səhvi ona bağışlayır.

Özünü “ümumAlmaniya” kansleri adlandıran Merkel hər kəsə, ilk növbədə isə Şərqdən gələn mühacirlərə inamsız yanaşması ilə tanınır. 2003-cü ildə ABŞ-ın Iraqa təcavüzünü dəstəkləyən Merkel Türkiyənin AI-yə üzvlüyünə qarşı çıxır və Irana qarşı sanksiyaları təklif edirdi. Bu səbəbdən də ona münasibət heç vaxt birmənalı olmayıb. Ancaq Angela Merkel hər zaman istənilən situasiyadan qalib kimi çıxmaq bacarığını ortaya qoya bilib. Yaxın ətrafında olanlardan biri onu Marqaret Tetçerlə müqayisə edərkən Merkel “dəmir ledi” ilə arasında əhəmiyyətli bir fərqin olduğunu deyib: “O kimyaçı idi, mən isə fizik”. Onların arasında həqiqətən də əhəmiyyətli fərq var. Ancaq Dəmir Ledi həqiqətən də dəmir kimi, Angela Merkel isə günahsız quzu kmi görsənsə də, bəzən təhlükəli və amansız canavara çevrilə bilir. 

“Avropanın imperatriçası”

“The Washington Post” Angela Merkelin siyasətə yeni qoşulanlar üçün pis nümunə kimi görsəndiyini yazır. Çünki o, mətbuatla soyuq davranır, xarizmatik deyil, özünə fikir vermir, zövqsüz geyinir. Hətta qətiyyətsiz görünür, “seçki kampaniyası və şəxsi həyatı isə darıxdırıcıdır”. Bununla belə o, üçüncü dəfə kansler, bununla bərabər, demək olar, bütün Avropanın lideri seçilir. “Onu Avropanın imperatriçası adlandırmaq daha düzgün olardı. Çünki idarə etmir, hökmranlıq edir”, – deyə “The Washington Post” iddia edir. Merkel göstəriş vermir, tələb irəli sürmür. Sadəcə müəyyən parametrlər müəyyən edir və digərləri bu seçimə riayət etməli olur. Qəzetin iddiasına görə, məhz Merkelin sayəsində Almaniya Avropanın aparıcı qüvvəsinə çevrilib. 

Təhlükəsizliyin təminatçısı

Almaniyanın son illərdəki uğurları haqlı olaraq 35 mlrd büdcə kəsiri şəraitində hakimiyyətə gələn Angela Merkelin adına yazılıb: Avropada işçizliyin ən aşağı səviyyəsi, iqtisadi artım və cüzi dövlət borcu. Bütün bunlara itkisiz nail olmaq mümkün olub. Seçicilərə lazım olan da məhz budur. Onlar daimilik, sabitlik və təhlükəsizlik istəyir. Bütün bunların təminatçısı isə Angela Merkeldir. Baxmayaraq ki, hakimiyyətə gələndə onun heç konkret proqrammı da olmayıb.

“Triumfator”

Merkelin seçkilərdə son qələbəsi sadəcə uğur deyil, bu, triumfdur. Bu onun rəhbərlik etdiyi blokdan çox özünün nailiyyətidir. Merkelin populyarlığı Almaniya tarixində unikal səviyyədədir. Son qələbə onu Konrad Adenaurla bir sıraya qoyur. 1957-ci il Adenaur hakimiyyəti üçün kulminasiya idi. 2013-cü il Merkel hakimiyyəti üçün kulminasiya oldu. Bu seçkilərin nəticəsi hadisələrin gələcək inkişafından asılı olmayaraq Angela Merkelin idarəetmə dövrünü bütöv bir eraya çevirdi: merkelizm erasına.  

Üçüncü qələbə

Son illərdə heç bir siyasi lider Angela Merkelin göstərdiyi nəticəni göstərə bilməyib. Hərəyə üç dəfə hökumətə başçılıq edən Toni Bler və Marqaret Tetçer də bu nəticəni göstərə bilməyib. Onlardan fərqli olaraq üçüncü seçkilərdə Merkelə səs verənlərin sayı 3,5 mln nəfər artıb. Bu da əvvəlki seçkilərdəki göstəricidən 8 faiz çoxdur. Merkelin üçüncü qələbəsi onun üçün sonuncu olacaqmı? Kanslerin şəxsi reytinqi olduqca yüksəkdir. Seçkidən əvvəl son sorğuda rəğbət bəslədikləri partiyadan asılı olmayaraq seçicilərin 52 faizi kansler postunda məhz Merkeli görmək istədiklərini deyib. Almaniyada bəziləri onun almanların Merkelə uşaq anasına yanaşmadığı kimi yanaşdıqlarını deyirlər. Çünki arada danlaya da bilir, ancaq ona etibar etmək və arxalanmaq olar. Merkellə işləyən siyasətçilər onun emosional olmadığını, hər zaman təmkini qoruyub saxlaya bildiyini deyirlər. Səmimi olması ilə yanaşı mövqelərini qorumaqda kifayət qədər sərtlik də göstərməyi bacarır.  

Angela Merkel müasir dövrün nadir liderlərindən biridir ki, onun qələbəsində xarici siyasət heç bir rol oynamadı. 

Bununla belə Merkel ABŞ-ın siyasi kursunun tərəfdarı kimi seçilir. Dəfələrlə Herhard Şröderi Vladimir Putinlə “hədsiz dostluğa” görə tənqid edib və Rusiyaya münasibətdə daha sərt mövqe tutacağını vəd edib. Lakin kansler seçiləndən sonra Almaniya-Rusiya münasibətlərində kəskin dəyişiklik müşahidə olunmadı.

Fizzə