Hakimiyyətdə Fərhad Əliyevlə bağlı ikitirəlik

Ramiz Mehdiyev eks-nazirin əfv edilməsini, Kəmaləddin Heydərov isə həbsdə saxlanılmasını istəyir 

 

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin əfv olunması ilə bağlı hakimiyyətdə fikir ayrılıqları var. Iqtidardaxili mənbələrdən sızan məlumatlara görə, Fərhad və Rafiq Əliyevlərin əfv olunması ideyası Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev və komandası tərəfindən ortaya atılıb. PA rəhbərilə Fərhad Əliyevin münasibətləri o qədər də pis olmayıb.

Hətta sabiq nazir həbs edilməmişdən bir neçə gün əvvəl “Hyat Regensy” otelində keçirdiyi tədbirdə şəxsən Ramiz Mehdiyev də iştirak edib. Lakin Fərhad və Rafiq Əliyevlərin azadlığa buraxılması ideyasının ortaya atılması Ramiz Mehdiyevin eks-nazirlə münasibətlərinin hansı səviyyədə olmasından irəli gəlmir. Məlumatlarda deyilir ki, bu ideyanın kökündə Fərhad Əliyevin əzəli rəqibi, onun həbs edilməsində mühüm rol oynayan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sıxışdırılması dayanır. Yəni, Ramiz Mehdiyevin niyyəti Paşayevlərlə müttəfiqlik sazişi bağlamış və seçkinin keçirilməsində rol almış “fövqəlnazir”i Fərhad Əliyev kartı ilə “vurmaqdır”.

Eks-nazir Kəmaləddin Heydərovla bağlı kifayət qədər məlumatlıdır və onun həbsində bu adamın ciddi rolu olduğunu bilir. Fərhad Əliyevin “fövqəlnazir”dən bu qisası alacağı gözləniləndir. Ən pis halda eks-nazirin qardaşı Rafiq Əliyev Kəmaləddin Heydərovun “vurulması” üçün əlindən gələni edəcək. Onun xarakterinə bələd olanların sözlərinə görə, Rafiq Əliyev susmayacaq. Hansı formadasa Kəmaləddin Heydərov barədə bildiklərini ictimailəşdirəcək. 

Elə bu səbəbdən Ramiz Mehdiyevin ideyasına qarşı çıxan şəxslərin başında “fövqəlnazir” dayanır. Kəmalədddin Heydərov ciddi-cəhdlə çalışır ki, Əliyev qardaşlarının adları əfv siyahısına salınmasın.

Azad